İş görmək əvəzinə qoçuluq

 

"Tas Mahal"ın göydələni çökmək təhlükəsi ilə üz-üzə...

 

Ölkəmizin paytaxtı Bakı günbəgün gözəlləşir, böyüyür, sürətlə inkişaf edir. Bu inkişafda sözsüz ki, gündən-günə artan göydələnlərin də rolu var. İlk baxışdan gözoxşayan, şəhərə möhtəşəm görüntü verən nəhəng göydələnlərin böyük əksəriyyəti öz sakinlərinin baş bəlasına çevrilib. Bakı şəhərində ucaldılan göydələnlərin böyük əksəriyyətini idarə edən, onu tikən şirkətlərdir. Binalar var ki, insanlar 100 minlərlə pul ödəyib, ev alıb, amma bu binalarda kommunal xidmət haqqları o qədər şişirdilib ki, mənzil sahibi sanki yenə də "kirədə qalır" - 200, 250, hətta, 500-600 manat kommunal xidmət ödənişləri qeydə alınır. Bu məsələnin bir tərəfi, digər problem ondan ibarətdir ki, göydələnlərin çoxunda tikinti şirkətinin yaratdığı xidmət müəssisəsinin əməkdaşları normal xidmət göstərməsənər belə, özlərini binanın əsil sahibi, sakinlərin ağası kimi aparırlar. Belə göydələnlərdən birinini sakinləri şikayətlərini dövlət başçısına, bir sürətini isə redaksiyamıza ünvanlayıb.

 

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə 44c ünvanında "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən inşa edilən yaşayış bunasının sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Fövqələdə Hallar nazir Kəmaləddin Heydərova, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə  Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovaya və Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Həmin müraciətdə bildirilir ki, yaşadıqları binanın təməli 2003 - cü ildə "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən qoyulub, 2007-ci ildə tikintisi başa çatan 300 mənzilli binada o vaxtdan yaşayış mövcuddur. 10 ildən artıq müddətdir ki, sakinlər aldıqları mənzillərinə mülkiyyət şəhadətnaməsi ala bilmirlər. Kooperativin rəhbərliyi bu prossesi müxtərlif bəhanələrlə yubadır. Hər il "bu il həll olunacaq" deyərək, illər keçir, amma problem həll edilmir. Bir mənzili başqa bir vətəndaşın adına keçirmək üçün 10 min pul istəyirlər: "Azərbaycan Respublikasının vətəndaşları kimi bizim bütün hüquqlarımız pozulur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü - "Mülkiyyət hüququ" maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü "Mənzil hüququ" maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz".

Şikayət məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 139-cu maddəsinə, "Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında" qanunun 152-ci maddəsinə əsasən daşınmaz əmlaka görə vətəndaşların hüququ və əmlakın qeydiyyat məsələləri tənzimlənir: "Azərbaycan Respublikası Konstitusiyası və digər qanunlarla bizə verilən hüquqlardan məhrum edilmişik. Yaşadığımız mənzilə qeydiyyata düşə bilmirik. Ölkəmizin ictimai həyatında, keçirilən seçkilərdə iştirak edə bilmirik. Belə ki, hər bir sakin müxtəlif ünvanlarda, bölgələrdə qeydiyyatdadır. Əmlak hüququmuzla yanaşı, seçki hüquqlarımız da pozulur.

Dəfələrlə müxtəlif dövlət orqanlarına müraciətlər etsək də, qəbullarda olsaq da, bu günə qədər bizim problemlərimizin müsbət həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Məmurlar tərəfindən müxtəlif vədlər verilsə də, vədlər yerinə yetirilmir".

Məktubda bildirilir ki, vətəndaşlara yaradılan bütün bu problemlərin başında "Tac Mahal" MTK - nın rəhbəri Vilayət Talıblı durur. V.Talıblı uzun müddət keçməsinə baxmayaraq, sakinlərin problemini həll etməkdənsə, idarəçiliyində olan binaya məsuliyyətsiz yanaşır, sakinlərdən kommunal haqqların artıqlaması ilə yığılmasına baxmayaraq, binanın liftlərinə vaxtı-vaxtında texniki qulluq edilmir: "Dəfələrlə liflərdə qəza vəziyyəti yaranıb. 2017 - ci ilin aprel ayında toy mərasimi zamanı lift qırıldığından xəsarət alanlar olub. Bu barədə FHN-də və təcili yardım satansiyasında qeydlər var. Liflər müntəzəm işləmir, sakinlərin liftdə köməksiz qalma halları tez-tez baş verir. Bu barədə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə məlumatlar verilib. Agentliyin şöbə mudiri Sahil Məsimov dəfələrlə binaya baxış keçirsə də, heç bir tədbir görümür. FHN-in sənədlərinə görə, bizim binada liftlər guya istifadəyə yararsız olduğundan bağlanıb, halbuki liftlər hal-hazırda elə yararsız vəziyyətdə də istismar olunur. Bu liftlər hər an faciə törədə bilər. Binada antisanitariya hökm sürür. Heç bir mühafizə olmadığından, binanın həyəti və bina nəzarətsiz qaldığından son dövrlərdə binada oğurluq hadisələri də baş verib”. Sakinlər bildirir ki, onlarla heç bir razılaşma olmadan binaya kənar idarəedici təyin edilib, yığılan kommunal xidmət haqqlarının xərclənməsində qeyri-şəffaflıq hökm sürür. Belə ki, binanın içməli su hövuzu 10 ilə yaxındır ki təmizlənmir.

Şikayətçilər sözlərinə görə, MTK-nın sahibi Vilayət Talıblı binada qoçular saxlayır, onun Vüsal adlı kürəkəni aktiv sakinlərin qarşısını kəsib, hədə-qorxu gəlir: "Bu barədə tərəfimizdən Daxili İşlər Nazirliyinə müraciət ünvanlamışıq. Binanın komendantı aktiv sakinlərə pul təklif edib ki, mənimlə işiniz olmasın, yığılan pulları (kommunal xidmət haqqları - red-dan) sizinlə bölüm. Biz isə halal haqqımızı, mənzillərimizin mülkiyyət hüququnu təsdiq edən sənədlərimizi istəyirik".

Sonda qeyd edilir ki, bu məktubla cənab Prezidentdən Azərbaycan Respublikasının vətəndaşları olaraq Azərbaycan Respublikasının Konstutusiyasının və qanunvericiliyinin bizə verdiyi  hüquqların bərpasının təmin edilməsini xahiş edirik. Biz mənzilimizə mülkiyyət hüququmuzu təsdiq edən şəhadətnamənin verilməsini istəyirik. Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq, illər boyu həsrətində qaldığımız mənzilimizə mülkiyyət hüququmuzu təsdiq edən qeydiyyat şəhadətnaməsini ala biləcəyik.

Sakinlər bizimlə söhbətində bildirdilər ki, binanın həyəti qeyri-qanuni olaraq dayanacağa çevrilib. Belə ki, "9933" taksi xidməti binanın həyətində fəaliyyət göstərir. Bununla yanaşı, binanın həyətində bir neçə avto-xidmət müəssisəsi fəaliyyət göstərir. Binanın həyətində sərbəst hərəkət etmək mümkün deyil. Sakinlər hər an taksi sürücülərinin özbaşınalıqlarından zərər çəkir. Bizə yaxınlaşan başqa bir sakin bildirdi ki, binanın birinci mərtəbəsində aparıcı özül divar sayılan dəmir-beton konstruksiyalar dağıdılıb, ofis üçün genişləndirilib. Sakinin sözlərinə görə, artıq binanın çökmək təhlükəsi var. Sakinlər bu barədə FHN-in Tikintiyə Nəzarət Agentliyinə ərizə ilə müraciət ediblər. Təyyar Hüseyinlinin imzası ilə gələn cavab məktubunda bildirilir ki, bu qeyri-qanuni əməldir, tədbir görüləcək, lakin hələ də heç bir tədbir görülməyib. FHN əməkdaşları da hadisə yerində olublar, binanın uçma təhlükəsini təsdiqləyiblər, amma tədbir görülməyib.

Sakinlərin şikayətləndiyi daha bir nəfər binanın komendatı Xeyrulla Quluyevdir. Binanın liftləri yararsız olduğundan FHN tərəfindən bağlananda komendat digər sakinləri aktiv sakinlərin üzərinə qaldırırmış ki, liftləri onlar bağladıb.

Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə 44c ünvanında inşa edilən yaşayış bunasının sakinləri:

A.Q.Qasımov

Etibar Şəkinski

Ələkbərov Asif

Ağalar Cavadov

Bəxtiyar Mehdiyev

Hacızadə Əlimürsəl

Qurbanov Səfər

Qələndərov Elçin

Hüseynov Əsgər

İbrahimov Mehman

Qənbərov Bəxtiyar

Hacıyev İltifat və digər 128 sakin

P.S Onu da qeyd edək ki, sakinlərin redaksiyamıza müraciəti əsasında video-çəkiliş qrupumuz həmin ünvandan reportaj hazırlayaraq yayımlayıb. Həmin gün "Tac Mahal" MTK-nın rəhbəri Vilayət Talıblı ilə (0502130808) əlaqə saxlayıb, məsələyə münasibət bildirməyini istədik. Lakin o, bizə  rayonda olduğunu və Bakıya gələndə açıqlama verəcəyini dedi.

Bundan başqa, "Tac Mahal" MTK - nın hüquqşünası kimi tanınan Bəhlul (mob. tel.0505363195) adlı şəxs problemin hüquqi çərçivədə həll olunacağını bildirmək əvəzinə, bizə hədə-qorxu gələrək, başımızın ağrıyacağını bildiridi. Düşünürük ki, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar bununla bağlı lazımi tədbirlər görəcəklər.

 

Yusif Seyid

0.15356397628784