DÜNYA BALACA KƏNDDIR...

 

 

Bütün insanların üzünü gəzib,
Düşürəm anamın dizinə yenə...
Deyirəm:"Bağışla,sən haqlı idin",
Gəlmişəm,kor-peşman sözünə yenə...

Böcəyəm,qurumlu tora düşmüşəm,
Şərab tiyanına qora düşmüşəm,
Bilmirəm,gözündən hara düşmüşəm,
Yer ver , yuxu olum gözünə yenə...

Əlimin duzunu gölə satmışam,
Sözümün düzünü yelə satmışam,
Yolumun izini çölə satmışam,
İzn ver yol alım,izinə yenə....

İnsan ləpirləri çox olsun deyə,
Təbiət evinə ləpir gələn var...
Dünya boş olanda,gözəl görünmür,
Yeriyə-yüyürə,qəbir gələn var...

Gündüzlər günəşdən şən gülüşənlər,
Gecələr ay kimi çənə  boğulur...
Bələkdən taleyi düyün düşənlər,
Atalı-analı yetim doğulur...

Ürək süfrə deyil,nemət düzəsən...
Hər cana yanandan rəhm gəzəsən...
Yazıda nə varsa, çəkib dözəsən,
Təqvimə hər saat,səbr gələn var...

Yox taqətim artıq, daha bəsdir,dayan,eşqim!
Əzrayil olub,ruhu bədəndən soyan eşqim...

Sən vəhşi külək, fırtınalı,ilğıma bənzər,
Min məkr edərək ,qəlbimi viran qoyan eşqim...

Gəh,qısqanaraq hökmünə ram eyləmiş oldun,
Gəh,qeyzini göz yaşıma xatir yuyan eşqim...

Sənsiz də həyat yox mənə bax,sənlə də müşgül...
Gəl,bəd yuxulardan oyan eşqim!...Oyan eşqim!

Al Fatimənin canını,ya xoş bir həyat ver,
İnsafına qalmış,bu təmənna duyan eşqim....


Sadədən sadə...

İnsan,insana dərman...
İnsan insana dərddir...
Artıq olanda zəhər,
Az-az olanda qənddir...
Uyub  köhnə tasına*,
Şənliyinə,yasına,
Oyna" zər "havasına,
Həyatın özü nərddir...
Tüstü  bacadan uca,
Cavan qocadan uca,
Alçaq ucadan uca,
Tapmaca  dolu fənddir...
Ağlayanda kirimək,
Qəmi-dərdi kürümək,
Asan deyil yerimək...
Hər tərəf bərə-bənddir...
Arayıb yetiyini,
Sayıq tut tətiyini...
Taparsan itiyini,
Dünya balaca kənddir...

F.ƏliHüseyn...

0.43164205551147