"Süni qiymət artımı" bəlası

 

Odla su arasında qalan çörəkçilər neyləsin?!

 Biz dəfələrlə təkrarladığımız mövzuya yenidən qayıtmağa məcburuq. Çünki nazirlərimiz iş görmək əvəzinə əhalinin bilgisizliyi ilə manipulyasiya edir - iqtisadi prosesləri bazar iqtisadiyyatının təməl prinsiplərindən kənar izah edirlər. Əslində, bu izahlar çox gülüncdür, amma cəmiyyətdə buna gülən çox azdır, səbəbini izah etməyə çalışaq.

Son illər "süni qiymət artımı" mövzusu Azərbaycan nazirlərinin, komitə sədrilərinin və digər məmurların, eləcə də deputarların çox həvəslə danışdığı mövzudur. Çünki hazırda Azərbaycan vətəndaşlarının tən yarısı, hələ də sovet steriotipləri ilə düşünən insanlardır. Əhalinin də az qala yarısı dünyadan xəbərsiz, bazar iqtisadiyyatı sistemi barədə təsəvvürlərə malik olmadığına görə, köhnə ənənələrə söykənərək düşünür. Bilməyənlərin nəzərinə çatdırım ki, sovetlər dönəmində bir sahibkar vardı, o da dövlət idi. İstehsalçı da, satıcı da dövlət idi. Bu səbəbdən də ölkədə qiymətləri dövlət müəyyən edir və tənzimləyirdi. Lakin bazar iqtisadiyyatının təməl prinsiplərindən biri ondan ibarətdir ki, bu sistemdə qiymətləri tələb və təklifin təsiri altında bazar özü tənzimləməlidir. Artıq Azərbaycan bazar iqtisadiyyatına keçid dövrünü çoxdan başa vurduğunu elan edib. Biz hazırda zaman baxımından modelin otrüşduğu ölkələrdən sayılmalıyıq. Keçidə 90-ların əvvəlində başlanılıb, həmin dövrdən 30 ilə yaxın vaxt ötür. Buna baxmayaraq, iqtisadiyyat naziri Şahin Mustafayev deyir ki, Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur. Təsəvvür edin, nazir 1-2 məhsuldan danışmır, bütov bir seqmentə nəzarət etdiklərini, ərzaq məhsullarına qiymət qoyduqlarını idda edir. Əgər ərzaq hansısa sahibkarın məhsuludursa, əmtəəsidirsə, bazar iqtisadiyyatı şəraitində hökumət ona necə nəzarət edə bilər, cənab nazir?! Hörmətli nazir yəqin ki, bazar iqtisadiyyatı şəraitində hökumətin bazar qiymətlərinə müdaxilə imkanlarının olduğunu eşidib, amma təfsilatına varmayıb. Bəli, bazar iqtisadiyyatı ölkələrində dövlət qiymətlərə təsir edə bilir, lakin bunu inzibati qaydada, əmir formasında deyil, iqtisadi alətlər vasitəsi ilə həyata keçirir.

Məsələn, hökumət ölkədə un və un məhsullarının qiymətini aşağı salmaq istəyirsə, istehsalçıları vergidən azad edir, onlara subsidya ayırır, məhsuldar toxumlarla təmin edir, əvəzsiz aqrotexniki məsləhətlər, treninqlər keçirir, güzəştli şərtlərlə texnika təklif edir və s. Bütün bunlar ölkədə ərzaq buğdasının istehsalını genişləndirir, bolluq yaranır, bu isə bazarda qiymətlərin aşağı düşməsinə səbəb olur. Bu sətirləri oxuyan hər kəsdə belə bir assosasiya yaranır ki, bütün bu tədbirlərin hamısına ölkəmizdə əl atılıb, amma bununla belə ölkədə ərzaq buğdasının bolluğuna nail oluna bilməyib, hələ də yerli istehsal yerli tələbatı ödəmir, ölkəyə hər il təxminən 1,2 milyon ton ərzaq buğdası idxal edilir. Deməli, görülən tədbirlər çox səmərəsiz həyata keçirilib, layihələrin keyfiyyəti aşağı olub.

Ona görə də ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışmağa məcbur olan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir. Bu ifadənin özü ona işarə edir ki, nazir iqtisadçı kimi deyil, siyasətçi kimi danışır. Çünki ötən il dünyada ərzaq buğdası istehsalı 20 faizə qədər azalıb. Bu səbəbdən də dünya bazarında qıtlıq olduğundan ərzaq buğdasının qiyməti bahalaşıb. Bu bahalaşma isə idxaldan asılı ölkə kimi Azərbaycana təsirsiz ötüşə bilməz.

Ş.Mustafayev fikririni bir qədər də inkişaf etdirərək deyir ki, taxıl idxal etdiyimiz ölkələrdən bəzilərində bu məhsul bahalaşıb ki, bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın. Tədbirlər isə ondan ibarətdir ki, inzibati qaydada çörək istehsalçılarına qiymətləri bahalaşdırmağı qadağan edirlər. Onlara açıq-aşkar xəbərdarlıq edirlər ki, qiymətləri artırsanız işləyə bilməyəcəksiniz. Odla su arasında qalan çörəkçilər isə illərin təcrübəsindən yararlanaraq çörəyin çəkisini azaldır və bununla da özlərinə mənffət normalarını təmin edirlər.

Nə qədər ki, hökumət iqtisadi problemləri iqtisadi nəzəriyyənin imkan verdiyi vasitələrlə deyil, inzibati nəzarət, diktə yolu ilə həll etməyə çalışacaq, o vaxta qədər biz də ciddi problemlərin basqısı altında yaşayacağıq.

 Akif Nəsirli

0.22891283035278