Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirilynin
"tam şəffaf" siyahılarının qaranlıqları

 

Sahil Babayevin oxuması məsləhət deyil, çünki Səlim Müslümov sevinə bilər...

 

Qarabağ müharibəsi əlili bu qaranlıqların labirintindən çıxa biləcəkmi?

 

Bəzən gündəmi elə məsələlər zəbt edir ki, ona münasibət bildirmək zərurəti meydana gəlir. Bu gün dünya mediasında ən çox muzakirə, mübahisə və təhlillərlə müşahidə olunan mövzu Səudiyyə Ərəbistanında doğulan,Türk əsilli, Amerika vətəndaşı olan, "NYU-YORK TAYMS"qəzetinin əməkdaşı Camal Kaşıqçının Səudiyyə Ərəbistanın İstanbulda kı konsulluğunda   qətlə yetirilməsi faktıdır.

Bu məlumatları oxuduqca ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin jurnalistlərin fəaliyyəti barədə dediyi fikirlər yadıma düşdü. Ulu öndərimiz jurnalistlərin fəaliyyətini qiymətləndirdiyi zaman jurnalistikanın maraqlı, şərəfli və eyni zamanda çox təhlükəli bir peşə olduğunu demişdi. Son olayları təhlil etdikcə, mərhum Prezidentimiz Heydər Əliyevin uzaqgörənliklə dilə gətirdiyi bu fikirlərin nə dərəcədə doğru olduğunun şahidi olursan. Son olaylar da bir daha sübut etdi ki, jurnalistika həqiqətən də çox təhlükəli bir peşəyə çevrilib. Bu da ilk növbədə tənqidə dözümsüzlükdən irəli gəlir. Müdrik insanlar onları tənqid edən, nöqsanları göstərən insanları mükafatlandırır. Axmaqlar isə "O itin başını mənə gətirin” deyir.

Bu baxımdan C.Kaşıqçının qətli də sıradan bir hadisə deyil. Planlaşdırılmış şəkildə həyata keçirilən bir qətldir. Artıq bu qətlin sifarişçilərinin kimliyi də ortadadır.

 

Jurnalistlərə təhlükəni şou-biznes təmsilçiləri, biznes qurumlarının rəhbərləri, hətta idmançılar belə yaradıblar

 

Jurnalist peşəsini təhlükəli edən əsas amillərdən biri yüksək vəzifə tutun şəxslərin qeyri-qanuni əməllərinin jurnalistlər tərəfindən araşdırılaraq ictimailəşdirilməsidir. Bu məsələlərdə həmin şəxsin bilavasitə iştirakı hansı  dərəcədədirsə, jurnalistlərə qarşı təzyiq və təhdidlər də bir o qədər güclü olur, hətta həyati təhlükə daşıyır. Son olaylar da onu göstərdi ki, C.Kaşıqçının jurnalist kimi fəaliyyəti Səudiyyə Ərəbistanında bəzilərini elə qıcıqlandırıb ki, son nəticə olaraq onun qətlinə fərman verilib,"O, itin başını mənə gətirin!".

Bu kimi olaylar dünyanın hər yerində baş verir və heç şübhəsiz ki, ölkəmiz də istisna deyil. Sadəcə olaraq, mən bu gün məsələyə başqa bir yöndən yanaşmaq istəyirəm. Yuxarıda qeyd etdim ki, jurnalist peşəsinə təhlükə yaradan əsas səbəb, onun ictimaiyyətə təsir imkanlarından yararlanaraq ciddi tənqidi yazıların gündəmə gətirməsidir. Burada söhbət, ancaq vəzifədə olan və müxtəlif formada rüşvət və korrupsiyaya qurşanmış məmurlardan getmir. Biz bir çox misallar göstərə bilirik ki, jurnalistlərə təhlükəni şou-biznes təmsilçiləri, müğənnilər, sahibkarlar, biznes qurumlarının rəhbərləri, hətta idmançılar belə yaradıblar. Ancaq dövlət qulluğunda olub talançılıq, korrupsiya, inhisarçılıq, rüşvətxorluq kimi çirkablarda bulunan məmurların yaratdıqları, yaxud törətdikləri təhlükə daha qabarıq şəkildə özünü göstərir, cəmiyyətdə ikrah və nifrət yaradır. Məsələn, bir məmurun qanunazidd əməllərini ifşa edirsən, həmin məmur özünün çirkin əməllərindən çəkinmək əvəzinə, jurnalisti hədəf seçir və bütün imkanlarından istifadə edərək onu zərərsizləşdirməyə çalışır. Hədə-qorxu, şantaj, təhdid və təzyiqlə jurnalisti ram edə bilmədikdə, onun olümünə "fərman" verir. Bu da onu deməyə əsas verir ki, jurnalistlər bir çox hallarda heç bir müdafiəsiz fəaliyyət göstərirlər. O jurnalistlər ki, məmurların, işbazların və digər qanunazidd əməl sahiblərinin təkliflərini qəbul edir, onların əməllərinə göz yumur, yaxud da həmin şəxslərin qanunsuz yolla əldə etdikləri gəlirdən pay alır, onun üçün təhlükə bir müddət sovuşmuş olur.

 

Prezident İlham Əliyevin jurnalistlərin sosial problemlərinin həlli istqamətində atdığı addımlar dünyada analoqu olmayan humanizm nümunəsidir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişindən bir müddət sonra ölkəmizdə bu cür halların aradan qaldırılması istiqamətində çox böyük işlər görüldü. Prezidentimiz dəfələrlə "Jurnalistlərin dostu" nominasiyasının qalibi oldu. Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə yaradılan Mətbuat Şurasının fəaliyyətinin genişlədirməsi üçün imkanlar yaradıldı. Jurnalistlərin fəaliyyətinin tənzimlənməsi, onların maddi-texniki bazasının günün tələblərinə uyğun şəkildə qurulması üçün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Jurnalistlərin sosial-məişət problemləri də Prezident İlham Əliyevin diqqətindən kənarda qalmadı. Bu problemlərin həlli üçün vəsait ayrıldı və artıq jurnalistlər üçün 2 yaşayış binası tikilərək istifadəyə verilib, 3-cü binanın tikintisi davam edir.

Bir zamanlar geniş miqyas alan jurnalistlərin məmurlar tərəfindən məhkəməyə çəkilməsi halları da demək olar ki, aradan qaldırılıb. 

Sadaladığım bütün işlər dövlətimizin başçısının Azərbaycan mediasına, ələlxüsus da jurnalistərin fəaliyyətinə diqqət və qayğısının təzahürüdür. Prezident İlham Əliyevin jurnalistlərin sosial problemlərinin həlli istiqamətində atdığı addımlar, xüsusilə də, öz gücləri hesabına ev almaq imkanı olmayan jurnalistlərin dövlət hesabına mənzillə təmin olunması, dünyada analoqu olmayan bir humanizm nümunəsidir.

Onu da diqqətinizə çatdırım ki, Prezident İham Əliyevin jurnalistləri özünün köməkçiləri hesab etməsi də, jurnalistika peşəsinə verilən yüksək qiymətdir. Dövlətimizin başçısı bunu açıq şəkildə bəyan edərək, həm də bir növ yolunu azan məmurlara mesaj veridi ki, mənim jurnalistlər qismində hər yerdə köməkçilərim var və mənim görə bilmədiyim nöşqsanları onlar mənə çatdırırlar.

Lakin çox təəssüflər olsun ki, dövlətimizin başçısının bu çağırışından sonra da jurnalistlərə "düşmən" gözü ilə baxan məmurlarımızın sayı azalmır. Bu düşmənçilik ölüm, qətl hallarına qədər gəlib çatmasa da, cəmiyyətimizin inkişafı baxımından, dövlətimizin imicinə ciddi zərbə vurur.

 

Jurnalist, sadəcə bir yazar, qələm əhli deyil, həm də ictimai fiqurdur

 

Bu gün məni daha çox düşündürən bilirsinizmi nədir? Prezidentin yüksək etimad göstərərək vəzifəyə təyin etdiyi məmurun az bir zamanda harınlayaraq yolunu azması, vətəndaşlara yuxarıdan aşağı baxması, varlanmaq, daha çox sərvət əldə etmək naminə bütün insani keyfiyyətlərini itirməsi. Bir sözlə, dövlət başçısının etimadını doğrultmaq əvəzinə, cinayət yoluna düşərək Prezident siyasi kursuna zidd getməsidir . Bu insanlar, nədənsə dərk etmək istəmirlər ki, bu gün ona etimad göstərən şəxs, sabah bu yanlışlığına görə onu mütləq cəzanlandıracaq.

Bu gün ölkəmizdə sosial-siyasi sabitlik hökm sürür. Jurnalistlər də heç bir təhlükə hiss etmədən öz fəaliyyətlərini davam etdirə bilirlər. Bununla belə, jurnalistləri narahat edən bir məsələ hələ də gündəmdən düşməyib. Bu da istər jurnalistlərin, istərsə də sadə vətəndaşların müraciətlərinə məmurların biganəliyi və laqeyd münasibətidir.

Jurnalist sadəcə bir yazar, qələm sahibi deyil, həm də ictimai fiqurdur. Bu səbəbdən də, məmur biganəliyi, özbaşınalığı, laqeydliyi ilə üzləşən adi vətəndaşlar da, bilavasitə mətbuat orqanlarına, jurnalistlərə müraciət edirlər. 

Müraciət edən şəxsin ictimai statusu, heç şübhəsiz ki, burada çox mühüm amillərdən biridir.

Jurnalistə müraciət edən şəxsin məcburi köçkün, qaçqın, şəhid ailəsinin üzvü,

yaxud da sağlamlığını Vətənin müdafiəsində itirmiş Qarabağ müharibəsi əlili olması daha ağrılı olur. Şəxsən mən bu insanların müraciətlərinə biganə yanaşanları heç cür anlaya bilmirəm.

Dövlətimizin başçısı İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu insanların qayğılarının azaldılması üçün gecə-gündüz çalışdığı halda, hansısa bir məmurun biganəliyini heç cür anlamaq mümkün deyil.

 

DSMF-nin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı olmadan heç bir məlumat vermək səlahiyyətləri yoxdur?

Bu gün diqqətinizə belə biganəliklə üzləşən Qarabağ müharibəsi əlili Niftəliyev Fariz Əli oğlunun redaksiyamıza ünvanladığı müraciəti təqdim edirəm.

1973-cü ildə anadan olan şikayətçi qeyd edir ki, Bakı şəhəri, Binəqədir, rayonu, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, ev-7, mənzil 38-də 9 nəfər ailə üzvü ilə qeydiyyatdadır. 1992-ci ilin aprel ayının 30-da Müstəqil Azərbaycan Ordusunun ilk əsgərlərindən biri kimi, həqiqi hərbi xadmətə çağrılıb. Şuşa, Laçın, Tərtər, Ağdərə, Goranboy, Ağdam istiqamətlərində gedən şiddətli və ağır döyüşlərdə iştirak edib, dəfələrlə ağır yaralansa belə, müalicə alaraq yenidən cəbhəyə qayıdıb. 1994-cü ilin sonlarında aldığı yaralar nəticəsində Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının rəyi ilə ömürlük əlil statusu alıb.

Şikayətçi qeyd edir ki, 2000-ci ildə Binəqədi rayonunda güzəştli şərtlərlə ev növbəsində durub, lakin sonradan məlum olub ki, sənədlər yoxa çıxıb(?!) və 2006-cı ildə yenidən ev növbəsinə götürülüb. Lakin 2006-cı ildən bu günə kimi bütün aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, nə bir rəsmi cavab ala bilib. nə də ev. Şikayətçi bildirir ki, Azərbaycan Respublikası Prezidenti sənab İlham Əliyevin 2010-cu ilə kimi güzəştli şərtlərlə ev növbəsində olan müharibə əlillərinin 2018-ci ilin sonuna kimi evlə təmin olunması haqqında sərəncamı var. Artıq il sona yaxınlaşsa da, ona nə ev verilib, nə də ev növbəsinin vəziyyəti barədə heç bir məlumat ala bilmir.

Biz bir mətbu orqanı olaraq məsələyə aydınlıq gətirmək üçün şikayətçinin növbədə olduğu Binəqədi rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Məlum oldu ki, rayon icra hakimiyyətləri ancaq sənədləri toplayaraq bu kateqoriyadan olan insanları qeydiyyata alırlar. Evlərin verilməsi səlahiyyətləri isə Dövlət Sosial Müdafiə Fonduna məxsusdur. DSMF-dən müraciətimizə cavab olaraq bildirildi ki, onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy:nin razılığı olmadan heç bir məlumat vermək səlahiyyətləri yoxdur.

 

 2017-2018-ci illərdə Binəqədi rayonunda Qarabağ müharibəsi əlillərinə mənzil verilməyib?!

 

Biz də eləmədik tənbəllik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri bizə məsləhət gördü ki, nazirliyin saytına daxil olun, orada əlillərin növbə siyahıları tam şəffaflıqla öz əksini tapıb. Biz də Fazil müəllimin məsləhətinə əməl edərək nazirliyin saytına girdik və həmin "tam şəffaf" siyahı ilə tanış olduq. Məlum oldu ki, bu siyahı 2014-cü ildə tərtib olunub və o gündən də oradd heç bir dəyişiklik olmayıb. Biz yenidən Fazil müəllimə müraciət etdik ki, bu siyahı bizam istədiyimiz faktları özündə əks etdirmir. Bu dəfə Fazil müəllim bizə bildirdi ki, həmin şəxs barədə məlumatları mənə göndərin, araşdırıb, sizə məlumat verərəm.

Çox marqlıdır ki, elə o andaca Fazil müəllimə göndərilən məlumata o, bir həftə sonra belə nəzər yetirməmişdi və biz ona zəng edib xatırlatdıqda, müraciətin rəsmi şəkildə nazirliyə göndərilməsini tələb etdi. 

Mən başa düşmədim ki, bir əlilin ev növbəsi yəni belə strateji bir işdir ki, rəsmi müraciət olunmasa cavablandırıla bilməz? Belədirsə, nazirliyin saytına yerləşdirilən "tam şəffaf" siyahılar nədir?

Bu, sadəcə olaraq biganəliyin və süründürməçiliyin bir təzahürüdür. Görün, Prezidentin köməkçiləri olan jurnalistlərə bu münasibəti sərgiləyən məmur, sadə vətəndaşları necə qəbul edir. Nəzərə alsaq ki, müraciət edən şəxs həm də Qarabağ müharibəsi əlilidir, burada məmurların məsuliyyəti iki qat artıq olmalıdır. Şikayətçi qeyd edir ki, onun müraciət etdiyi qurumlarda gənc oğlanlar oturublar və ancaq onu deyirlər ki, evlər müvafiq siyahı ilə verilir, növbəniz çatanda sizə məlumat veriləcək.

Bizim nazirliyin saytında apardığımız araşdırmalarla belə bir faktı öyrəndik ki,

şikayətçi, Qarabağ müharibəsi əlili Niftəliyev Fariz Əli oğlu 2014-cü ildə sayta yerləşdirilən siyahıda 86-cı yerdədir. Binəqədi rayonunda Qarabağ əlillərinə 2015-ci ildə 16 mənzil, 2016-ci ildə 10 mənzil verilib. 2017-2018-ci illər barədə isə saytda heç bir məlumat yoxdur. Belə çıxır ki, 2017-2018-ci illərdə Binəqədi rayonunda Qarabağ müharibəsi əlillərinə mənzil verilməyib. Əgər belədirsə, bunu növbədə olan əlillərdən gizlətmək nəyə lazımdır? Yox, verilibsə, onda növbədə olanlara dəqiq məlumat vermək olar ki, siz artıq növbədə neçənci yerdəsiniz. Belə məlumatların olmaması isə bir çox qaranlıq məqamlardan xəbər verir.

Nazirliyin saytındakı "tam şəffaf" siyahının son dörd ildə yenilənməməsi də, bu qaranlıq məqamlardan biridir.

P.S əvəzi: Bu yazı çapa hazırlandığı zaman nəhayət ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovdan sorğumuza cavab aldıq. Ən maraqlısı isə o oldu ki, nazirliyin sözçüsü olan Fazil müəllimin cavabı, şikayətçiyə indiyə qədər verilən cavablardan əsla fərqlənmirdi. Həmin cavabı olduğu kimi diqqətinizə çatdırırıq: "Niftiyev Fariz Əli oğlu ilə bağlı sorğuya savab. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə nazirliyə təqdim olunmuş 11.02. 2014-cü il tarixli 1625/281 saylı məktubda Fariz Əli oğlu Niftiyevin 27.06.2006- cı il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində üçota alınmış Niftiyev Fariz Əli oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.

Göstərilənlərə əsasən F.P.Niftiyevin mənzil -məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaq".

P.P.S. Gördüyünüz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  sözçüsünün cavabı, digər süründürməçilərin cavabından heç nə ilə fərqlənmir.

Necə bilirsiniz, nazirliyin bu cavabı, öz sağlamlığını Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi yolunda qurban verən bir  insanın yarasına məlhəm ola bilərmi?

Mövzunu diqqətdə saxlayır və qaşı tərəfin də münasibət bildirmək hüququnu tanıyırıq.

 

Yusif Seyid

0.14805197715759