Maliyyə Nazirliyi ifşa etdi, Baş
Prokurorluq hüquqi qiymət verəcəkmi?

 

Yeni sistemin tətbiqindən 26 il keçməsinə baxmayaraq, dövlət vəsaitinin xərclənməsinə yanaşmada əski sovetlərin prinsipləri qalmaqdadır

 Məntiq və qanunla istintaq araşdırmalarının subyekti olan idarə və ya təşkilatın rəhbəri müvəqqəti olaraq vəzifəsində kənarlaşdırılmalıdır ki...

 Qəzetimizin 17 oktyabr 2018-ci il tarixli sayında dərc etdiyimiz "Talanan dövlət vəsaiti və bədxərc varislər" sərlövhəli yazının sonunda Beynəlxalq Bankdakı 5 milyard manatlıq (hər halda ölkə mediasında bu rəqəm göstərilir) və son olaraq da Bakı "Lift-Təmir" İstehsalat Birliyindəki 4 milyonluq mənimsəməni vaxtında aşkar edib, zəruri tədbirlər görməyə borclu dövlət təsisatı kimi Maliyyə Nazirliyinin ünvanına da, bəzi iradlar bildirmişdik. Həqiqətən də konkret bu iki fakt üzrə MN qanunla üzərinə düşən müvafiq nəzarət mexanizmindən istifadə etməyib ki, nəticədə dövlət xeyli ziyana düşüb. Bu baxımdan hesab edirik ki, iradlarımızda haqlıyıq və məlum olduğu kimi, MN-nin ünvanına bu cür iradlar müxtəlif səviyyələrdə, hətta bəzi millət vəkilləri tərəfindən də səsləndirilib. Tənqidlərlə yanaşı, biz, necə deyərlər "Yezid üçün də ağlamağı" (Maliyyə Nazirliyinin gördüyü müsbət işləri qiymətləndirməyi) bacarırıq. Bu xüsusda diqqətimizi çəkən ilk hadisə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bəzi nazirliklərinin tabeliyindəki qurumlarda, rayon, şəhər icra hakimiyyətlətində apardığı və ilin ilk altı ayını əhatə edən yoxlamaların nəticələrinə dair hesabat oldu.

Məlumat üçün bildirək ki, aşağıda tanış olacağınız mənimsəmə, israfetmə kimi qanunsuzluqlar Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına uyğun olaraq 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanmasında, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdirdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 7 şəhər ərazi nümayəndəliyinə, həmçinin 5 təhsil, 5 səhiyyə, 2 elm müəssəsinə, 2 geodeziya və kartoqrafiya müəssəsinə, 1 tibbi-sosial ekspertiza və reablitasiya müəssisəsinə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, habelə, xidmətin regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcələrindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Nəticədə məlum olub ki, təkcə sözügedən dövlət təşkilatlarında nə az, nə çox, düz 3077.9 min manat məbləğində dövlət vəsaiti müxtəlif yol və üsullarla mənimsənilib. Doğrudur, xidmət yoxlayıcılarının elə yerindəcə gördüyü tədbirlərlə bu vəsaitin 1540.3 min manatı cavabdeh şəxslərdən alınaraq, dövlətin büdcəsinə qaytarılıb, amma qalan 1537.600 manat talançıların cibindədir.

 

Mənimsəmənin mexanizmi sovetlər dönəmindəki kimi

 

Xidmətin yaydığı hesabatdan aydın görünür ki, yerli idarəçilik, əsasən də yeni sistemin tətbiqindən 26 il keçməsinə baxmayaraq, dövlət vəsaitinin xərclənməsinə yanaşmada əski sovetlərin prinsipləri qalmaqdadır. Məsələn, hesabatda deyilir ki, yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərin abadlığı, inzibati binaların (xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin inzibati binalarının və digər sosial obyektlərin) habelə, yolların təmiri və tikintisi üçün ayrılan vəsaitlərin təyinata uyğun xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, malların (iş və xidmətlərin) satınalınması zamanı müvafiq qanunvericiliyin tələblərinə zidd olaraq, bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, ehtimal dəyərlərin müəyyən edilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi və onların müvafiq qaydada ekspertizaya təqdim olunmadığı, təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmətlə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatların bəzi hallarda tərtib edilmədiyi, tərtib edildiyi halda isə işlərin (xidmətlərin) dəyərinin əsassız olaraq artırıldığı və dövlət büdcəsindən artıq vəsait alınaraq, səmərəsiz xərcləndiyi (əgər o vəsait sənədlərdə yoxdursa DMNX-in yoxlayıcıları hansı əsasla belə qənaətə gəlir ki, artıq alınan vəsait səmərəsiz xərclənib? Biz hesab edirik o pul, məhz bu qanunsuzluğa imza atan rəhbər şəxslərin cibindədir və çox səmərəli işləri üçün də xərcləyirlər-Ş.S.) müəyyən olunub. Müfəttişlər onu da aşkar ediblər ki, alınan malların (iş və xidmətlərin) dəyəri bank köçürmələri vasitəsi ilə deyil, nağd şəkildə ödənilib, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən məişət tullantılarının daşınması üzrə böyük məbləğdə xidmət haqlarının yığılması təmin edilməyib, uşaq baxçalarında əsassız olaraq artıq qruplar yaradılıb, davamiyyətin isə çox aşağı olduğu, bəzi uşaq baxçaları tam yararsız vəziyyətdə olduğu halda, həmin binalarda uşaq baxçalarının fəaliyyət göstərməsini sənədləşdirərək dövlətdən vəsait alınıb. Əslində, məişət tullantılarının daşınmasına dair DMNX-in gəldiyi nəticə də həqiqət kimi qəbul edilə bilməz. Çünki indi "zibil pulu" MKİS-in vətəndaşdan tələb etdiyi ödənişlər siyahısında ilk yeri tutur. O başqa məsələdir ki, bu ödənişlər rəsmiləşdirilib təşkilatın aylıq, illik gəlirləri barədə hesabata salınmır. Guya vətəndaşların maddi durumu aşağı olduğu üçün MKİS xeyriyyəçilik edir, onlardan zibil pulu tələb etmir. Odur ki, maliyyə müfəttişləri növbəti yoxlamalarında bu nüansı da mütləq nəzərə almalıdırlar. Əks halda, biz suçsuz ölkə vətəndaşları MKİS-in şəxsində icra başçılarının reallaşdırdığı bu korrupsiya çarxının vintcikləri kimi görünə bilərik. Yəni ad bizim, dad onların olar.

 

Köhnədən qalan

hər şey pisdir?

 

Əslində, yeni təyin olunan icrabaşçılarının bir qayda olaraq özündən əvvəlkinin gördüyü bütün işlərin, əsasən də abadlıq işlərinin üstündən xətt çəkərək, təkrar abadlıq işinə girişmələrinin bir pul tələsi olduğunu da, illərdir ki, mətbuat yazır. Axır ki, Maliyyə Nazirliyi də bunca açıq mənimsəmənin davam etməsinə dözə bilməyib. Hesabatda deyilir: "Aparılan yoxlamalarda müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir-tikinti işləri heç bir sənədləşmə aparılmadan, yəni səbəb göstərilmədən sökülür və ya ehtiyac duyulmadığı halda onların üzərindən yenidən təmir işləri aparılır ki, bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına səbəb olur. Araşdırma zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımı səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarının əksər uçotda əks etdirilməsinin təmin olunmadığı, bəzi hallarda isə əsas vasitələrə köhnəlmələrin hesablanmadığı müəyyən edilib".

 

Şəfa ocaqlarından da

"zəhərli tüstü" çıxır

 

Hesabatın bu bölümünə keçməzdən öncə qeyd edim ki, DMNX Səhiyyə Nazirliyinin tabeliyində olan 2 institut və 5 rayon mərkəzi xəstəxanalarında yoxlama aparıb. Eynən icra hakimiyyəti orqanlarında olduğu kimi, səhiyyə sistemində də maliyyə pozuntuları (adı ilə çağırsaq, qanunsuz mənimsəmələr deyilməlidir-Ş.S.) yoxlama obyektləri olmuş bütöv qurumlar üçün xarakterik olduğundan maliyyə müfəttişləri onları ümumi şəkildə formalaşdırıb.

Baxaq, görək, hesabatda bununla bağlı nələr deyilir: "Səhiyyə Nazirliyinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən klinik xəstəxanalarında mövcud olan vakant ştat vahidlərinə görə yaranmış vəsait hesabına mühasibatlıq tərəfindən faktiki olaraq işçilərin iş günlərinin artıq göstərilməsi və əməkhaqlarının əsassız olaraq artırılması nəticəsində artıq hesablanmış vəsaitin, nəzarət obyektində əvvəllər işləmiş və sonradan tutduqları vəzifələrdən azad edilmiş, həmçinin hazırda işləyən işçilərin plastik kartlarına köçürülərək israf edildiyi ( İsraf niyə? Kişilər pul qazanıb də- müəllif) avtomobillərə aylıq yürüş həddindən artıq qət edilmiş məsafəyə görə yanacaq silindiyi, maddi-məsul şəxslərin öhdələrində dərman preparatları, reaktivlər və ərzaq məhsulları üzrə çatışmazlığa yol verildiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən satın alındığı, bəzi hallarda özəl tibb müəsisələrinə eritrosıt kütlənin, təzə dondurulmuş plazmanın, trombosit kütlənin və yuyulmuş eritrosit kütlənin qablaşdırılması üçün istifadə edilən torbanın dəyərinin həmin müəssisələrdən alınmadığı, müalicə olunan xəstələrin "xəstəlik tarixçələrində" həkimlərin müvafiq qeydləri olmadığı halda, dərman preparatlarının üçotdan silindiyi, klinikaların müvafiq kabinet və şöbələri təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədikləri halda, həmin kabinet və şöbələrin işçilərinə zərərli iş şəraiti adı altında vəzifə maaşına üçdə-iki hissəsi qədər əlavə vəsaitin ödənildiyi açkar olub".

Aydınlıq üçün deyim ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlama hesabatında qeyd edilən "təzə dondurulmuş plazmanın trombosit kütlənin və yuyulmuş eritrosit kütlənin qablaşdırılması üçün istifadə edilən torbanın dəyərinin həmin müəssisədən alınmadığı" (böyük ehtimalla həmin pul nağd şəkildə alınıb və sənədləşdirilməyib-müəllif) barədə üzə çıxardığı saxtakarlıq Səhiyyə Nazirliyinin B. Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya institutunda baş verib. Hesabatda deyilir ki, DMNX-nin bununla bağlı tərtib etdiyi sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Yəqin ki, prokurorluq da artıq istintaqa başlayıb. Məntiq və qanunla istintaq araşdırmalarının subyekti olan hər hansı idarə və təşkilatın rəhbəri müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmalıdır ki, istintaqın gedişinə müdaxilə, şahidlərə təzyiq ehtimalı aradan qalxmış olsun. Amma görünən budur ki, sözügedən institutun direktoru hələ də kreslosunda oturub, hökumətə "torba tikmək" əməliyyatını davam etdirir.

Səhiyyə Nazirliyinin mərkəzi rayon (şəhər) klinik xəstəxanalarında isə vəziyyət daha kritikdir, mənimsəmənin miqyası daha böyük, dövlətə kələk gəlməyin yolları daha da rəngarəngdir. Hesabatda oxuyuruq: "...Malsatan təşkilatlara köçürülən xeyli məbləğdə vəsaitlərin müqabilində alınan malların rəsmiləşdirildiyi, lakin araşdırma zamanı həmin malların faktiki olaraq alınmadığı və alınan kimi göstərilən malların saxta sənədlər tərtib etməklə uçotdan silindiyi, bayram günləri münasibəti ilə tədbirlərin keçirilməsi adı altında fiziki şəxslərin hesablarına əsassız olaraq pul köçürüldüyü, müalicə edilən şəxslərə mövcud normalardan artıq, habelə stasionar şöbələrdə müalicə olunan xəstələrin sayının şişirdilməsi hesabına əsassız olaraq ərzaq məhsullarının silindiyi, xəstəxanaların binaları təbii qazla isidildiyi halda, əsassız olaraq həmin dövrdə isitmə üçün xeyli məbləğdə dizel yanacağının da istifadə edilməsinin rəsmişəldirildiyi, qüvvədə olan normalarda nəzərdə tutulduğundan artıq ştat vahidlərinin saxlanıldığı, təcili tibbi yardım maşınlarının yol vərəqələrində müxtəlif yaşayış məntəqələri arasında olan məsafələrin faktiki məsafədən çox göstərilməsi hesabına artıq yanacaq silindiyi, bəzu hallarda fəaliyyətlərini rəsmi olaraq dayandırılan təşkilatların tenderlərdə iştirakının rəsmiləşdirildiyi, müvafiq ixtisas təhsili olmayan şəxslərin işə qəbul edildiyi aşkar edilib".

 

Həmin kordinat,

həmin dalğa

 

Yazının əvvəlində də qeyd etdiyimiz kimi Maliyyə Nazirliyi respublika üzrə hələlik cəmi bir neçə rayon (şəhər) icra hakimiyyətlərində, tibb və təhsil müəssisələrində yoxlama aparıb və maraqlıdır ki, istər icra hakimiyyətlərində, istərsə də tibb və təhsil ocaqlarında mənimsəmələrin mexanizmi oxşardır. "Uzaq sahillərdə" filmində deyildiyi kimi, "həmin kordinat, həmin dalğa". Fərq yalnız mənimsənilən vəsaitin az və ya çox olmasıdır. Bu oxşarlıq onu deməyə əsas verir ki, bu sayaq qanunazidd üsullar həmin idarə və təşkilatların tabe olduğu yuxarı qurumlarda hazırlanır, yaxud eləcə tövsiyyə edilir. Hər şey şifahi göstərişlərlə baş verdiyi üçün sonda boğazı müfəttişlərin ilgəyinə keçən, ordan da bəzi hallarda müttəhimlər kürsüsünə gətirilən aşağı ranqlı məmur (baş həkim, institut direktoru, təhsil, mədəniyyət şöbələrinin rəhbərləri) sübut edə bilmir ki, bu yeyintini öz xoşuna etməyib, yoxa çıxan pulların hamısını təkbaşına mənimsəməyib. Bəlkə də, mənimsənilən dövlət vəsaitindən ən az pay ona düşüb. Amma cavab vermək lazım gələndə, məhz məsul şəxs kimi onun yaxasından yapışırlar. Odur ki, ehtiyatlı olun qardaşlar! Məncə doğru olan budur ki, nə özün artıq yemə, nə də özgələrinə yedirtmə! Ki, haqq-hesab zamanı tək səni qusdursunlar.

Hesabatın Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Mədəniyyət, ƏƏSMN və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə bağlı bölümünü növbəti saylarımızda gündəmə gətirəcəyik.

Son olaraq, yazının əvvəlində də qeyd etdik ki, Maliyyə Nazirliyinin müfəttişləri bir neçə təşkilat üzrə hələ də tapılmayan 1. 537 600 min manat dövlət vəsaitinin aqibətinə hüquqi qiymət verilməsi üçün yoxlama sənədlərini Baş Prokurorluğa göndərib. Ancaq üstündən üç ay keçməsinə baxmayaraq, nədənsə nə yeyintiyə yol verən təşkilatların tabe olduğu nazirliklərdən hansısa işdən kənarlaşdırma əmri var, nə də, prokurorluqdan istintaqın hansı mərhələdə olmasına dair ictimaiyyəti məlumatlandıran xəbər gəlmir. Belə anlaşılır ki, bu olayı, necə deyərlər, "uzkiy kruq"da  "bığ altından keçirməklə" qapatmaq niyyəti var. Yox, buna imkan vermək olmaz! Çünki dövlətimizin iqtisadi və maliyyə dayaqları nə qədər möhkəm olsa da, növbəti "Beynəlxalq Bank böhranı"nın təkrar yaşamaması lazımdır.

 

Şahnaz Salehqızı      

0.1688380241394