Nazir rüşvət mafiyasına rəvac verir

 

 

Tapdıq ABBAS

Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

Əlilərin dövlətdən alacağı haqq kəsilir

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazir kür-süsünə əyləşdiyi 18 ayda ölkə əhalisinin əlil, şikəst, təqaüd, sosial yardım alan və təqaüd almalı olan kəsiminin vəziyyətini daha da ağırlaşdırıb desəm, buna şübhə etməyin. Bununla da o, əlil insanların ailəsini ac qoyub, özlərini isə intihar həddinə çatdırıb. Bu yolla dövlət büdcəsindən ayrılan vəsaitə "qənaət" edərək, əlillərə zülm etməkdən belə, çəkinmir.

Nazir kürsüsünə əyləşən gündən nazirlikdə gördüyü işləri, etdiyi yanlış hərəkətləri yaxından təqib edən, izləyən şəxs kimi, deyə bilərəm ki, Sahil Babayev xalqa divan tutur, millətin sosial müdafiəyə möhtac olan kəsimini daha ağır duruma salmaq üçün əlindən gələni əsirgəmir. Bu barədə deyəcəyim faktlar Sahil Babayevin xalqımıza dost olmadığını təsdiq edir. Gəlin, faktlara müraciət edək:

Birinci fakt: Sahil Babayev nazir postuna əyləşən kimi, nazirliyin peşəkar, təcrübəli əməkdaşlarını ucdantutma sabiq nazir "Səlim Müslümovun kadrları" kimi, ölkə qanunlarına, Əmək Məcəlləsinə məhəl qoymadan, işdən çıxardı, onların vətəndaş kimi Konstitusiya hüququnu ayaq altına atıb, tapdaladı. Qanunsuzluq törədən Sahil Babayevə Konstitusiyanı, Əmək Məcəlləsini və vətəndaşların hüququnu təmin edən qanunları "ayaqlama", - deyən olmadı! Nazirliyin peşəkar əməkdaşlarının və mütəxəssis kadrların yerinə isə, təcrübəsiz qohum - əqrabasını, tələbə yoldaşlarını, pivə və domino həvəskarı olan dostlarını gətirdi. Xalq arasında deyildiyi kimi, nazirlik "bardağa" döndü, amma yenə də Sahil Babayevə "dur", - deyən olmadı. Əksinə, Nazirliyin işinə nəzarət etməyə məsul olan şəxslər dinmədilər, çünki Sahil Babayev hər yerdə özünü "ailənin yaxın adamı" kimi təqdim edir.

İkinci fakt: Sahil Babayev, guya, ölkədə işsizliyi aradan qaldırmaq üçün "Özünüməşğulluq proqramı" layihəsini həyata keçirərək, insanlara verilən sosial  yardımı dayandırdı, şəxsi təsərrüfat yaratmaq məqsədilə insanlara sağlam damazlıq heyvan əvəzinə xəstə və yararsız heyvanlar sırıdı və bununla da dələduzların külli, miqdarda dövlət vəsaitini mənimsəməsinə şərait yaratdı. Bu da yardıma ehtiyası olan insanların böyük narazılığına səbəb oldu. Ölkə mətbuatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xalqın başına gətirdiyi bu rüsvayçılıqları ifşa etdi. Nazirlik əməkdaşlarının aldatdığı insanların etiraz səsi ölkədə böyük rezonans doğurdu. Bununla belə, Sahil Babayevin ölkədə yaratdığı etirazlara əhəmiyyət verən olmadı.

Üçüncü fakt: Sahil Babayevin müalicəyə ciddi ehtiyacı olan əlillərə biganə münasibəti səbəbindən sağlamlıqlarını Qarabağ müharibəsində itirən bir qrup müharibə əlili vaxtından əvvəl dünyasını dəyişdi. Sahil Babayevin bütün fəaliyyəti boyu aydın hiss edilən ən ciddi nöqsanı odur ki, o, dövlət büdcədən əlil, zəlil, imkansız insanların sosial müdafiəsinə sərf olunmaq üçün ayırılan külli- miqdarda dövlət vəsaitlərini təyinatı üzrə xərcləmədi və  özünə yaxın əməkdaşlar tərəfindən mənimsənilməsinə imkan yaratdı..

Dördüncü fakt: Sahil Babayev Səlim Müslümovun dövründə saxta əlillik dərəcəsi alan insanları aşkar etmək məqsədilə böyük işlər həyata keçirdi və bu, alqışlanası bir haldır. Lakin çox təəssüflər olsun ki, bu proseslərin gedişində rüşvətxorluğa meydan verilir və saxta əlillik dərəcəsi alanlardan daha çox, rüşvət vermək imkanı olmayan həqiqi əlil insanların təqaüddən məhrum edilmə hallarına rast gəlinir. Proses bu gün də davam edir, insanlar ölkənin hər yerindən nazirliyin Bakıda yerləşən Ekspertiza Mərkəzinə çağrılır. Mərkəzin şöbə müdiri Mətanət Məmmədovanın rəhbərlik etdiyi komissiya insanları təkrar müayinədən keçirir. Müayinə zamanı əlil insanların xəstəliyini təsdiq edərkən, tapşırılan və rüşvət verən insanların əlillik dərəcəsi qüvvədə saxlanır, digər əlillərin dərəcələri isə heç bir əsas göstərilmədən ləğv edilir.

Nazirin mətbuata verdiyi son açıqlamasında da 2500 nəfərin əlilliyinin ləğv edildiyi və 1800 nəfərin sosial yardımının dayandırıldığı bildirilir. Biz də mətbu orqan olaraq, ölkədə gedən bu prosesləri təqdir edirik. Ölkədə saxta əlillik və sosial yardım alanların çox olduğuna da şübhə etmirik. Ancaq, bu prosesdən də nazirlik əməkdaşlarının qazanc məqsədilə istifadə etmələrinin də fərqindəyik.

Əgər bu günə qədər nazirlik 2500 nəfər insana saxta əlilik və 1800 ailəyə saxta sosial yardım veribsə, saxta əlilik dərəcələri verən müalicə həkimləri və Tibbi Sosial Ekspert Komissiya sədrlərinin,  hər kəsdən 3-5 min manat rüşvət alan baş həkimlərin və insanların saxta sosial yardım almasını təşkil edən DSMF - nin yerli şöbə rəhbərləri niyə məsuliyyətə cəlb olunmur? Bu sualın cavabı aydındır, bəs, niyə onlardan külli- miqdarda rüşvət alınır və heç bir cəza verilmədən vəzifədən azad olunurlar?!

Yəni, ƏƏSM nazirliyində hazırda əlillər arasında aparılan təkrar müayinələr və buna oxşar digər əməliyyatlar ölkə Prezidentinə məruzə edildiyi kimi, heç də sağlam təməldə getmir və Nazirliyə toplaşan peşəkar rüşvət mafiya üzvləri nazirin təcrübəsizliyindən məharətlə sui-istifadə edirək, külli- miqdarda rüşvət yığırlar. Zərbə isə xalqa və dövlətə dəyir.

0.233726978302