Zərdab şəhərinin bir qrup sakini saytımıza müraciət edib.
Müraciətdə sakinlər şəhərdə yerləşən 3 saylı orta məktəbin hektarlarla ərazisində kolluq yarandığını və bu kolluq ərazidən çıxan vəhşi heyvanların evlərinə hücum çəkdiyini bildirirlər.
“Bizim yaşayış yerimiz Zərdab şəhəri 3 saylı orta məktəblə qonşudur. Məktəbin hektarlarla ərazisini kolluq basıb. Ərazi sahibsiz itlərin, tülkülərin, çaqqalların məskəninə çevrilib. Ərazi bizə aid olmadığı üçün orada təmizlik işləri apara bilmirik. Əslində orada təmizlik işləri görmək də bizim imkanımız xaricindədir. Bu ilin avqust ayında ərazinin bəzi hissələrində yanğın hadisəsi baş verdi. Yanğınsöndürənlər vaxtında müdaxilə etməsəydi yanğın bizim evlərimizə də keçə bilərdi.
Məktəblə qonşu olan 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan sakinlər sahibsiz itlərin, tülkülərin , çaqqalların evlərinə girməməsi üçün, pəncərələrini belə aça bilmirlər. Vəhşi heyvanlara görə, səhərə kimi işıqlarımızı yandırmaq məcburiyyətində qalırıq. Qeyd edək ki, kolluq basmış bu ərazi rayon icra hakimiyyətinin inzibati binasından cəmi 500 metr kənarda yerləşir.
Bu açınacaqlı durumu əlaqədar dövlət orqanlarına çatdırmaq üçün saytınızda dərc etmənizi xahiş edirik” – sakinlərin müraciətində belə deyilir. (Avropa.info)