Namus həyatdan da qiymətlidir

 

«Pul itirmisənsə, az itirmisən. Vicdanı itirmisənsə,

çox itirmisən. Qeyrəti itirmisənsə, hər şeyi itirmisən»

 

Rəbbin insana verdiyi ən müqəddəs dəyərlərdən biri də şəhvət hissidir. Bəşərin çoxalmasına xidmət edən bu duyğu, nigah vasitəsilə dünyaya analar, peyğəmbərlər, vəlilər, siddiqlər, alimlər, şəhidlər, fatehlər və digər halalzadələri gətirib.

 

Şəriət baxımından nigah evlənmək üçün əhdləşmə, yəni müsəlman qadın və kişinin şahidlər hüzurunda ailə qurmaları barədə sözləşməsidir. “Halal olan qadınlarla evlənin” (Nisə 3) ayəsinə görə, kəbin Rəbb möhürü kimi nəslin artması üçün ən halal yoldur. Rəbb möhürü olmadan, yəni nigahsız evlənmək haramdır. Çünki soyun davamı və tərbiyəsi, nəslin şərəf və ləyaqəti, mirasın bölünməsi, millətin başucalığı, birliyi, dirriyi və diriliyi, bayraq və ailənin bakirəliyi, valideynin övlad, övladın isə valideyn qarşısındakı borcu, sədaqət və əhd-peyman qaynaqları yalnız bu ilahi möhürdə- kəbində təşəkkül tapır. Kəbinsiz cəmiyyət bir sürü heyvandan (bəzi heyvanlar istisna olmaqla) başqa bir şey olmadığı kimi, qızları 9-15 yaşında ərə vermək də millətin cılızlaşması, cəmiyyətin fəlakəti, qadının istismarı, xurafat və cahilliyin bir formasıdır. Həmin səbəbdən şəhvət hissi təyinatına görə işlənmədikdə, nəinki sahibini, hətta bütöv bir nəsli rüsvayçılığa və nəticədə özgə millət süvarisinin üzəngisindən öpməyə vadar edər. Hər üç monoteist dində haram sayılan bu şərəfsiz işə zina, ondan doğulan uşağa isə vələdüzzina deyilir.

Zina – ağlı başında olan və həddi-buluğa çatan qadın və kişinin aralarında nigah olmadan qeyri-qanuni cinsi əlaqədə olmasıdır. Tövratın «zina etmə» hökmünün mahiyyətini açan İsa (ə) buyurub: «Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» (Matta 5:28).

İnsanı Allahın məbədi hesab edən İncil bəyan edir ki, «Kim Allahın məbədini məhv edərsə, onu Allah məhv edəcək. Zira Allahın məbədi müqəddəsdir; bu məbəd isə sizsiniz. Məgər bilmirsiniz ki, fahişə ilə birləşən, onunla bir bədən olur? Ona görə də, Allahınkı olan bədən və ruhunuzla Allahı izzətləndirin". (I Korenfillərə).

Rəbb peyğəmbərinə xitabən Qurani-Kərimdə nəinki zinaya, hətta bütün haramlara baxmağı belə qadağan edərək, buyurur: «Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər. Ayıb yerlərini (zinadan) qorusunlar. Mömin qadınlara da de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar" (Nur, 30-31). Peyğəmbər (ə) isə ayədəki «gözlərini haram edilmiş şeylərdən çevirsinlər» fikrini belə açıqlayıb: «Gözlərinizlə zina etməyin».

Göründüyü kimi, Rəbbin kəlamlar məcmuəsi olan Tövrat, İncil və Quranda istər fiziki, istərsə də göz ilə edilən zinalar ən böyük günahlardan hesab edilir. Belə ki, hər üç kitab həqiqi tövbə edilməyəcəyi təqdirdə, həmin talesiz bədbəxtləri cəhənnəm odu ilə müjdələyir. Bəli, bu, belədir. Elə isə, bəs yəhudi və xristianların da yaşadığı və islam ölkəsi sayılan Azərbaycanda Rəbbin həmin haramlarına münasibət necədir?

Etiraf edirik ki, Azərbaycanda bugünki dinamik inkişafa həm də Qərbin müasir elm və texnologiyasından istifadəyə görə nail olmuşuq. Aparılan çoxsaylı islahatların səmərəsi, sosial, iqtisadi, hərbi və digər sahələrdəki uğurlarımız həmin metodların alternativsiz olduğunu sübut edir. Lakin təəssüf ki, biz həm də mənəvi dəyərlərimizə Qərb donu geyindiririk, müqəddəs dinimiz və bizi tanıdan adət-ənənəmizin haram saydığı əməllərin fərqinə varmırıq. Özümüzün, nəslimizin kimliyini qərbləşdirməklə qəribləşdiririk və nəticədə bizim millətlər içində tanınıb qəbul edilməsinə əngəl yaradırıq.

İslam alimləri Quranın «haramlara yaxınlaşmayın» hökmünə istinadən müsəlmanlara tövsiyə ediblər ki, onlar haramla rastlaşacağı yerlərə getməsinlər. «Səddi-zərai» deyilən bu metodla insan görə, eşidə, duya və edə biləcəyi haramlardan qabaqcadan uzaqlaşmalı olur. Məsələn, Peyğəmbər (ə) zinaya meylli bir qadını və xəlifə Ömər isə bir kişini Mədinədən ona görə uzaqlaşdırdı ki, onlar cəmiyyəti haramlara sövq edirdilər. Həmin kişinin xəlifə Ömərə «Mənim hələ heç bir günahım yoxdur» – sözünə rəğmən xəlifə Ömər ona «Bilirəm, ancaq bunu camaatın salamatlığı üçün edirəm» – demişdi.

Lakin biz bu gün elə bir cəmiyyət, elə bir durum içərisindəyik ki, artıq orada «Səddi-zərai» - zərərlərə sədd yoxdur. Küçələr, ictimai yerlər, təhsil və tibb ocaqları gözlərimizi, qulaqlarımızı, nəfslərimizi harama çəkmək üstündə sanki bir-birilə yarışırlar. Yarıçılpaq artistlər, «maç-muç» sözlü mahnılar, zina və digər əxlaqsızlığı ailəmizə gətirən səhnələr, həyadan uzaq yazılar və xalqa abır, həya dərsi keçən bəzi TV aparıcılarının yekəxanalığı nə İslama, nə milli dəyərlər və mentalitetimizə, nə də mövcud qanunvericiliyə məhəl qoymadan mənəviyyatımızı dağıtmaqdadır. Hələ mən məktəblərdə «İslamın əsasları» fənninin yox, seksologiyanın təbliğ olunmasına cəhd edən bəzi başabəla ziyalılarımızı, «mənə dedilər ki, sən çox seksual qadınsan» – ifadəsini böyük həvəslə deyən xanımları, eyni cinsli insanların intim əlaqəyə girməsini – livatəni (homoseksualizm) insan azadlığı kimi qələmə verən münkirlərimizi demirəm.

Zahirdə guya Allahı sevən, batində isə Allah kəlamlarını qamçılayan bu xəstə düşüncəli insanlar bilirlərmi ki, həmin haramlara görə Rəbb neçə-neçə millət və şəhərləri məhv edib? Həz. Lutun yanına cavan oğlanlar şəklində gələn Allahın elçilərinə (mələklərə) qarşı şəhvət hissi bəsləyən camaata Lut (ə) qızlarını belə təklif etdisə, onlar buna razı olmadılar. Allahdan qorxmayan həmin şərəfsizlər dedilər: «Sənin qızlarına heç bir rəğbətimiz yoxdur. Nə istədiyimizi isə sən bilirsən».

Rəbb həz. Lutun duasını qəbul edib, «həmin yurdun altını üstünə çevirdi və üzərinə odda bişmiş bir-birinə bitişik bərk daşlar yağdırdı» (Hud, 82). Lakin bu cəza təkcə Lut (ə) camaatına aid deyildi. Əxlaqsızlığı özünə peşə edən dövrün zalımları eyni aqibətə düçar olublar və olacaqlar da.

Belə ki, Fransa kralının qızı İzabella ilə evlənən İngiltərə kralı II Eduard bu heyvani hissin qurbanı kimi, arvadının bilavasitə iştirakı ilə kişi nökəri Xyuqla intim münasibətdən sonra Xyuqun gözü qabağında İzabella ilə ərlik vəzifəsini icra edirdi. Xalq 1326-cı ildə, bir ibrət olsun deyə, Xyuqun bütün əzalarını kəsib körpülərin üstündən asdı. Həmin xalq, sanki Peyğəmbər (ə)-nin «Lut camaatı kimi livata edənləri günah üstündə görsəniz öldürün» kəlamının təntənəsi olaraq, 1327-ci ildə öz kralının boğazına əridilmiş qurğuşun tökdü.

Bəli, təkcə həmin millətin deyil, bütün dünyanın dahisi sayılan V.Şekspir öz həmvətənlərinin bu şərəfsiz işindən 280 il sonra «həyat qiymətlidir, fəqət namus həyatdan da qiymətlidir» – ifadəsini əbəs yerə demədi. «(Ya Məhəmməd!) O daşlar sənin ümmətin içərisində olan zalımlardan da uzaq deyil (Hud, 83)» Quran ayəsi, Rəbbin yalnız zina və livata ilə məşğul olanlara deyil, həmin bişərəflərin yaşadığı cəmiyyətə də xəbərdarlığıdır. Və bu xəbərdarlıqdan nəticə çıxarmayan cəmiyyəti Rəbb Lut (ə) dövründə olduğu kimi, yer üzündən silə də bilər.

Məlumdur ki, Tövrat zinaya görə ölümü, Quran isə zina edən qadın və kişiyə yüz çubuq vurulmasını əmr edir. Allah kəlamlarından qaynaqlanan bütün dünyəvi qanunlarda da zina, rüşvət, qətl, pornoqrafiya və s. haramlara qarşı cəza maddələri var. Göründüyü kimi, qanunları qəbul edib günah işlədənlər qanunla, Allah kəlamları ilə yaşayanlar isə dini hökmlərlə mühakimə olunurlar. Haram (murdar) maya bütün xəmiri zay etdiyi üçün Rəbb buyurur: «Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə evlənmə) möminlərə haram edilmişdir» (Nur, 3).

Bu baxımdan, qadınlardan tələb olunan ilahi tələblərdən ən birincisi onların zina etməməsidir. Zira bu günah əksər hallarda onların razılığı ilə baş verir. Heç də sirr deyil ki, bəzən aldanan da, zinaya işarə və digər fitnələrin təşəbbüskarı da məhz qadın olur. Necə deyərlər, «kişini vəzir edən də, zəlil edən də qadındır». Məgər ilk aldanan Həvva olmadımı? Peyğəmbər (ə) isə buyurub: «Ümmətim barədə ən çox qorxduğum şey qadın fitnəsidir». Digər hədisdə o deyib: «Ümmətim üçün qadından daha böyük bir fitnə olduğunu xatırlamıram».

İlk olaraq, kişi qadından deyil, qadın kişidən yarandı. Və kişi qadın üçün deyil, qadın kişi üçün yarandı. Lakin Rəbb dərgahında nə qadın kişidən, nə də kişi qadından üstündür. Çünki qadın kişidən yarandığı kimi, sonradan kişi də qadın vasitəsilə yarandı. Elə ailə də Rəbbin yaratdığı şah əsərlərdən biridir. Ailənin ömrü isə onun mənəvi təmizliyindədir. Bu paklığın məşəli də, ərinin izzəti də qadındır, anadır. Ona verilən ən ülvi qiymət də – «Cənnət anaların ayaqları altındadır, – » Peyğəmbər (ə) kəlamıdır. Tarix belə anaların təhqirinə görə neçə-neçə ərlərin canlarını qurban verdiyinin şahididir. Ana söyüşünə üsyana görə mərhum akademik Z. Bünyadov II Dünya Müharibəsində cərimə batalyonuna salındı. Futbolçu Zidan dünya çempionatının finalından qovuldu, qaydasız döyüş ustası Həbib Nurməhəmmədov anası və dinini təhqir edən yüzlərlə tərbiyəsizin üstünə şığıdı...

Namuslu qadınları zina damğasından müdafiə edən Quran bəyan edir: «İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə 80 çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, əsl fasiqlərdir» (Nur, 4).

«İnsanlar arasında fuhşiyəti yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. Ancaq Allah bilir, siz bilməzsiniz» (Nur, 19). Bəs bu fuhşiyəti yayanlar kimlərdir? Bu gün həm dolayısı ilə, həm də bilavasitə milləti deqradasiya edən zina və livata kimi rüsvayçılığın mənbəyi leqal və qeyri-leqal gecə xanaları, yerli və xarici TV-lərdəki bəzi verilişlərdir. Həmin haramlara rəhbərlik edənlər əslində millətin qeyrət, namus, şərəf və izzətinə təcavüz edənlərdir. Və sirr deyil ki, zina, əyyaşlıq və digər fuhşiyətə aludə olan və onu təbliğ edənlər cəmiyyətin haramlarla harınlaşan təbəqəsidir. Bu yolla qazanılan pulların zina, livata və digər haramlara sərf edilməsi də tam qanunauyğundur. Şübhəsiz ki, «namus», «şərəf» məfhumlarını çoxdan unudanların bəzilərinin qızları, bacı və arvadları da onun yolundadırlar. Və inanılası da deyil ki, həmin münkirlər şərəfsiz ailələrinin rüsvayçılığından xəbərdar olmasınlar. Necə deyərlər: «Pul itirmisənsə, az itirmisən, vicdanı ittirmisənsə, çox itirmisən. Qeyrəti itirmisənsə, hər şeyi itirmisən» (Höte).

10 milyonluq Azərbaycan 10 nəfərlik Nuh gəmisinə bənzər. Əgər bəzi sakinlər əyyaşlıq, rüşvət, zina, livata və digər haramlarla həmin gəmini deşərlərsə və çoxluq bu işə biganə qalarsa, onda gəminin içindəki xalq ilə birlikdə batması qaçılmaz olar. Bunun əksini düşünmək ilahi qanunlara qarşı bir sayqısızlıq və cahillikdir. Çünki Allah içkini əqli qorumaq, rüşvət və oğurluğu təmizliyi bildirmək, zinanı nəslin saflığını gözləmək, livatanı nəsli çoxaltmaq üçün haram edib. Bu haramlara görə, «gəmi» sakini kimi hamımız sorumluyuq: ailə başçısı ailədə, ziyalı cəmiyyətdə, dövlət isə ölkədə. Əks halda 79-cu il avqustun 24-də Pompeya şəhəri əxlaqsızlığa görə batırıldığı kimi, bizim «gəminin» də batırılması Allah üçün problem yaratmaz.

Və bir də... Müsəlman üçün yataq otağı ailə və millət namusunun məbədi kimi çox müqəddəsdir. Çünki soy orada mayalanır və orada inkişaf edir. Həmin səbəbdən o sehirli guşə hər kəsə açılmaz. Ora nəinki kənar şəxs, hətta digər ailə üzvləri də istədikləri vaxt girə bilməzlər. Əgər namuslu bir adamı həmin guşəyə zorən aparsalar belə, o, aldığı tərbiyəsilə orada yata bilməz və Yusif (ə) peyğəmbər kimi köynəyi arxadan cırılar… Çünki başqasının ora müdaxiləsi ən azı göz zinasıdır. “Uşaq yatağa aiddir, zina edənə isə daş” Peyğəmbər (ə) kəlamıdır.

  Hacı Vaqiv Həsənov

0.16019487380981