İctimai və dövlət maraqlarının müdafiəsi

 

Bu vahid məqsəd prioritet məsələdir

 Cəmiyyət və dövlət. Bu iki məfhumu birləşdirən qırılmaz bağlar mövcuddur. Cəmiyyət ayrı-ayrı fərdləri özündə birləşdirərək, sonunda böyük bir toplum, maraqlar məkanı kimi çıxış edir. Dövlət isə bu “ordu”nu bir araya gətirməklə, yerbəyer etməklə bir növ, himayəçilik missiyasını öz üzərinə götürür.Ona görə də, cəmiyyət və dövlətin bir-birindən ayrı, təcrid olunmuş şəkildə var olması qeyri-mümkündür. Məhz bununla - cəmiyyət və dövlətin birliyindən, vəhdətindən ayrılmaz bir sistem yaranır. Bu sistemin olmadığı şəraitdə isə hərtərəfli, xoş gələcəkdən, ümumiyyətlə, mütərəqqi inkişafdan söhbət açmaq mümkün deyil. Bu ümdə məqsədə də cəmiyyətlə, ümumilikdə ictimai maraqla dövlətin maraqlarının üst-üstə düşməsi nəticəsində nail olmaq mümkündür.

Bu gün ictimai marağın müdafiəçisi və ona nəzarət edən dövlət cəmiyyətin bütün qruplarının marağında olan sosial məsələlərin həllinə çalışır. Dövlət müxtəlif formada atılan addımlarla da öz vətəndaşının, cəmiyyətin rifah halının yüksəlməsinə nail olur. Son dönəmlər ölkəmizdə baş verən islahatlar dövlətin ictimai maraqların təminatçısı rolunda çıxış etməsinin nəticəsidir. Həyata keçirilən çoxşahəli sosial islahatlar, struktur dəyişiklikləri həmin maraqların tam təmin olunmasına yönəldilib. Yəni dövlət üçün cəmiyyətin maraqlarını təmin etmək əsas məsələ hesab edilir. Onun ayrı-ayrı nümunələrini bu gün həyata keçirilən təhsil, səhiyyə, gənclər, idman siyasətində də görmək olar. Bunu eləcə də, ictimai maraqların təmin edilməsində, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin verilməsində görmək mümkündür. Bir sözlə, dövlət üçün sözügedən sahələrin inkişafı prioritet kəsb edir. Bundan başqa, dövlətin maraqlarına daxil olan siyasi-iqtisadi, hərbi-təhlükəsizlik kimi məsələlərdə ictimai maraqların təmin olunması da əsas şərtdir.

Beləliklə, vətəndaş və sonunda bütöv cəmiyyət dövlət marağının əsas obrazıdır desək, yanılmarıq. Dövləti formalaşdıran cəmiyyət, xalq olduğu üçün onların vahid məqsəddə birləşməsi və qarşılıqlı fəaliyyəti prioritet məsələ hesab edilir.

Qeyd edilənlərdən gəldiyimiz nəticə odur ki, tərəqqi və inkişaf üçün mütləq iki tərəfin olması zəruridir. Bu tərəflər isə göründüyü kimi, cəmiyyət və dövlətdir. Sivil cəmiyyətin və dövlətin formalaşması da həmin məfhumları özündə təcəssüm etdirən vətəndaş-dövlət münasibətlərindən çox asılıdır. Qeyd edilənləri ümumiləşdirsək, dövlətin maraqları ilə ictimai maraqlar bir-biri ilə sıx bağlı olduğundan, onları ayrılıqda təsəvvür etmək də mümkün deyil. Eyni zamanda, ictimai və dövlət maraqlarının müdafiəsi də hər iki tərəfi eyni dərəcədə düşündürən, onları bir araya gətirən məsələdir.

İctimai və dövlət maraqlarının müdafiəsindən bəhs edərkən, öncə hamımızın ən ağrılı, Qarabağ kimi böyük bir itkimiz, işğal edilmiş torpaqlarımız, yurd-yuvasından didərgin düşmüş soydaşlarımız yada düşür. Məhz ictimai maraqlarla dövlət marağının birliyi, vəhdəti sözügedən istiqamətdə müsbət nəticələr əldə etməyə şərait yaradır. Misal üçün, “Aprel döyüşləri”ndə əldə edilən qələbə ümummilli maraqların əməli nəticəsi kimi yaddaşlarda qalır...

Beləliklə, milli maraqlardan danışarkən, təbii şəkildə, öncə ölkənin müdafiəsi məsələsi nəzərdə tutulur. Ölkənin müdafiəsi anlayışı isə özündə cəmiyyəti, dövləti, eləcə də onun müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhəd toxunulmazlığının və Konstitusiya quruluşunun təmin olunmasını əks etdirir.

Ölkəmizin təhlükəsizliyi, suverenliyi, müstəqilliyinin qorunub-saxlanması, dövlətçiliyimizin qorunması üçün də ictimai-dövlət maraqları eynilik təşkil etməlidir. Yalnız müstəqil, demokratik, hüquqi dövləti xarakterizə edən anlayışlarla böyük uğurlara imza atılır. Bu mənada, ictimai və dövlət maraqlarının müdafiəsi müasir dünyamızda aktual bir məsələ olmaqla, özəl bir mahiyyət kəsb edir.

Yeri gəlmişkən, ictimai maraq anlayışının hüquqi bazasının formalaşdırılması, onun mahiyyətinin cəmiyyətə çatdırılması üçün bir sıra qanun və sənədlər də mövcuddur. “İctimai bilgilərə çatım haqqında” 01 yanvar 2005-ci il, “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il, “İctimai iştirakçılıq haqqında” 01 iyun 2014-cü il tarixində qəbul edilən qanunlar bu qəbildəndir...

İctimai və dövlət maraqlarının müdafiəsi eləcə də hamını eyni məqsədə yönəldən və birləşdirən bir anlayış kimi meydana çıxır. Bununla da ictimai və dövlət maraqlarının müdafiəsi ölkə vətəndaşları, cəmiyyət üzvləri üçün böyük məna daşıyır. Bu maraqların qorunması müstəqil, azad, inkişaf etmiş, sabit, təhlükəsiz bir ölkədə yaşamaq deməkdir. Ona görə də ictimai və dövlət maraqlarının müdafiəsi bütün vətəndaşların mənəvi borc hesab edilməlidir. İctimai marağı təmin edən dövlətin maraqlarının qorunması qarşılıqlı olaraq, müxtəlif sahənin mütəxəssisləri üçün də prioritet hesab edilməlidir.

Bir kəsim də var ki, onlar sözügedən maraqların müdafiəsi və qorunmasında cavabdehlik daşıyırlar. Onlar “cəmiyyətin güzgüsü” hesab edilən mətbuat nümayəndələridir. Mətbuat milli maraqların müdafiəsində dövlətin və vətəndaşın müdafiəçisi rolunda çıxış etməlidir. Çünki qlobal informasiya məkanında ölkənin təhlükəsizliyi naminə ictimai və dövlət maraqlarının qorunması zərurəti yaranır. O zaman mediada sözügedən maraqların müdafiəsi məsələsi aktuallaşır. Lakin bu zaman bir sıra məqamlara ciddi şəkildə əməl etmək zərurəti meydana çıxır. Belə ki, mətbuat dövlət və hərbi sirr kateqoriyasına aid məlumatları əks etdirməməli, dövlətçiliyə, onun təhlükəsizliyinə, müstəqilliyinə təhdid xarakterli, cəmiyyətdə təhlükəli tendensiyaya yol açan informasiya yaymamalıdır. İnformasiya eləcə də, cəmiyyətdə sosial, dini, irqi ayrı-seçkiliyi, cinayətkarlığı, terrorçuluğu, hərbi qarşıdurmanı təbliğ etməməlidir. Ölkənin informasiya sahəsində əsas milli maraqları təmin edən məlumatlar qanuni yolla əldə edilməli, hazırlanmalı və yayımlanmalıdır.

Medianın öhdəliklərinə gəlincə, onun dövlət maraqlarından irəli gələn məsələləri işıqlandırması da vacibdir. Bu gün bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən, Ermənistanın işğalçılıq siyasətini açıb ortaya qoyan məqalələr hazırlanmalı, bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin zəruriliyini göstərən materiallar dərc edilməlidir. Bundan başqa, media Azərbaycanın tarixən tolerant, multikultural ənənələrə sadiq bir ölkə olaraq tanıdılması işində də əməyini əsirgəməməli, ona öz töhfəsini verməlidir.

Qeyd etdiyimiz kimi, ümummilli maraqlar “cəmiyyətin aynası”nda öz əksini tapmalıdır. Ona görə də kütləvi informasiya vasitələri həm ictimai maraqların üzə çıxarılmasında, həm də informasiya məkanındakı savaşda dövlətin müdafiəçisi rolunda çıxış etməlidir.

Hazırda dünyada baş verənlərin fonunda, böyük güclərin maraqlarının kəsişdiyi bir vaxtda medianın fəaliyyəti dövlət maraqlarının müdafiəsini zəruri edir. Bu zaman o, milli, dini, sosial ayrı-seçkiliyin təbliğinə, cəmiyyət həyatında bütün mənfi təzahürlərə qarşı barışmaz mövqeyini ortaya qoymalıdır. Eləcə də, dövlət maraqlarının müdafiəsi mənasında, dövlətçiliyə və onun təhlükəsizliyinə təhdid olan hallara yol verməməlidir.

Onu da qeyd etmək vacibdir ki, ümummilli maraqların fövqündə dayanan məsələlərdə hamı həmrəy olmalı, mətbuat isə bu məlumatların önəmini qabartmalıdır. Mətbuatın ilk növbədə funksiyası cəmiyyəti obyektiv, qərəzsiz və tərəfsiz informasiya ilə təmin etmək olduğundan, bu missiyanı milli və dövlət maraqlarına uyğun şəkildə, ona şərəflə xidmət etməklə reallaşdırmalıdır.

Mövzu il bağlı müraciət etdiyimiz Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli hesab edir ki, milli maraqlar bu gün mətbuatda hər şeydən üstün olmalıdır. Həmsöhbətimiz milli maraqların bütün məsələlərin önündə gəldiyini vurğulayır: “Çünki biz elə bir regionda, coğrafi məkanda yaşayırıq ki, mətbuatımız milli maraqlara diqqət yetirməsə, o, hətta jurnalistikadan öncə, vətəndaşlıq mövqeyini ortaya qoymasa, biz milli maraqlar sistemini qoruya bilmərik. Bura ordu quruculuğu, dövlətçilik, azərbaycançılıq, Qarabağın, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda mübarizə və digər məsələlər daxildir. Milli maraqlar xarici dövlətlər qarşısında Azərbaycanın siyasi portretidir. Bütün bunlar milli maraqlar sisteminə daxildir deyə, bir millətin, xalqın, dövlətin təmsilçisi olaraq mətbuatımız öz səhifələrində bu cəhətlərə, xüsusiyyətlərə ciddi diqqət yetirməlidir. Onlara diqqət yetirmirsə, deməli, onun vətəndaşlıq qabiliyyətindən, vətəndaşlıq qeyrətindən danışmaq çox çətindir”.

C.Məmmədli daha sonra konkret mətbu nümunələrinin misalında öz fikrini açıqlayır. Həmsöhbətimiz qeyd edir ki, bu gün istənilən mövqeli mətbuat orqanı milli maraqlar məsələsinə böyük önəm verir: “Bütövlükdə götürsək, istər iqtidaryönlü, istərsə də müstəqil mətbuat nümunələri bu məsələlərə böyük diqqət yetirir. “525-ci qəzet”, “Şərq”, “Kaspi” və bu kimi qəzetlər milli maraqları çox ciddi nəzərə alan materiallar hazırlayır. Bu mətbuat nümunələri həmin maraqlar sistemini həm maarifləndirmə işində göstərən, həm də bu maraqlar sistemini müdafiə edən yazılarla çıxış edir”.

...Zaman daim inkişaf edir və heç kim zəngin, müxtəlif növlü, sürətli informasiya əsrində yaşadığını unutmamalıdır. Bəllidir ki, bu gün diplomatiyanın, istənilən güc strukturunun və s. görə bilmədiyi işi mətbuat məhz informasiya yayımçılığı vasitəsilə həyata keçirir. Bu istiqamətdə mətbuatın, media nümayəndələrinin məsuliyyəti olduqca böyükdür. Gərəkdir ki, milli və dövlət maraqlarının müdafiəsi və qorunması missiyası korpoorativ maraqlara, bəzən təzahür edən siyasi ambisiyalara təslim olmasın. Eləcə də, bu gün informasiya əldə tutulan əsas silah hesab edilirsə, gərəkdir ki, ondan açılan “güllə” də ictimai-dövlət maraqlarının müdafiəsi və qorunması ilə əks mövqedə dayanan istiqamətə tuşlansın.

 Nigar Vaqifqızı

 Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc olunub.

0.2363440990448