Unudulmaz ədəbi nümunələr

 

Şair! Nə incədir rübabın sənin!

Uçurdu ruhumu çaldığın bu saz!

Vətən torpağında bitən gülşənin,

Yarpağı saralıb, çiçəyi solmaz.

                        

"Poeziya" yaradıcı düşüncənin ilkin ədəbi obyektlərini təbiət fəlsəfəsindən götürür. Məhz buna görə də şairlərimiz, filosoflarımız poetik düşüncəni təbii biliyin ilkin xassələrini yaradan qaynaq hesab edirlər. Elmi biliklərin təsnifatında "Poeziya" ayrıca bilik növü kimi tarixə düşüb. Sözümü bu minvalla bir ədəbi nümunənin üstünə gətirmək istəyirəm. Şəxsi kitablarımın arasında sevə-sevə saxladığım bir şeir kitabı da var. Şair Veysəl Çərkəzovun 1986-cı ildə "Yazıçı" nəşriyyatında işıq üzü görmüş "Göylər də sevinir, Günəş doğanda" adlı bu kitab həcmcə çox balaca, əl boyda (62 - səhifə) bir kitabdır. Lakin poetik nümunələriylə çox dəyərli bir xəzinədir.

Şairin hər misrası, hər sətri gözəldir, bədii-cəhətdən çox dərin, poeziyanın estetik tələblərinə hərtərəfli cavab verə bilən söz nümunələrilə doludur. Oxuduqca bir daha oxumaq istəyirsən. Soruşsanız ki, bunun sirri nədədir?.. Cavab verərdim - ilk növbədə sözün söz almağında, bədii fikrin lakonik, tutarlı, anlayışlı, obrazlı təfəkkürün tələblərinə cavab vermək istidarında olmağındadır.

Veysəl Çərkəzovun adı geniş oxucu kütləsinə tanış deyilsə də, onun yazdığı şeirlər imzasını yaşada bilər. Əsas şərt "məhşurluq"da deyil, "sənətkarlıq"dadı. Şairin "Dərələr" şeiri təbiətin bədii lövhəsini canlandıran obrazlı təfəkkürün ən dolğun bədii ifadə vasitəsidir. Həmin şeirdən bir hissəni yada salmaq, yerinə düşər:

Gah qoynuna sükut enər,

dərin sükut.

Gədiklərdə yatıb qalar

Qalaq-qalaq bəyaz bulud.

Gah sel gələr,

Bəndlər yıxar,

Kəndlər alar,

Göy üzündə uçan daşlar

haray salar.

Hər döşdə yüz igid durur

Qaya kimi

Ağ geyinər yaya kimi.

Sürü-sürü

Cüyür, təkə gəzər burda.

Qonaq gələr

Quzey yurddan güney yurda.

Gecə-gündüz

Tütək susmaz,

Ney kəsilməz.

"Qala" rəsmi çəkər bahar,

Yağış pozmaz, boran silməz.

Bu lövhə təbiətdən götürülüb, necə var, eləcə də bədii tərənnüm obyektinə çevrilib. "Göy üzündə uçan daşların haray salmağı, hər döşdə yüz igid kimi duran dumanlı qayaların yaya kimi ağ geyinməsi"nin bədii-obrazlı təsvirinə boş söz yığını demək olarmı, siz deyin?! Bu cür bədii nümunələrin müəllifinin kim olmadığına, cəmiyyətdə şəxsi mövqeyinə görə unutmaq milli ədəbiyyatımız qarşısında yəqin ki, məsuliyyətsizlik hesab edilərdi. Bu yerdə xalq şairimiz Səməd Vurğunun istedadlı sovet şairi, teatrşünas-tənqidçi Adil Babayevin bir şeirini epiqraf seçərək yazdığı misralarını yada salmaq istədim:

Şair! Nə incədir rübabın sənin!

Uçurdu ruhumu çaldığın bu saz!

Vətən torpağında bitən gülşənin,

Yarpağı saralıb, çiçəyi solmaz.

Adil Babayevin dərin istedadla yazılmış ədəbi nümunələri sırasında olan bu şeiri, dövrünün ədəbi mühiti və oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Çinar obrazının bədii tərənnümünə həsr olunmuş orijinal bədii nümunələrdən biri sayılırdı həmin şeir.

Şair həmin şeirdə belə yazırdı:

Daddımsa dünyanın hər nemətini,

Dilbər guşələrdə ötdüsə ömrüm, -

Dünyanın ən böyük səadətini,

Bu boylu çinarın altında gördüm.

İstedadla yazılan bu ədəbi nümunə yaddan çıxmırdı. Müəllifi kim olur-olsun, xalq onu sevir, ədəbi mühiti təmsil edən şəxsiyyətlər də onu təsdiqləyirlər. Və hətta bəziləri yüksək təsir gücünə malik ədəbi nümunələri yeni bir ədəbi nümunəylə tərənnüm edirdilər. Bizim üzərimizə düşən məsuliyyət də elə bilirəm ötüb-keçənlərdən dərs almaq, keçmişi unutmamaq, gələcəyimizi düşünmək tələbidir. Bu cür ədəbi nümunələrdən təsirlənərək, "əqli nəticə" çıxarmaq - tariximizin öyrənmək problemidir.

Keçmiş Sovet dövrünün bir sıra təcrübəli sənətkarları, xüsusilə şair-publisistlərimizdən Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Mirzə İbrahimov və digərləri o, dövrün gənc ədibləriyə  maraqlı görüşlər təşşil etməyi, ədəbiyyata yenicə qədəm qoyan - ədəbi prosesə qoşulmaq istəyən, şairliyə-nasirliyə başlamaq istəyən gənc nəsillə məşğul olmağı sevirdilər. Bunlar barədə  tarixi məlumatları bizə həmin ədiblərin ədəbi irsindən yadigar qalan bədii-elmi publisistik məqalələr, oçerklər, resenziyalar, ədəbi xatirə yazıları, bədii mövzuda yazılan esselər verir. Ötən əsrin maraqlı ədəbi hadisələri 60-cı illərin ədəbi nəsillərilə əlaqədardır. 60-cı illər ədəbi nəsli, sözün əsl mənasında bu dövrdə yeni bir məktəb kimi maraqlı ədəbi hadisə, ədəbi çevriliş mərhələsi oldu. Bu məktəbin yetişib, ərsəyə gəlməsində, bir sıra ədiblərin - xüsusilə Rəsul Rzanın zəhməti təqdirəlayiq hesab edilir.

Bunu təkcə tənqidçilər deyil, həmin nəslin bir sıra nümayəndələri - şair İsa İsmayılzadə xüsusi qeyd edib. Lakin, bir məsələni də unutmamalıyıq ki, o dövrün unudulmaz ədəbi görüşləri həm də Rəsul Rzanın "Sabir poeziya günləri"ni təşkil edərək respublikamızın müxtəlif bölgələrində qeyd etməsi ilə də yaddaşlarda qalıb. "Sabir poeziya "almanaxı"nın bir-birindən maraqlı cildləri nəşr olunub. Bir-birindən fərqli, gənc ədəbi qüvvələr də bu prosesi rövnəqləndirib. Şair Rəsul Rzanın bu nəslin nümayəndələri, gənc ədəbi nəslin poeziyada qazandıqları uğular, poetik tapıntılar barədə könül dolusu, lakin konkret söylədiyi ədəbi-elmi fikirlər də yaddaqalandır. Xüsusilə, şairin 60-cı illər ədəbi nəslindən Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu və b. 70-ci illər ədəbi nəslinə aid Vaqif İbrahim və b. barədə söylədiyi ədəbi mülahizə xarakterli publisistik təhlilləri Azərbaycan ədəbiyyatı tarixində uğurlu ədəbi hadisələrə çevrilib.

Müasir mətbuat səhifələrimiz də təbii ki, bu günün tələblərinə, gerçək ədəbi mühitə, nəsillərin zövq və düşüncəsinə uyğun ədəbi əsərlər dərc olunur. Lakin bu əsərlərin də bədii baxımdan qürurları az-çox gözə dəyir. Bəzisi bunları kəskin tənqid atəşinə tutur, bəzisi yan keçir... Bütün bunlara baxmayaraq, ədəbi əsərlərdə bədii keyfiyyətin normativə uyğun olması vacib şərtdir. Düzdür, "İnternet-kompüter" düşüncəsi ilə özünü postmodernist sayan, artıq təcrübəyə, ədəbi nəsihətlərə ikrah hissi ilə yanaşanlar da az deyil, mükəmməl yol tutub getmək istəyənlər də. Hər halda hər ikisinə uğur diləyirik.

Və sonda unudulmaz ədəbi nümunələrdən faydalanın, yəni qısaca "Axataran tapar" demək istəyirik el diliylə.

 

Elsevər Məsim  

0.21454310417175