Musiqili faciə

 

Hadisələr elə gətirib ki, 29 oktyabr  tarixdə əsl türkün bir gözü ağlayır, bir gözü gülür. Gülən göz qardaş Türkiyədə hər bu tarixdə qeyd edilən Cümhuriyyət bayramıdır.

Türk toplumunun məskunlaşdığı bütün coğrafiyada 7-dən 97-yə hər kəs bu bayramı böyük coşqu ilə qeyd edir. Bir türk olaraq, biz də bu bayramla qürur hissi keçiririk. Bununla belə, ayrılıqda götürdükdə 29 oktyabr bizim üçün həm də kədərli təqvimdir, nisgindir, ağlayan gözümüzdür. Bu tarixdə Azərbaycan xalqı Qarabağın dağlıq hissəsindəki 35 min insanın yaşadığı, 707 min kvadrat km-lik ərazisin, istinad qalasını itirib. Həmin gün yağı  düşmənlə döyüşdə və düşmən əlinə keçməmək üçün özünü Arazın soyuq sularına atan soydaşlarımızdan 131 nəfəri şəhid olub. (Ümumilikdə bu müqəddəs savaşda Zəngilan 244 şəhid verib). İnsanlıq, əxlaq, vətəndaş borcumuzdur,bunu bizdən həm də adət-ənənələrimiz, dini inancımız tələb edir ki, 365 günümüzün bir gününü bu itkini gündəmdə saxlamaqla lazım olan səviyyədə qeyd edək. 1600 il əvvəl uzaq Ərəbistan səhrasında din yolunda şəhid olanlara 60 gün təziyə saxlayan bizlər nədən bircə gün öz şəhidimizi  yad etməyək? Demirik ki, ölkənin əsas təbliğat ruporu sayılan telekanallarda ağlaşma qurub, yas saxlayaq. Əsla, heç buna ehtiyac da yoxdur. Bununla yanaşı, mənəviyyat tələb edir ki, belə günlərdə televiziyalar öz gündəlik proqramlarında dəyişiklik etsin, əyləncəli verilişlər heç olmasa bircə gün yayımlanmasın. Unutmayaq ki, ölkəmiz hələ müharibə şəraitindədir, savaş sona çatmayıb. Televiziya kanallarından hansını açırsan ikrah doğuran musiqi, mənasız böşboğazlıqdan başqa bir şey görmürsən. Bəzən də ifaçı mahnının sözlərinə heç hənanın yeri olmasa da, “Zəngilan” sözü dürtüb onu daha da bayağılaşdırır. Bir az keçir, şou öz yerini hər türlü xəstəlikdən danışıb, praktik əmələ gələndə isə kəmsavadın biri olduğu ortaya çıxan həkimlərə verir. Haradansa bir insan skletini tapıb gətirir və veriliş boyu çubuqla skletin orasını-burasını qurdalayır. Adı da olur həkim məsləhəti. Olmaz ki, həmin gün bayağı verilişlərin əvəzinə torpaq uğrunda vuruşan insanlardan, vətənpərvərlikdən bəhs edən yerli, yaxud xarici filmlər nümayiş etdirilsin? Proqramı düzənləyənlər, verilişi hazırlayanlar o dərəcədə manqurdlaşıblar ki, heç olmasa reklam çarxına ordumuzun keçirdiyi paraddan, yaxud təlimlərdən kadrlar daxil etmirlər. Bilirsiniz bizlər nəyə görə belə nadanlıqlarla qarşılaşırıq? Çünki nə “tolik-moliklər” nə “dicey-biceylər” və ekranı 50 il öncə çəkilmiş hind filmləri ilə doldurub. qonararı cibinə qoyanlar (“zastoy oğlu, zastoy”), nə də 5 gəlinə, 5 tümənlik mükafat vəd edib şəbeh çıxardanlar, Babəkin sözü ilə desək, nə bilir vətən yanğısı, torpaq itkisi nədir, şəhid adı hansı ucalıqda qərar tutur.

 

Mahir Abbaszadə

0.34925007820129