"Yalan deyirlər, əvvəla soruşmaq lazımdır ki, onlar niyə xaricdədirlər?" - XALQ ARTİSTİ YASİN QARAYEV

 

Bildiyiniz kimi, keçən həftənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vetse-prezident Mehriban xanım Əliyeva respublikamızın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.

 Səmimi atmosferdə keçən görüşdə Prezident İlham Əliyev son dövürlərdə ölkəmizdə mədəniyyət və incəsənət sahəsində görülən işləri qeyd edərək bildirib ki, bu görüşün məqsədi qarşıdan gələn illərdə mədəniyyət və incəsənət sahəsində görüləcək işləri birgə müzakirə etməkdir.

Heç şübhəsiz ki, Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşü, burada səsləndirilən təkliflərin müzakirəsi, respublikamızda mədəniyyət və incəsənət sahəsində görülən işlərin, aparılan islahatların daha da intensivləşməsinə stimul verəcək. Bunu bizimlə söhbətləşən bir çox incəsənət xadimi də etiraf etdi ki, belə görüşlərdən sonra bu sahədə görülən işlərin həm də keyfiyyətində ciddi irəliləyişlər baş verir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısını hiss edən incəsənət və mədəniyyət işçiləri də, bu etimadı doğrultmaq üçün əllərindən gələni edirlər.

"Paralel" qəzetinin bugünkü müsahibi Respublikamızın Xalq Artisti, "Qızıl Dərviş" mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sevimli aktyorumuz Yasin Qarayevdir. Yasin müəllimlə söhbətimizin təəsüratları, müzakirə olunan məsələlər, eləcə də, dövlət başçısının mədəniyyət xadimləri ilə görüşü ərəfəsində bəzi qüvvələrin səsləndirdikləri fikirlər baradə danışdıq.

Yasin müəllim, cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü barədə təəssuratınızı bilmək istərdik 

Biz, mədəniyyət və incəsənət xadimləri hər zaman Prezidentimizin və Mehriban xanım Əliyevanın diqqət və qayğısını üzərimizdə hiss etmişik və bu gün də hiss edirik. Onların  mədəniyyət xadimləri ilə  bu dəfəki görüşü də, heç şübhəsiz ki, bizə göstərilən diqqətin təzahürüdür. 

Xaricdə yaşayan bəziləri bu cür görüşlərdə daha önəmli məsələlərin həll olunmalı olduğunu  bildirir, görüşdə müzakirə olunan məsələlərə irad tuturlar

Yalan deyirlər. Əvvəla soruşmaq lazımdır ki, onlar niyə xaricdədirlər? Bizi, Azərbaycanı sevənləri xaricdə oturub tənqid etmək çox asandır. Onlar bizə müxalif insanlardırlar, Azərbaycanı sevməyən, dövlətçiliyimizə xələl gətirməyə çalışan, ölkəmizin uğurlarını gözü götürməyən insanlardırlar. Biz burada yaşayırıq, xalqımıza və dövlətimizə xidmət edirik və bundan qürur duyuruq. Onlar gedib dünyanın hansısa bir yerində məskunlaşıb, oradan ölkəmizi seyr edirlər, kənardan baxıb fikir söyləmək lazım deyil. Burada bizim övladlarımız Vətən uğrunda şəhid olublar. Onlar isə ən çətin anlarda ölkəmizi tək edib qaçıblar, övladlarını da özləri ilə aparıblar. Biz isə burada bütün çətinliklərə dözərək mübarizə aparırıq. Ölkəmizin günü-gündən gözəlləşməsini həzm edə bilməyənlərdir bu fikiri söyləyənlər. Onların danışdıqlarının nə əsası var, nə də bir önəmi. 145 illik teatr tarixində teatrlarımızın vəziyyəti bugünkü qədər yaxşı vəziyyətdə olmayıb. Teatr işçilərinin maaşları belə yüksək səviyyəyə qalxmayıb, artıq inam var ki, yenə də qalxacaq. Bu gün ölkəmizdə teatrlar da var, Azərbaycanın teatr sənətinə adlarını qızıl hərflərlə yazdıran insanlar da. Mən onlarla işləmişəm: Yusif Vəliyev, Firəngiz Şərifova, Osman Hacıbəyov və digərlərinin adların çəkə bilirəm. O hədyan danışın insanlar bu gözəlliyi görməyiblər. Hazırda teatrlarımızın təkcə texniki təchizatı o səviyyəyə çatdırılıb ki, heç Avropa ölkələrində belə təchizat yoxdur. Bir misal deyim, əvvəllər səhnənin, teatrın işıqlandırılması üçün cəmi 7, 8 projektor olub, İndi onların sayı 248-ə çatdırılıb. Bunu xaricdə olanlar bilmirlər. 

Dövlətimizin başçısı, Prezident İlham Əliyev hakimiyyətdə olduğu illərdə Mədəniyyət və İncəsənətlə bağlı 400-ə yaxın sərəncam və fərman imzalayıb. Bunları bilməmək cahillikdir, bilərəkdən qarayaxmaq isə nankorluqdur. Bizim mədəni irsimiz YUNESKO-nun tarixinə düşüb. 50 ilə yaxındır teatrda çalışıram, nəyin yaxşı, nəyin pis olduğunu da çox gözəl bilirəm. Yoxsa, gedib İsveçirədə, nə bilim harda kef edib, kafelərdə tamaşalara baxıb fikir yürüdürlər. Mən bunları qətiyyən qəbul etmirəm. Onlara münasibətim belədir, Vətənini, Azərbaycanı, Dövlətçiliyimizi, Müstəqilliyimizi sevməyənlər!  
O ki, qaldı mədəniyyət və incəsənət xadimlərinin dövlət başçısı ilə görüşlərindəki qaldırdıqları məsələlərə, Şəfiqə xanımın, Afaq xanımın, Fərhad Bədəlbəylinin, Mehriban Zəkinin və Bəhram Bağırzadənin söylədikləri təkliflər önəmli təkliflər idi və cənab Prezident bu məsələlərə dərhal müsbət reaksiya verdi. Kinoteatrın təmiri üçün 5 milyon manat ayırdı. 
Zeynalabdın Tağıyevin heykəlinin qoyulması təklifi çox yaxşı təklif oldu.
Lakin bir məsələni qeyd edim ki, Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov görüşdə çıxış edərkən söylədiyi maraqlı fikirlərlə bərabər teatrda çalışan və yaşı 70-i keçmiş aktyorların "Yaş senzi" kimi, mədəniyyətə və incəsənətə dəxli olmayan "qanuna" əsasən aktyorların teatrdan uzaqlaşdırılmanın qarşısını almağa dair təkliflə də çıxış etsəydi, daha yaxşı olardı. Azərbaycan Dram Teatrında belə problem yoxdur, amma Gənc Tamaşaçılar Teatrında, Musiqili Komediya teatrında və digər teatrlarda bu problem var. Musiqili Komediya Teatrında çalışan Səmayə Musayeva, Novruz Qartal, İlham Namiq Kamal yaşa görə teatrdakı işlərindən çıxarılacaqları barədə xəbərdarlıq alıblar. Sumqayıt Teatrlarında və başqa rayon teatrlarında da çalışan yaşlı aktyorlarımızı 65 yaş senzi ilə işdən kənarlaşdırırlar. Bir neçə millət vəkilləri ilə  söhbət etmişəm, lakin onlar mədəniyyət, incəsənət  xadimləri ilə bağlı belə bir qərarın olmadığını bildiriblər.

Rəhmətlik Ağasadıq Gəraybəyli 90 yaşında səhnədə Knyaz rolunu oynayırdı. Bəs bu gün, sabah 80 yaşında nənə, baba obrazını kim canlandırlamı, kim oynamalıdır?
Əgər biz bu gün B.Stanislavski məktəbi ilə işləyiriksə demək bu yaş senzi məsələsi olmamalıdır. Yəni söhbət ondan gedir ki, əgər ölkə başçısı ilə olan görüşdə bu məsələyə toxunulsaydı yüz faiz bu problem də yerində həllini tapardı. Ona görə ki, cənab Prezident dünya mədəni irsindən xəbəri olan, teatrı, incəsənəti sevən insandır.   

 Mən bu gün də də teatrda çalışıram, dövlət başçısına və vitse-prezidentə müraciətim "Ədalət" qəzetində çap olunub. Çox yaxşı bilirəm və əminəm ki, prezidentin son illər söylədiyi fikirlər, həyata keçirdiyi müsbət islahatlar, imzaladığı sərancamlardan sonra yaşlı oktyorlarımızın işdən kənarlaşdırılması məsələsi də qısa zamanda öz həllini tapacaq.
Teatrların statusları artıb, teatra Akademik adının verilməsi o deməkdir ki, hazırda 5 manat alan, artıq 15 manat alacaq. Yaşa görə teart  xadimlərini sevdikləri peşədən, illərlə can qoyduqları işlərindən  uzaqlaşdırmaq kimi mənfi hallar da əminəm ki, öz həllini qısa zamanda tapacaq. 

Söhbət etdi: Şahnaz Salehqızı

0.24589705467224