Talanan dövlət pulları
və bədxərc varislər

 

 13 il öncə olduğu kimi, yenə də gündəmdə odur. Sadəcə fərq odur ki, əgər o vaxt bu şəxs ancaq əzabkeş, zərər- didə kimi ölkə vətəndaşlarının müzakirə mövzusu idisə, artıq bu gün az qala Avropanın yarısı bu zəngin xanımın hüdudsuz sərvətindən, bədxərcliyindən danışır, 26 illik müstəqillik tarixi, üstəgəl Ermənistanla müharibə vəziyyətində olan kiçik Qafqaz ölkəsində belə aşırı bir varidat sahibinin olduğuna təəccüblənir və onun saatda 1450 funt sterlinq xərcləyərək, əlindəki sərvətə qənim kəsilməsinə məətəl qalıb.

   Bəli, təxmin etdiyiniz kimi, söhbət Beynəlxaq Bankın sabiq prezidenti, yerli məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin Londonda məskunlaşmış həyat yoldaşı Zamirə Hacıyevadan gedir. Məlumat üçün deyim ki, C. Hacıyev düz 15 il bu gün həyat yoldaşının israf etdiyi pulların mənbəyi sayılan Beynəlxalq Bankın rəhbəri olub.

Hacı Məmmədov insaflı imiş?!

Yazının girişində 13 il əvvəli səbəbsiz xatırlamadıq. Yadınızdadırsa, 2005-ci ilin aprelində ölkə Beynəlxalq Bankın prezidentinin həyat yoldaşının fitnes klubdan çıxarkən, naməlum şəxslər tərəfindən qaçırılması xəbəri ilə silkələndi. Sonradan, hüquq-mühafizə orqanlarının “Qara kəmər” adı altında həyata keçirdiyi əməliyyatdan məlum oldu ki, Z. Hacıyevanı oğurlayan bandanın başçısı, Bankın prezidentinin sərvəti barədə bilgisi olan DİN-nin yüksək rütbəli zabiti, mərhum Hacı Məmmədov imiş. (Düzdür, bu əməliyyatdan 10 il sonra onu keçirən güc strukturlarının birinə qarşı da oxşar əməliyyat keçirildi və bəlli oldu ki, Hacı Məmmədovun qanunsuz əməlləri bu kriminallaşmış dəstənin reallaşdırdığı mənəvi terrorun yanında toya getməli imiş. Mümkündür ki, bu gün də cəmiyyəti düşündürən bəzi sirləri özü ilə qəbrə aparan H. Məmmədov məhkəmədə eyham vurduğu “mən xırda akulayam, osminoqlar hələ də iş başındadır” deyərkən elə MTN-də qərarlaşmış bu dəstəni nəzərdə tuturmuş. Mövzumuz olmadığından söhbətin bu hissəsinə burda nöqtə qoyaq). O vaxt Hacı Məmmədovun məhkəməsini işıqlandıran mətbuat yazırdı ki, banda başçısı kimi H. Məmmədov Zamirə Hacıyevanı girovluqdan azad etmək üçün ərindən, yəni Cahangir Hacıyevdən vur-tut cəmi 3-cə milyon dollar istəyib. Zamirə xanımın 10 illik Dumanlı Albion sərgüzəştlərinə nəzər yetirəndə görürsən ki, bir can üçün bu o qədər də böyük məbləğ deyilmiş. Başqa sözlə, Hacı Məmmədov bunca sərvət sahibindən 3 milyon tələb etməklə çox insaflı davranıb. Ümumiyyətlə, H. Məmmədovun girovlarının siyahısında olanların 99%-i sahib olduğu sərvəti qanunsuz yolla əldə edənlər olub. Yəqin elə bu səbəbdən H. Məmmədov da “oğrudan-oğruya halaldır” prinsipi ilə hərəkət edib. Hərçənd, o dövrün mətbu yazılarından məlum olur ki, nədənsə C. Hacıyev həyat yoldaşını girovluqdan qurtarmaq üçün bu cüzi məbləği verməkdə istəkli olmayıb. Maraqlıdır, necə olur ki, 3 milyon verib həyat yoldaşını quldurların cəngindən xilas etməyən sabiq baş bankir bu olaydan 3-4 il sonra elə həmin xanımı yarım milyard dollarlıq plastik pul kartları ilə Londonda məskunlaşdırır? Əcaba xanım Z. Hacıyevanın bu sərhədsiz bədxərcliyi qisasçılığa oxşamır ki? Normal ailə münasibətləri olduğu halda məntiqlə gərəkdir ki, evin əsas qazanc gətirəni hər hansı səbəbdən həbsə düşdüyü, yaxud eləcə işləmək qabiliyyətin müvəqqəti itirdiyi təqdirdə evin xanıimı sərəncamındakı pulun hər qəpiyi üstündə necə deyərlər əsməli, maksimum qənaətcil olmalıdır. C. Hacıyev-Z. Hacıyeva cütlüyündə isə biz bunun əksini müşahidə edirik. Ər, yəni C. Hacıyev həbsdə (həm də fövqaladə nəsə baş verməsə daha 12 il orada qalacaq) onun sərvətinin əhəmiyyətli hissəsinə sahiblənən həyat yoldaşı isə Londonda hər ötən saat 1450 funt sterliq pul xərcləyir. İngiltərə mediasında yer alan “Dünya belə pul xərcləyən qadın görmədi” adlı şərhi Türkiyə mətbuatının manşetinə daşınıb. “The Sun” nəşri yazır ki, xanım Z. Hacıyeva hər gün şüşəsi 4 min manat olan şərab içir. O, Fransaniın zinət əşyaları və saat evi olan “Boucheron”dan təxminən 337 min manata broş 225000 manata “Cartier”dən zinət əşyası alıb. Məhz xanım Z. Hacıyevanın bu bədxərcliyi İngiltərə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Və o, İngiltərədə çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədi ilə yeni qəbul olunmuş, “İzahedlməmiş Sərvət Sərəncamı” adlı qanunun ilk hədəfi olub. İlgiltərə Milli Cinayət Agentliyinin təhqiqatçıları qısa müddətdə üzə çıxarıblar ki, sabiq bankirin zövcəsi ərinin adına olan 32 ədəd bank kredit kartından da istifadə etməklə 10 il ərzində təkcə Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35850000 manat) xərcləyib və elə həmin alış-veriş mərkəz yanındakı bahalı ərazidə 15130000 dollara ev alıb. Berkşire qraflığında Milli Ride Qolf klubunu 13150000 dollara satın alan bu məhbus arvadı 55000000 dollar dəyərində Gulfstream G550 özəl uçağı da mülkiyyyətinə qatıb.

Amandı B. Qeyst, M. Zukerberq bu xəbəri eşitməsin

Bizim tərəflərdə biri nəyisə israf edəndə böyüklər irad tutur ki, bala yağı malıdır, niyə elə edirsən? Yəqin ki, təkcə İngiltərə cəmiyyəti deyil, qosqoca Avropanın, Asiyanın, lap elə Afrikanın sərvəti Azərbaycanın büdcəsindən 3-4 dəfə böyük olan mlyarderləri də bizim kimi bu israfçılığın səbəbini anlamaqda zorluq çəkir. Biz hələ 90 milyardlıq sərvətə sahib Bill Qeyst və Mark Zuckerberqi demirik. Gərgin əmək, yuxusuz gecələr sayəsində sərvət sahibi olan bu şəxslər və digər onlar kimi milyonçular varidatla belə amansız davranıldığını eşitsələr yəqin ki, şoka düşərlər. Maraqlıdır ki, MDB zənginlərinin də övrəti, uşaqlarından Avropa və Amerikada yaşayanları var. Ancaq onlardan heç biri belə açıq şəkildə bədxərclik edərək gündəmə gəlmir. Bəlkə biz görməmişik, yaxud Zamirə xanım vaxtilə 3 milyona qıymayıb, onu quldurların əlində yalqız buraxan həyat yoldaşından bu cür qisas alır- sualına birmənalı cavab vermək çətindir. Yeri gəlmişkən, bəzi həmkarlarımız hətta yazının başlığına çıxarırlar ki, Zamirə Hacıyevaniın Londonda xərclədiyi pullar Azərbaycana qaytarıla bilər. Əlbəttə hələ ki, 210000000 manatlıq mənimsəmə ittihamı ilə (xəbər verildiyi kimi Beynəlxalq Bankın Moskva filialındakı mənimsəmələrlə bağlı artıq istintaqı başa çatmış cinayət işində cavabdeh şəxslərdən biri də bankın sabiq prezidenti C. Hacıyevdir. Bu baxımdan onun cəzasının ağırlaşacağı istisna edilmir) həbsdə yatan sabiq bankirin həyat yoldaşının Londonda sağa-sola xərclədiyi pul Azərbaycanın dövlət bankından oğurlandığına görə mütləq geri qaytarılmalıdır. Ancaq artıq xərclənən deyil (nə Zamirə xanımın içdiyi 4 min manatlıq şərabların pulunu, nə də “Harrados” dükanında xərclədiyi 16 milyon dollar vəsaiti geri qaytarmaq mümkün deyil) xərcləmədiyi, əlində olan real pulu, o cümlədən daşınmaz əmlaka yatırılan vəsaiti mütləq dövlətin büdcəsinə qaytarmaq lazımdır. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da pis deyil.

Növbəti sürpiriz kimdən gələcək, sabiq liftçi Q. Şükürov yoxsa banklardan çox öz maaşına nəzarət edən R. Aslanlıdan?!

Əslində Rüfət müəllim elə vəzifə başında ikən özünə 65 min manat aylıq maaş təyin etmək və adına məxsus şərab buraxdırmaqla hamını təəccübləndirə bilib. Necə olur ki, iki il əvvəl yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri bankları sağlamlaşdırmaq əvəzinə öz həyatını firavanlaşdırmaq məqsədi ilə özünə nə az, nə çox, düz 65 min manat aylıq əmək haqqı müəyyən edib? Məlumat üçün deyək ki, bütün ölkənin yükünü çiynində daşıyan Dövlət başçısı İlham Əliyevin aylıq vəzifə maaşı 16 min manatdır. Bir sərəncamla pul kütləsinin dövr etdiyi qruma rəhbərlik edən Rüfət müəllim isə hesab edib ki, o, prezidentdən 4 dəfə çox iş görür, o səbəbdən də ondan 4 dəfə artıq əməkhaqqı almalıdır. Təbii, müəllimi hər ay orta hesabla 300-350 manat məvacib alan bir ölkədə 64 min manat maaşla nə desən eləmək olar.

Hətta adına nəinki şərab, istərsə qızıl sikkələr də buraxdırmaq olar. Doğrusu, ABŞ-da çalınan əcəl zənginin səsinin okeanı keçərək Bakıda Qüdrət Şükürovu oyatmasına qədər bilməzdim ki, Bakı   “Lift- Təmir” İstehsalat Birliyi adlı, kənardan yoxsul təsiri bağışlayan təşkilatda bunca böyük həcmdə pullar dövr edirmiş. Fəqət, ABŞ-da “Liftgeyt” adını almağa yaxın qalmaqaldan və mətbuatın Qüdrət Şükürovun İstanbulun boğac ilçəsindən bir dəfəyə 4 villa alması xəbərindən anladım ki, adı aldadıcı olsa da, “Lift-Təmir”də də lüks hayat sürməyə yetəcək qədər pul varmış. Əslində bank kimi, harada “təmir” adı varsa əvvəldən orada da dolanışıq olub. İpək Yolu adıyla çəkilən yollar son illər ərzində neçə dəfə təmir olunub, nə qədər vəsait xərclənib, sayı-hesabı bilinmir.

Talanan dövlət pulları və bədxərc varislər

 Bəlkə də “Azəravtoyol” idarəsində “Forma-2”dən ibarət böyük bir anbar, yaxud neçə-neçə möhürlü otaqlar var... Mətbuatda yazılanlara görə sabiq rəisin yarım milyonluq dəbdəbəli toyu və junalisti təhqir etməsiylə gündəmə gələn qızı da artıq Azərbaycanı tərk edib. Atası isə hazırda xəstəxanaya yerləşdirilib.

 Gözləyək görək, bu ərköyün qız başını aşağı salıb atanın xarici banklardakı pulunu xımır-xımır yeməklə məşğul olacaq, yoxsa, o da Zamirə Hacıyeva kimi bədxərclik edərək, Bakıda istintaqa cəlb olunan atasını quru yurdda qoyacaq?

Bu talanda Maliyyə Nazirliyinin suçu yoxmu?

  Qeyd edək ki, istər Beynəlxalq Bankda törədilmiş böyük məbləğli mənimsəmə cinayətində, istərsə də, “Lift-Təmir” təşkilatında mənimsənilən dövlət pullarının talan edilməsində ölkənin Maliyyə naziri Samir Şərifovun da mediada adı tez-tez çəkilir. Hazırda Beynəlxalq Bankın məhbəsdə olan sabiq rəhbəri Cahangir Hacıyev məhkəmə prosesinin gedişində maliyyə naziri Samir Şərifovu ciddi ittiham edərək, pulların böyük hissəsinin məhz nazir tərəfindən mənimsənildiyi iddia etmiş və onun məhkəməyə dəvət edilməsini tələb etmişdi. Zaman-zaman bu barədə mətbuatda ətraflı yazılar dərc edildiyinə görə, nazır Samir Şərifovun adının məhkəmə prosesində hallanması barədə geniş bəhs etməyə ehtiyac duymuram. Eyni zamanda, “Lift-Təmir” İstehsalat Birliyində baş vermiş küllü miqdarda mənimsəmə barəsində Milli Məclisdə danışan deputat Aqil Abbas da küllü miqdarda mənimsəmə faktına görə (4 yüz milyon manat) Maliyyə Nazirliyini ittiham edib. Bu faktlar maliyyə naziri Samir Şərifovun adıçəkilən cinayətlərlə əlaqədar sorğu-suala tutulacağı ehtimalını artırır. Çünki ən azından əgər bank və ona bərabər tutulan təşkilatlar özləri könüllü ildə azı bir dəfə audit yoxlama aparmırsa, bu işi Maliyyə Nazirliyi reallaşdırmağa borcludur.

 Şahnaz Salehqızı

0.15172410011292