Kötücələr belə deyir; "işləməyən dişləyər"

 

Çox işləmək, heç də xoşbəxtlik əlaməti deyil...

 

"Qadınlara güvənin ki, güvəndə olasınız"

Bu gün mən sizinlə bir neçə fərqli mövzularda söhbət açmaq istəyirəm. Çünki tənqid yazmaqdan yorulmuşam artıq. Tənqid yazırsan, kostruktiv də olsa belə, hamı onu qərəz kimi qəbul edir, bu canım məmləkətdə. Tərif yazmaq isə əsla əlimdən gəlimir, bu sahədə adi səriştəm belə yoxdur. Bu səbəbdən də gəlin bir qədər səmimi olaq, qərəzli tənqidlə, döstcasına deyilən nöqsanların fərqinə varaq.

 

Yuxarıda qeyd etdiyim kimi, bugünkü mövzum tənqid deyil, müəyyən iradlar ola bilər, tənqidə öyrəncəliyəm axı.

Biz zaman-zaman dilimizə gətirdiyimiz atalar sözlərinin heç də bu gününmüzlə səsləşmədiyinin şahidi oluruq. Məsələn, "işləməyən, dişləməz". Bu atalar sözünün, əslində mənası odur ki, insan yaşamaq üçün işləməlidir. Ancaq bu gün məmləkətimizdə elə insanlar var ki, illərlə işləmir, amma işləyəndən daha çox dolanır. Bunun bir çox əmması var, dərinə varmaq istəmirəm, çünki qabağıma başqa bir atalar sözü çıxır, "bacarana baş qurban". Yəni, məmur bu milləti, dövləti talayır, yeyir sənə nə, bacarır da...

Başqa bir əmma odur ki, insan öz istəyinə və bacarığına uyğun, normal əmək haqqı ödənən bir iş axtarır, amma tapa bilmir. Bu səbəbdən də, illərlə iş axtarmalı olur, amma qarın dözmür axı, yemək istəyir...

Belə misalları çox çəkmək olar, çünki insanlar müxtəlif olduqları kimi, istəkləri də müxtəlif olur. Biri istəyir ki, az işləyib, çox qazansın! Digəri istəyir ki, kimisə çox işlədib, az para ödəsin, yaxud da, ümumiyyətlə ödəməsin, "atsın". Bildiyiniz kimi, dünyanın heç bir yerində az işləyib, çox yeyən insanlar yoxdur, MDB məkanındakı məmurlar, deputatlar və "sahibkarlar" istisna...

Digər bir qrup insanlar, ümumiyyətlə işləmədən çox yemək istəyirlər ki,  bunun üçün dələduzluq, möhtəkirlik, atıb-aldatmaq kimi yollara baş vururlar və son nəticədə səsləri həbsxana divarları arxasından gəlir. Deyirlər, orada işləməyə ehtiyac yoxdur, gündə üç dəfə dövlətimizin və çalışan insanlarımızın hesabına yeməklə təmin olunurlar.

Digər bir atalar sözümüzdə deyilir ki, " iş insanın cövhəridir". Bu da bir qədər mübahisəli məsələdir, çünki bu sözü bizim atalarımız desələr də, bundan yaponlar bəhrələnirlər (yəqin ki, atalarımız bu sözə vaxtında patent, yaxud müəllif hüququ almayıb). Dünya mediasında yayılan məlumatlara görə, dünyada ən çox işləyənlər yaponlardır, ən uzun ömürlü insanlar da, Yaponiyada yaşayırlar. Ancaq yaponlar bizim qədər xoşbəxt deyillər. Çünki hamıdan çox çalışan yaponlar arasında ölüm hallarının da çoxu iş yerlərində baş verir. Yemədən, içmədən, məzuniyyətə, tətilə çıxmadan çalışan yaponların maddi durumları, yaşam imkanları bizlərdən qat-qat yüksək olsa da, onlar heç cür xoşbəxt ola bilmirlər (bunu ona görə xüsusi qeyd etdim ki, son vaxtlar bizimkilər də xoşbəxtliyi yalnız pulda, parada axtarır). Bunun da əsas səbəbi vaxtlarının çoxunu işdə keçirmələridir. Yaponların demək olar ki, asudə vaxtları olmur. Onlar özləri də etiraf edirlər ki, istirahət və əyləncə işləyən adamlar üçün deyil. Deməli, işləyən adam əylənə, dincələ bilməz. Onda belə çıxır ki, yaponların timsalında "iş insanın cövhəridir". Amma bir şey var ki, əgər işləyən insanın əylənmək, istirahət etmək imkanı yoxdursa və bütün əyləncə və istirahət məkanları insanlarla doludursa, deməli, atalarımızın "işləməyən dişləməz" deyimində yanlışlıq var, əslində dişləyən elə işləməyənlərdir. Deməli, atalar sözü də belə olmalıdır, işləməyən dişləyər.

Yaponiya həm də dünyada iş saatlarının ən uzun olduğu ölkədir. Bu səbəbdən də ölkədə son illər işlə bağlı ölüm halları çoxalıb.

Bizim düşüncəmizə görə, dünyanın ən inkişaf etmiş,  uzunömürlü insanların daha çox yaşadıqları ölkə olan Yaponiya, sən demə, heç də cənnət-məkan deyilmiş...

Heyif deyil Azərbaycan, iş həftəsi 36 saat, istirahət, əyləncə mərkəzlərinin də ki, nə sayı var, nə hesabı!

O ki qaldı ölüm məsələsinə, bir var iş yerində tozun -torpağın içində öləsən, bir də var istirahət mərkəzində, əyləncə başında, ən pis halda evində işin-gücün yox, divanda uzanmısan, qarşında da pürrəngi çay, hansı ölüm daha yaxşıdır? Odur ki, heç zaman başqalarına qibtə etməyin.

İndi isə diqqətinizə başqa bir məsələni çatdırmaq istəyirm. Bu da bilavasitə işlə bağlıdır. Ancaq daha geniş mənada, çünki buraya həm də qlobal gender problemi daxildir. Bir vaxtlar bizdə də deyirdilər ki, ay bu qadın işi deyil, filan bəşməkan. Artıq bu məsələlər heç bir əhəmiyyət kəsb etmir. Əgər qadın özündə güc-qüvvət, bacarıq, istedad hiss edirsə, istədiyi yerdə işləyə bilər və işləyir də.

Azərbaycanda çox sayda deputat, komitə sədri, nazir müavinləri, icra başçısı və onların müavinləri və s. vəzifələrdə çalışan bicarıqlı qadınlarımız var.

Bu yaxınlarda mətbuatda yayılan məlumatlara görə, "Xaliq Faiqoğlu"MMC şirkəti ictimai nəqliyyatlda işləmək istəyən xanımları əməkdaşlığa dəvət edib. Nəqliyyat üzrə eksperti Fərhad Eyyubovun isə bu məsələyə münasibəti birmənalı olmayıb. O, mətbuata açıqlamasında bildirib ki, nəqliyyatın idirəedilməsi baxımından ən çətin sahə sərnişindaşınmadır. Buna görə də qadınların belə gərgin işdə işləmələri onlar üçün çətin olar. Fərhəd müəllimin fikirlərini qəbul etmək olar, amma tam şəkildə yox. Bu gün şəhərimizin küçələrində yüzlərlə, minlərlə qadın sürücü var. Əgər Bakı Avtovaqzalına getsəniz, orada onlarla taksi sürücüsü olan qadınlarla rastlaşarsınız. Bu qadınların heç biri xoş güzarandan taksi sürücülüyü etmir. Sadəcə olaraq, ailəsinə çörək pulu qazanmaq naminə bu işdə çalışırlar. Hesab etmirəm ki, avtobusu idarə etmək, taksi sürücülüyündən daha çətindir.

Sovet dönəmində Bakı da daxil, bütün paytaxt şəhərlərdə tramvay və traleybus sürücülərinin əksəriyyəti qadınlar idi. Bəli, deyə bilirsiniz ki, xətt nəqliyyat vasitələri ilə avtobuslar arasında çox böyük fərq var. Olsun, taksi sürücülüyündən ki, ağır deyil. 8 saat ərzində göstərilən xətt (marşrut) üzrə hərəkət edirsən, uzağı 10-15 günə bütün çətinliklər arxada qalacaq. Normal maaşla təmin olunduqları halda, ailələrinə də vaxt ayıra bilərlər. Daha taksi sürücüsü kimi, gecə-gündüz küçələrdə olmayacaqlar. Bu mənim subyektiv fikrimdir.

Əslində, mən də hesab edlirəm ki, qadının ən ümdə vəzifəsi xalqına, dövlətinə, ailəsinə layiq övlad yetişdirməkdir. Əgər qadın işini və övlad tərbiyəsinin eyni dərəcədə tənzimləyə bilirsə, buna kim nə deyə bilər ki?

Bu günlərdə ABŞ-ın Koliforniya ştatında qeydiyyatda olan şirkətlərə xəbərdarlıq olunub ki, korparasiyaların direktorlar şurasında qadınların yer alması mütləqdir (bu nə taksi sürücülüyüdür, nə də avtobus). Bu barədə ştat qubernatorunun Senatın hüquq komitəsinə ünvanladığı məktubda qeyd olunub. Yeni qanun qəbul olunduğu halda, 2019-cu ilədək hər bir korparasiyanın direktorlar şurasında ən azı bir qadın olmalıdır. Daha sonrakı illərdə direktorlar şurasında təmsil olunan qadınların sayı artırılmalıdır. Bu qanunu pozan şirkətlər birinci dəfə 100 min dollar, eyni hal təkrarlandıqda isə 300 min dollar cərimə ödəməli olacaqlar. Bu qanun layihəsinin müəllifləri hesab edirlər ki, rəhbərlikdə qadınların təmsil olunduğu şirkətlər daha yaxşı maliyyə göstəricilərinə malikdirlər.

Bu da məlum həqiqətdir ki, qadınların olduğu yerlərdə nizam-intizam, səliqə-sahman daha yüksək səviyyədə olur. Qadınlar həm də kişilərə nisbətən daha qanunpərəst olurlar və qanunların pozulmasına yol vermirlər. Qadınlar həm də ana olduqlarından, insanlara münasibətdə daha dözümlü, səbirli və səmimi olurlar. Bütün bunları Azərbaycanın məmur qadınları barəsində demək, bir qədər çətin olsa da, hər halda, qadınlar onlara tapşırılan vəzifənin öhdəsindən gəlmək üçün bütün qüvvələrini sərf edirlər, Azərbaycan qadını da istisna deyil. Buna həm də onları əhatə edən mühit imkan verməlidir. Mənə elə gəlir ki, özünə hörmət qoyan heç bir qadın məmur, kişi məmurlar kimi, leksikonunda söyüşə, təhqirə yol verməz.

O ki qaldı atalar sözlərinin günümüzlə səsləşməməsinə, birini də mən deyim, qoy yüz il sonra da, onlar desinlər ki, bu atalar sözü günümüzlə səsləşmir, "qadınlara güvənin ki, güvəndə olasınız". Kim bəyənmədisə, qəbul etməyə bilər. 

Əlqərəz, bu gün sizə deyəcəklərim bu qədər.

0.15644907951355