Mübariz dəyişdi, amma “ənənə” dəyişmədi

 

Şahnaz Salehqızı

 Rüşvətxorluq davam edir, əvvəlki tək...

 

Prezident İlham Əliyev yol polisi orqanlarında hökm sürən rüşvətxorluğun kökünü kəsmək üçün xeyli tədbir görsə də, hətta bu qurumun tabe olduğu DİN şefini dəyişsə də, yol polisi sistemindəki rüşvət çarxını durdurmaq nədənsə mümkün olmur.

Ölkə prezidenti oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkədə tüğyan edən rüşvət və korrupsiyanın ölkəmizin inkişafına mənfi təsirindən danışdı. Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilsə də, bu bəlanı dayandırmaq müşkülə çevrilib. Prezidentin tapşırıqlarına baxmayaraq, bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bu istiqamətdə ciddi tədbirlər görmürlər. Korrupsiyanın ən çox tüğyan etdiyi sahələrdən birinin Dövlət Yol Polisi olduğunu bütün xalq və hətta az qala dünya bilir. Bu faktı danmağın, inkar etməyin mümkün olmadığını ölkə vətəndaşları da təsdiq edir. Sürücülərin qanunsuz cərimələnməsi, yük maşınlarının Dövlət Yol Polisi postlarında əsassız incidilməsi, yazılan cərimələrin həddən artıq alınması adiləşib. Bu faktlar çoxdan mövcuddur.

Dövlət Yol Polisi sistemində korrupsiya və rüşvətxorluğun dözülməz həddə çatması ilə bağlı məsələ bir neçə dəfə dövlət səviyyəsində müzakirəyə çıxarılıb və bu halların qarşısını almaq üçün ciddi tədbirlər görülüb. Prezident İlham Əliyevin zamanla müdaxiləsi bu sahədə rüşvətxorluğu qismən azaltsa da, sonradan yenə eyni proses daha sürətlə davam etməyə başlayıb. Yol polislərinin əmək haqlarının həddindən artıq az olması bəhanəsi də dövlət başçısı tərəfindən kəsildi. Dövlət yol polislərinin əmək haqqı birdən-birə bir neçə dəfə artırıldı və bu addım ictimaiyyət tərəfindən də müsbət qarşılandı. Özüm də daxil olmaqla, ölkənin ən kasıb təbəqəsi belə, yol polisinin əmək haqlarının bu qədər artırılmasına sevindi də. Çünki yol polislərinin əmək haqqının artırılması kasıb və imkansız sürücülərin əsassız təqib və cərimələnməsinin qarşısını almalı idi. Amma nəticə heç də belə olmadı. Yol polislərinin əmək haqları birdən- birə artırıldıqdan sonra Daxili İşlər Nazirliyi yol polislərinə ciddi göstəriş versə də, rüşvət hallarına son qoyulmadı. Sürücülərin əsassız saxlanılması, avtomobillərin təqibi və digər hallar bir müddət səngisə də, proses yenidən gücləndi.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov yenə də tabeçiliyində olan əməkdaşların öhdəsindən gələ bilmir. Tapşırıq veriləndən sonra bir müddət telekanallarda özünü və əməkdaşlarını reklam edən və guya rüşvətə son qoyulduğunu iddia edən cənab general sonradan yenə də bu sahədə rüşvət hallarını davam etdirməyə başladı. Necə deyərlər, nə rüşvətə son qoyuldu, nə də yol polisi əməkdaşlarının özbaşınalıqlarına.

Yenə də yollarda avtomobillərin təqib edilməsi, sürücülərin qanunsuz cərimələnməsi, onlardan külli miqdarda rüşvət alınması davam edir. Narazılıq edən sürücülər isə daha ağır cərimələrlə susdurulur. Avtomobillər sürücülərin əlindən alınaraq, cərimə meydançalarına göndərilir, sürücülərdən külli miqdarda rüşvət alınandan və izahat yazdırılandan sonra yalvar-yaxarla buraxırlar ki, ikinci dəfə həmin sürücü qanunsuz saxlanmağa etiraz etməsin. Necə deyərlər, yol polisinin maaşları 10 dəfə artırılsa da, rüşvət də bir o qədər yüksəldi.

 

Sürücülük vəsiqələrinin qiyməti “od tutub yanır”

 

Cəmiyyətdə rüşvət mənbəyi kimi tanınan vətəndaşlara sürücülük vəsiqələrini verən idarələrdə baş verən proseslər yəqin ki, bütün sürücülərə tanışdır. Burada sürücülük vəsiqəsi verilmir, acıq şəkildə satılır. Bu sahəyə əvvəllər Mübariz Şahbazov başçılıq edirdi. Cənab nazir Vilayət Eyvazov Mübariz Şahbazovu təqaüdə göndərəndən sonra hazırda bu işə Ramiz Zeynalovun özü rəhbərlik edir.

Mətbuat yazır, vətəndaşlar deyir, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi isə bu faktı inkar edir və sürücülük vəsiqəsinin dövlət qiymətinin 44 manatdan artıq olmadığını iddia edir. Əslində, sürücülük vəsiqəsinin dövlət rüsumu 44 manata yaxındır. Bütün sürücülərə bəllidir ki, sürücülük vəsiqəsi almaq üçün imtahandan keçməyə görə aidiyyatı imtahan-qeydiyyat bölməsinə sürücülük vəsiqəsinin pulu ödənilməlidir. Bu pul isə 44 manat deyil, 900-1000 manat tələb olunur. Ən yaxşı halda, güzəşt edərlərsə, sürücülük vəsiqəsini sənə 800 manata satırlar.

Bu korrupsiyanın başında duran şəxsin kimliyi hamıya yaxşı bəllidir. Düşünürəm, bu barədə geniş şərhə ehtiyac yoxdur. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun isə bu prosesə son qoyması inandırıcı deyil. Çünki, artıq neçə dəfə bu sahədə korrupsiyanın yığışdırılması ilə bağlı təpkilər olsa da, general Ramiz Zeynalov hansısa müsbət addım atmayıb. Elə yenə əvvəlki kimi rüşvət faktları inkar olunur, Yol polisləri yollarda sürücüləri cərimələməkdə, vətəndaşları incitməkdə, avtomobilləri qanunsuz təqib etməkdə davam edir. Çünki, arxayındırlar ki, hansısa bir fakt və hadisə aşkar edilərsə belə, Baş Dövlət Yol Polisi İdarəsi onları istənilən şəkildə müdafiə edəcək, ictimaiyyəti, kasıb və imkansız əhalini inkar edib, rüşvət alan işçisini müdafiə edəcək. Bu dəfə məsələyə yenidən dövlət səviyyəsində müdaxilə olunsa, inanıram ki, pis  nəticə verəcək  və cənab generala ucuz başa gəlməyəcək. Necə ki, son günlər özünə güvənən yüksək rütbəli, millətə sitəm edən bir neçə məmurun taleyi həll olundu.

Ehtimal etmək olar ki, DİN vəzifəsinə yeni təyin olunmuş Vilayət Eyvazov Baş Dövlət Yol polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovu vəzifədən azad etməyincə, bu sistemin rüşvətdən xilası mümkün olmayacaq.

0.17401504516602