Fazil Məmmədovu ittihamlara cavab vermək üçün Bakıya çağırıblar?

 

İşdən çıxarılandan 11 ay sonra sabiq vergilər nazirinin Gəncədəki xəstəxanasında yoxlamalar başlaması təsadüfi deyil və bu, digər obyektlərdə də təftişlər olacağının siqnalıdır; 7 aydır müalicə olunan F.Məmmədovu Bakıda nə gözləyə bilər?

1 ay sonra - dekabrın 5-də sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasının bir ili tamam olur. F.Məmmədov işini itirən digər keçmiş nazir həmkarları kimi jurnalistlərdən uzaq qaçır. Amma o, məsələn, Səlim Müslümov və ya Heydər Əsədovdan fərqli olaraq ortaya çıxmır, üstəlik, bir neçə aydır ki, Azərbaycandan da uzaqdadır.

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov işdən çıxarılan nazirlərdən ən gənci olsa da (1964-cü il), vəzifəsini itirən kimi “ətraf mühitlə də bağlantılarını kəsərək” nədənsə, barəsində yalnız “ağır xəstə” xəbərlərinin tirajlanmasında maraqlı oldu. F.Məmmədov ondan sonra hakimiyyətdəki irili-xırdalı məmurların, eləcə də yaxın qohumlarının işdən çıxarılmasına da reaksiya vermədi.

Son yeddi ayda isə sabiq nazir haqda yalnız xəstəxana palatalarında olduğu haqda məlumatlar var. F.Məmmədovun xəstələnməsi barədə ilk xəbər işdən çıxarılandan 5 ay sonra - bu ilin aprelində yayılmışdı. F.Məmmədovun ürəyinin tutması onun barəsində mediada ciddi ittihamların ortaya çıxdığı dövrlərə təsadüf edirdi. İttihamlar da həqiqətən ürək ağrıdan idi. Məsələn, elə yeni vergilər naziri Mikayıl Cabbarovun dediklərini xatırlamaq yerinə düşər. Nazir F.Məmədovun dövründə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq vəsaitlərin alındığını, həmin pulların şəxsi ciblərə axdığını bildirmişdi. Sabiq nazirin ürəyini gücə sala biləcək daha bir iddia vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə idi.

Fazil Məmmədov ile ilgili görsel sonucu

Beləliklə, sabiq nazirin infarkt diaqnozu ilə özünə məxsus Gəncə Beynəlxalq Hospitalına yerləşdirildiyi xəbərindən bir müddət sonra müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verildiyi açıqlandı. İyun ayında F.Məmmədov Türkiyədə “American Hastanesi”nə yerləşdirildi. Avqust ayında sabiq nazirin Türkiyədə “Çırağan Palace”da istirahət etməsi xəbərinin ardınca sabiq nazirin səhhətinin kəskin ağırlaşdığı və reanimasiyaya yerləşdirildiyi bildirildi. Son olaraq oktyabrın əvvəlində F.Məmmədovla bağlı yayılmış məlumatda isə bildirilirdi ki, onun səhhəti tam olaraq, normallaşmadığından Azərbaycana qayıda bilmir. “Belə ki, eks-nazir uzun müddət müalicə almasına baxmayaraq, tez-tez hərarəti qalxır. Həkimlər isə onun daha bir kurs müalicə almasını tövsiyə edirlər” deyə, xəbərlərdə bildirilirdi.

F.Məmmədovun müalicəsinin niyə uzanması barədə bu günlərdə sensasion bir iddia yayılmışdı. Azpolitika.az saytı məlumatlı mənbəyə istinadən yazırdı ki, sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır. F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədovun vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün “xəstəliyi sağalmır”.

Gəncə Beynəlxalq Hospitalı ile ilgili görsel sonucu

Sitat: “Düzdür, hələ nazir olduğu dövrdə də həddən artıq spirtli içkilər qəbul etdiyi, xroniki alkoqolizmdən əziyyət çəkdiyinə dair söyləntilər vardı. Ancaq bunun Fazil Məmmədovun səhhətində ciddi problemlər yaratdığına inanmıram. Çünki o, vaxtaşırı müayinədən keçən, səhhətini qoruyan biri olub. Spirtli içkilər səhhətində hər hansı bir ciddi problemlərə səbəb olsaydı, vaxtında qarşısı alınardı. Sadəcə, ictimaiyyəti inandırmaq üçün haqqında yayılan məlumatlardan məharətlə istifadə ediblər. Bəlkə də həkim dostları bunu məsləhət görüb. Hamı spirtli içkilərə meylli olduğunu bildiyi üçün onun belə bir xəstəliyə (mədəaltı vəzin iltihabı olan pankreatit xəstəliyi əsasən spirtli içkilərdən yaranır - red.) tutulmasına müəyyən dairələri və ictimaiyyəti inandırmaq çətin olmadı. Ancaq yadınıza salım ki, əvvəlcə onun infarkt keçirdiyi xəbəri yayılmışdı. Məhz infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Ancaq sonra bir gecədə diaqnozu dəyişib, Türkiyəyə apardılar. Bəlkə də gördülər ki, infarkt adı ilə uzun müddət xəstəxanada qala bilməyəcək və ya xaricə apara bilməyəcəklər, ona görə diaqnozu dəyişdilər”. Mənbə onu da əlavə etmişdi ki, F.Məmmədov “Bakıda özü ilə bağlı ”suların durulmasını", hamının yadından çıxmasını gözləyir".

Noyabrın 4-də isə bu iddiaları təsdiqləyəcək daha bir məlumat yayılıb. Bildirilir ki, sabiq nazirin obyektlərində yoxlamalar başlayıb. “Bir vaxtlar sahibkarlara göz verib, işıq verməyən eks-vergilər naziri Fazil Məmmədov özü yoxlamalara məruz qalıb. Sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır. Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib” deyə, modern.az-ın xəbərində bildirilir.

Qeyd edək ki, uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş F.Məmmədovun böyük biznes imperiyası var. Yəni yoxlamalar onun hələ əyalətdəki “xırda” hesab olunan obyektlərindən başlayıb. Belə güman etmək olar ki, F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi sayılmır və bu, təkcə Gəncədəki deyil, digər obyektlərdə də təftişlər başlayacağının (əgər başlamayıbsa) siqnalıdır. Belə olacağı təqdirdə isə F.Məmmədov müalicəsini ya Bakıda davam etdirə və ya suallara cavab vermək üçün zorla gətirilə bilər./musavat.com/

0.15462684631348