Soyqırımın hüquqi statusu və Xocalı qətlamı

 

Xocalı faciəsi azərbaycanlıların milli brendinə çevrilməlidir

 Bu gün Xocalı faciəsinin ildönümünün Ukraynada keçrilməsi barədə xəbərlər yəqin ki çoxlarını sevindirdi. Azərbaycan həqiqətlərini dünyaya yaymaq, faciənin şahidləri sağikən bu reallıqları dünya ictimaiyyətinin yaddaşlarına yazmaq bir vətəndaş kimi hər birimizin börcudur. Həm vətəndaş, həm cəmiyyət, həm də dövlət olaraq bu bizim borcumuzdur. Bu borcu yerinə yetirmək üçün bütün imkanlardan istifadə etməli, bu faciənin bütün nüanslarını işıqlandırmalıyıq ki, mənfur düşmənlərimiz qaranlıq məqamlardan istifadə edə bilməsinlər.

Məsələn, bir neçə il əvvəl Avropa şəhərlərindən birində ermənilər Xocalıda qətlə yetrilən azərbaycanlıların cəsədlərinin şəklini erməni kimi təqdim edərək sərgi təşkil etmişdilər. Həmin vaxt Ermənistan parlamentində erməni dovlətini işğalçı adlandıran, Moldovanın ombusmanı Aurele Qiriqoriya çox təsirli bir təklif irəli sürdü. Xanım Qiriqoriya bildirdi ki, Xocalı faciəsi şəhidlərinin məşhurlaşan şəkillərinə onların şəxsiyyətini təsdiq edən sənədin surəti də əlavə edilsin. Sonralar təşkil edilən sərgilərdə bu təklif nəzərə alındı və ermənilərin yalanlarına yer qalmadı. O zaman hamı bunu çox səmərəli təklif kimi qiymətləndirdi.

Əslində, Xocalı faciəsinin dünyaya təqdimatına bu gün müraciət etməyimin özəl bir səbəbi var. Biz faciəni təqdim edərkən adətən aşağıdakı mətni daha çox diqqətə çatdırmağa çalışırıq.

 - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlıları tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədilib:

Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu həqiqi statistikadır, amma bu gün avropalının təsəvvüründə "şəhər" milyonluq yaşayış məskəni kimi qəbul edilir. Ona görə də bu mətnlə tanış olan avropalı düşünür ki, bu adi bir döyüş əməliyyatıdır və bir milyon adamdan döyüşlər zamanı 600-700 sakinin ölməsi təbii haldır. Lakin əsil həqiqət ondan ibarətdir ki, həmin vaxt Xocalıda cəmi 7min sakin var idi. Erməni quldurları həmin gecə Rusiyanın 366-cı moto-atıcı alayının köməyi ilə Xocalı sakinlərinin 30 faizini məhv edib, qalanlarını isə əsir götürərək sonradan işgəncələrlə qətlə yetirib. Xocalıda itkin düşən əhalinin hamısını bir-bir məhv ediblər. Bu incə məqamın əhəmiyyəti ondan ibarətdir ki, ermənilər bir yaşayış məskənini tamamilə xəritədən silib, bir şəhərin soyunu kəsməyə cəhd göstərib və buna nail olub. Xocalı qətliamının bu cür təqdimatı tam olaraq soyqrım aktının beynəlxalq statusuna uyğun gəlir.

Ona görə də, fikrimizcə Xocalı soyqırımının təqdimat mətninə yaşayış məskənində soyqırım zamanı yaşayan əhalinin sayını mütləq qeyd etmək lazımdır. Soyqırım beynəlxalq normalara görə, hər hansı bir toplumun yer üzündən silinməsinə, soyunun kəsilməsinə yönəlmiş fəaliyyətdir. 26 fevral 1992-ci ildə hədəf bütün Xocalı əhalisinin məhv edilməsi olub. Sadəcə olaraq həmin gecə şəhərdə olmayanlar və düşmən pəncəsindən qaçıb canını qurtara bilən 100-200 nəfər təsadüf nəticəsində sağ qalıb. Biz, məhz bu məqamı dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırmalıyıq ki, Xocalı şəhidlərinin qanı yerdə qalmasın!

 

Akif Nəsirli

[email protected]

0.15369701385498