“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”

 

Kitabdan hissələr- 14

Əbülfəz Elçibəy iqtidarı nədən çökdü?

Öncə Əbülfəz Elçibəyin bioqrafiyasına qısa bir nəzər yetirək.
Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə Azərbaycan Dövlət Universitetnun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə tamamlayıb. “Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975)
Ə. Elçibəy 1975-ci ilin yanvarında tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs olundu. 1976-cı ilin iyul ayının 17-də həbsdən çıxdıqdan sonra bir müddət işsiz qalan Ə. Elçibəy 1976-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. 1992-ci ilin iyul ayının 17-ə qədər bu institutda böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi vəzifələrində çalışdı.
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparırdı. Gizli dərnəklərdə kommunist rejiminə qarşı çıxışlar edir, Azərbaycanın müstəqilliyi barədə fikirlər söyləyir və Bütov Azərbaycan ideyasını təbliğ edirdi. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda Əbülfəz Elçibəy də önə çıxanlardan biri oldu. 1989-cu ildə Xalq Hərəkatının təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri də o idi. 1989-cu ilin iyul ayının 17-də Ə. Elçibəy Azərbaycan Xalq Cəbhəsinin sədri seçildi. Məhz onun sədrliyində Xalq Cəbhəsinin gərgin mübarizəsi sayəsində 1991-ci ilin oktyabr ayının 18-də Ali Sovetinin iclasında Azərbaycanın müstəqilliyi haqqında Akt qəbul edildi.
1992-ci ilin iyun ayının 7-də keçirilən seçkilərdə qalib gələn Ə. Elçibəy iyun ayının 17-də Azərbaycanın prezidenti kimi fəaliyyətə başladı.
Nədən Ə. Elçibəy hakimiyyəti bir il sürdü?
Nədən xalqın güvənc yeri olan AXC bir il sonra gözdən düşdü?
Əminəm ki, siyasətin əlifbasını anlayanların əksəriyyəti yox, yüzdəyüzü Ə. Elçibəy hakimiyyətinin Kreml tərəfindən süquta yetirildiyini iddia edir. Kreml amili Ə. Elçibəyin iqtidardan getməsində təbii ki, ön sırada dayanırdı. İkinci amil isə nə qədər təəccüblü olsa da, Ə. Elçibəyin komanda üzvləri idi.
Ə. Elçibəy iqtidarının ömrünün bir il olmasını tam olaraq bir nonsens saymaq olar. Qeyd olinan qüvvələr tərəfindən çarpaz atəş altında qalan bir hakimiyyət iki-üç ay ərzində yıxılmağa məhkum idi. Zehniyyət dəyişikliyi gerçəkləşdirən toplumin müstəqil dövlət sevgisi və xalqın Ə. Elçibəyin səmimiliyinə, dürüstlüyünə olan inamı onun iqtidarının ömrünü az da olsa uzatdı. Prezident Ə. Elçibəyin sahib olduğu bu mənəvi dəyərlər komanda üzvləri tərəfindən istismara məruz qaldıqca vətəndaşlrın dövlətə olan inamı sarsılmağa başladı. Onun iqtidarının ömrünə aylar əlavə olduqca Xalq Cəbhəsinin reytinqi sürətlə aşağı düşdü. Vahid, monolit komanda meydanda yox idi. Bəzi faktları xatırlatmaq yerinə düşər.
Xocalı qətliamından sonra Ayaz Mütəllibovun istefasına nail olan Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq Ə. Elçibəyin prezident seçilməsinə qədər hakimiyyəti ələ keçirmişdi. 30-a qədər rayon Xalq Cəbhəsinin tabeçiliyində idi. Parlamentin sədri başda olmaqla bir neçə yüksək dövlət postunu da Xalq Cəbhəsinin üzvləri tuturdu. Geniş əhali kütləsi tərəfindən dəstəklənən Xalq Cəbhəsinin namizədinin seçkilərdən qalib çıxmasına nə, ölkə daxilində, nə də, seçkilərdə marağı olan xarici dövlətlərin siyasi kəsimində kimsənin şübhəsi yox idi. Belə bir durumda Azərbaycan Xalq Cəbhəsinin üzərinə düşən ən birinci vəzifə elan etdiyi mərama uyğun olaraq seçkilərin tam şəffaf, obyektiv və demokratik keçirilməsinə nail olmaqdı. Ə. Elçibəyə ən ciddi rəqib Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev ola bilərdi. Azərbaycan Xalq Cəbhəsi Milli Məclisin 1992-ci ilin may aının 18-də keçirilən məlum sessiyasında H. Əliyevi “neytrallaşdırdıqdan” sonra prezident seçkisində Ə. Elçibəyin rəqibləri üzərində böyük hesabla qələbəsi gözlənilirdi. Ancaq seçkilərə bir neçə gün qalmış Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilmiş cəbhəçi nazirin “nəyin bahasına olursa, olsun Ə. Elçibəy prezident kreslosunda oturacaq” bəyanı seçkinin demokratikliyinə kölgə salmaqla bərabər, Azərbaycan Xalq Cəbhəsində bolşevizmin təzahürünü ortaya qoydu. İlginc olan o idi ki, nə, AXC sədri və prezidentliyə namizəd Ə. Elçibəy, nə də, Xalq Cəbhəsinin rəhbərlərindən bir kimsə bu anormal açıqlamanın yanlış olduğunu dilə gətirmədi. Heç vurğulaya bilməzdilər də. Nədən ki, AXC-nin ən “bərkgedən və ərköyün” rəhbərlərindən biri olan bu nazirin sözünün qarşısılığını vermək böyük qalmaqala səbəb ola bilər və ağır fəsadlar ortaya çıxarardı.
“Ərköyün” nazirin məlum bəyanı artıq Azərbaycan Xalq Cəbhəsinin demokratiyanı arxa plana keçirdiyini və seçkidə zorakılıqdan istifadə ediləcəyinə bir işarə işarə idi. Məhz bu bəyanın nəticəsi idi ki, Ə. Elçibəy prezident seçkisində ehtimal olunandan 10-15 faiz aşağı səs topladı.
18 may 1992-ci ildə Ali Sovetə sədr seçkisində H. Əliyevin namizədliyinin qarşısına sədd çəkilməsi və prezident seçkisində “nəyin bahasına olursa, olsun” ultimatumu həm, Xalq Cəbhəsinin, həm də, Ə. Elçibəyin aktivinə yazılacaq səhvlər idi.
“Ərköyün” adlandırdığım o daxili işlər naziri əslində vətənsevər bir kimliyə sahib idi. Prezident Ə. Elçibəyə də sədaqəti ilə fərqlənirdi. Sadəcə, zehniyyətində yuva salmış bolşevizm elementləri demokratiyanın mahiyyətini tam olaraq dərk etməyə imkan vermirdi.
Hakimiyyət ehtirasının demokratiyanı tapdalamaq xassəsi var. O ehtiras həm də siyasətçinin burnundan uzağı görməsinə əngəl olur. Xalq cəbhəsinin yüksək məqam sahiblərindən bəziləri zehniyyətcə bu patoloji hala sahib olduğundan səhvlər ard-arda gələcəkdi…
Ə. Elçibəy Azərbaycanın ən ağır durumunda prezident seçildi. Dövlətin adı vardı, dövlətin bir qismi işğalda olsa da, ərazisi vardı, dövlətin vətəndaşları vardı, ancaq Dövlətin özü yox idi. Onu yenidən qurmalı idi Ə. Elçibəy. Kiminlə qurmalıydı bu dövləti? Təbii ki, komandası ilə. Komandası kimlərdən ibarət idi? Yenə də təbii ki, sədri olduğu Xalq Cəbhəsinin üzvlərindən. Ə. Elçibəyin dövləti qurmaq üçün kadr bankının yalnız Xalq Cəbhəsinin üzvlərindən təşkil olunması dövlət quruculuğunda qarşıya qoyulan hədəflərin həyata keçirilməsinə əngəl olurdu. Vəzifəyə təyin olunan səriştəsiz və demokratiyanın fəlsəfəsini anlamaqda zorluq çəkən bir çox cəbhəçi kadrlar ğlkədə başlandığı elan edilmiş siyasi-iqtisadi islahatlara töhfə verə bilmədi. Kadr siyasətində ortaya çıxan yanlışlıqların obyektiv səbəbləri də vardı. Bu məsələnin daha aydın görünməsi üçün bir az geriyə baxmaq gərəkdir. 1988-ci ildə Xalq hərəkatından formalaşan Xalq Cəbhəsinə Baltikyani ölkələrdəki Xalq Cəbhələrindən fərqli olaraq Azərbaycanda ziyalı kəsim isti münasibət sərgiləmirdi. Çox az sayda ziyalı Xalq Cəbhəsinin ətrafına cəm olmuşdu. Ziyalıların böyük bir qismi tutduğu vəzifənin əsirliyindən xilas olmağa cəsarət etmədi, digər bir qismi isə Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan “bolşevik təfəkkür” sahiblərinə və populizm xəstəliyinə yoluxanlara rəğmən bu siyasi quruma yaxın gəlmədi. Böyük şəhərlərdə üzvlərin çoxu zavod və fabriklərin fəhlələri idi. Bundan başqa kifayət qədər savadsız üzv yazılmışdı təşkilata. Xalq Cəbhəsi üzvləri arasında çox sayda həqiqi vətənsevər adamlar vardı. Lakin dövlət quruculuğunda “vətənsevərlik” əsas rol oynamırdı. Əsas olan vətənpərvər peşəkarların, inzibati idarəetmə qabiliyyətinə malik olanların səriştəsindən dövlət quruculuğunda yararlanmaq idi. Belə kadrlar Azərbaycan Xalq Cəbhəsində yetərincə olmadığından bir sıra təyinatlarda kadrların AXC aksiyalarındakı fəallığı əsas kriteriya kimi qəbul olundu.
Mövcud durumda Xalq Cəbhəsi hakimiyyəti rejimə qarşı mübarizə aparmış digər qüvvələrlə də paylaşmalıydı. Lakin Xalq Cəbhəsi rəhbərliyindəki hakimiyyət eyforiyası buna imkan vermədi. Bir vaxt kommunist rejiminə qarşı birgə mübarizə apardıqları Milli İstiqlal partiyası belə hakimiyyət bölgüsündən kənarda qaldı. Ən ilginci isə Ayaz Mütəllibovun Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə sərgilədiyi münasibəti Xalq Cəbhəsi də davam etdirdi. Azərbaycan Xalq Cəbhəsi H. Əliyevə nədən ögey münasibət bəsləyirdi. Bu məsələyə bir az ətraflı aydınlıq gətirməyə dəyər.
AXC H. Əliyev münasibəti
Moskvadan Bakıya, oradan da məlum səbəblər üzündən Naxçıvana gələn H. Əliyev 1991-ci ilin sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilərkən Naxçıvan Xalq Cəbhəsindən olan deputatların da dəstəyini aldı. Və bunun müqabilində Ali Məclis sədrinin iki müavini Xalq Cəbhəsindən seçildi. Ayrıca Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsinə də Xalq Cəbhəsinin üzvü təyin olundu. Bu təyinatlar 1991-ci ildə Heydər Əliyevlə Xalq Cəbhəsi arasında isti münasibətlərin olduğundan xəbər verirdi. Gerçəkdən, Naxçıvana qayıtdıqdan sonra H. Əliyevə Muxtar Respublika sakinlərinin böyük rəğbəti yaranmışdı. Onun 1990-cı il parlament seçkilərində yüksək səslə həm, Azərbaycan Ali Sovetinə, həm də, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilməsi məhz bu rəğbətdən irəli gəlirdi. Peşəkar siyasətçi olan H. Əliyev Naxçıvan MR Ali Məclisinə sədr seçildikdən sonra Xalq Cəbhəsini oyundan kənar vəziyyətdə saxlamadı. Naxçıvan MR Ali Məclisində qəbul olunan bəzi mühüm qərarların qəbulunda Xalq Cəbhəsinin deputatları H. Əliyevə dəstək verirdi. Belə ki, Naxçıvan MR Ali Məclisinin:
- 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin I sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul edildikdə;
- 14 dekabr 1990-cı il tarixli iclasında deputat Heydər Əliyevin hazırladığı «Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında» qərarın qəbulunda;
- 14 mart 1991-ci il sessiyasında “SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə” qərar qəbul olunduqda;
- 16 dekabr 1991-ci il sessiyası hər il dekabr ayının 31-nin “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü” kimi bayram olunması barədə qərarın və digər qərarların qəbul olunmasında Xalq Cəbhəsinin deputatları H. Əliyevlə eyni mövqedə dayanmışdı.
Xalq Cəbhəsi Bakıda hakimiyyətə yiyələndikdən sonra vəziyyət büsbütün dəyişdi. H. Əliyevin Naxçıvan MR-da nail olduğu sabitlik, onun Muxtar Respublikanın problemlərini həll etmək üçün müstəqil şəkildə İran və Türkiyə ilə danışıqlar aparması Bakıda bəzi AXC rəhbərlərinin ürəyincə deyildi. Onun Naxçıvanda atəşkəsə nail olmaq üçün Ermənistan rəhbərləri ilə danışıqlar aparmasını hətta xəyanət kimi dəyərləndirənlər vardı. SSRİ kimi giqant bir dövlətdə ən yüksək vəzifələrdən birini tutan, Nazirlər Soveti Səsrinin birinci müavini olarkən 14 ümumittifaq nazirliyinin kuratoru üçün kiçik Naxçıvanda qarşısına qoyduğu hədəflərə çatmaq heç bir çətinlik törətmirdi. İnzibati idarə bacarığı üstəgəl Naxçıvan Muxtar Respublikası sakinlərinin tam dəstəyi və iqtidarın uğursuzluqları təbii olaraq ictimai fikirdə onu önə çıxarırdı. H. Əliyevin Naxçıvan Muxtar Respublikasında yeni bir Ermənistan-Azərbaycan cəbhəsinin açılmaması üçün atdığı addımları bəzi yüksək vəzifə sahibləri “xəyanət” adlandırır lakin o cəbhənin açıldığı təqdirdə Azərbaycan iqtidarının blokada vəziyyətində olan Naxçıvanı hansı yollarla müdafiə edəcəyi barədə ortaya çıxan suala cavab verməkdə zorluq çəkirdilər. Bakıdakı bəzi vəzifə sahibləri sadəcə, ictimai fikirdə önə çıxmağın mövcud iqtidar üçün ciddi problemə çevriləcəyindən qorxduğu üçün Azərbaycan iqtidarının Naxçıvan Muxtar Respublikası rəhbərliyi ilə, konkret olaraq Prezident Ə. Elçibəylə H. Əliyevin arasında gərginlik yaranmasında maraqlı idi. Düşünürdülər ki, bu gərginlik yaşandığı təqdirdə H. Əliyevi məğlub etmək mümkün olacaq. Məhz Bakıdakı hakimiyyətin itiriləcəyi qorxusu nəticəsində Naxçıvan Xalq Cəbhəsi ilə H. Əliyev arasında münasibətlərin gərginləşməsinə start verildi. Və bu münasibətlərin gərinləşməsində AXC iqtidarının daxili işlər nazirin böyük rol oynadı. O, 17 avqust 1992-ci ildə o, Naxçıvan Xalq Cəbhəsinin rəhbərlərindən birini Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri təyin etdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu təyinatı təsdiq etmədi. Hüquqi aspektdən Naxçıvan MR Ali Məclisinin verdiyi qərar qanuna zidd deyildi. Buna baxmayaraq, daxili işlər naziri “əmrinin icra olunmadığı üçün” qeyzləndi və Naxçıvan MR Milli Məclisini “15 dəqiqəyə darmadağın edə biləcəyini” açıqladı. Ardınca Daxili işlər nazirliyinin daxili qoşunlarına tabe olan hərbi desat Naxçıvana göndərildi. 1992-ci ilin oktyabr ayının 24-də bu qüvvələr Naxçıvan Xalq cəbhəsinin silahlı üzvləri ilə bərabər Naxçıvan Muxtar Rspublikası daxili işlər nazirliyinin və regional televiziyanın binalarını zəbt etdi. Yalnız H. Əliyevin prezident Ə. Elçibəylə danışıqlarından sonra “işğala” son qoyuldu və desant qrupu Bakıya qayıtdı.
Dövlətin ən mühüm postlarından birini tutan daxili işlər nazirinin qeyri-sabit, qanundankənar hərəkətləri və populist çıxışları ölkə prezidenti Ə. Elçibəyin dövlət quruculuğunda prioritet olaraq elan etdiyi demokratiyanın daban-dabana ziddinə idi. Özünü “reket”, “vor zakon” kimi aparan Daxili işlər naziri Ayaz Mütəllibovu dəstəklədiyi üçün “Tövbə” cəmiyyətinin sədri ilə əlbəyaxa olur, H. Əliyevin tərəfində dayanan “Aydınlıq” qəzetinin məsul katibini kabinetinə çağırtdırıb ağzını-burnunu dağıdır, “Zerkalo” qəzetinin jurnalistini döyərək ağzına əzilmiş qəzet parçalarını doldurur, barəsində yazı dərc edən “İstiqlal” qəzetinin yazarını və redaktorunu təpiyin altına salaraq “bandotdelə” aparır, AzTv-də canlı yayına girib dəyirmi masa iştirakçılarını təhqir edir, "Tüpürüm sənin hökumətinə də, müxalifətinə də... " deyib oranı tərk edir…
Görəvi həm də vətəndaşların asayişini qorumaqdan ibarət olan Daxili işlər nazirinin bu hərəkətlərinə cavab olaraq jurnalistlər "Azadlıq" qəzetinin redaksiyasında iclas keçirdi və prezident Əbülfəz Elçibəyə mətbuat azadlığının qorunması barədə müraciət etdi. Prezident Daxili İşlər nazirinin hərəkətlərinə görə jurnalistllərdən üzr istədi.
Hər hansı bir dövlətdə bir nazirin zorakılıq əməllərinə görə dövlət başçısının üzr istəməsinə rast gələnin olduğu inandırıcı deyil. Bu ilk olaraq Azərbaycanda gerçəkləşdi. Daha ilginc olanı isə bu olaylardan az bir zaman sonra Daxili İşlər nazirinə prezident sərəncamı ilə general-leytenant rütbəsinin verilməsiydi.
Hər türlü zorakılığın qarşısının alınmasına mükəlləf olanın gen-bol zorakılığa əl atması və bunun müqabilində paqonlarının sökülməsi əvəzinə rütbəsinin artırılması dövləti, dövlət başçısını xalqın gözündən salırdı.
Bir nüansa da nəzər yetirin. Ə. Elçibəy iqtidarı təhsil sistemində islahatlara başladı, rüşvətin qarşısını almaq üçün ali və orta ixtisas məktəblərinə qəbul zamanı test üsulunu tətbiq etdi. Test üsulu ilə tələbə qəbuluna start verilən zaman Daxili İşlər nazirinin təqdimatı ilə Xüsusi Təyinatlı Polis Dəstəsinin 69 nəfər əməkdaşı imtahan vermədən Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olundu. Bu fakta da dünyanın heç bir dövlətində rast gəlmək mümkün deyildir.
Ə. Elçibəy iqtidarının çökməsi üçün tər tökən” təkcə daxili işlər naziri deyildi. Ali Sovetin sədri və prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədov Azərbaycan Xalq Cəbhəsinin təklifi ilə cəbhənin idarə heyətinin üzvü, ixtisasca hərbçi olmayan birini sərəncam verərək 17 mart 1992-ci ildə müdafiə nazirinin vəzifəsini icra edən təyin etdi. Xalq arasında “Şuşa gedərsə, başıma bir güllə vuraram” aforizmi ilə tanınan bu nazirin daxili işlər nazirindən fərqli olaraq prezident Ə. Elçibəyə qarşı saymamazlığı açıq-aşkar ortada idi. Özünü Napoleon, Suvorov səviyyəsində sərkərdə hiss edən adamın bacarıqsızlığı Azərbaycana çox ağır başa gəldi. Hərb elminin incəliklərindən xəbərsiz olanın hikkəsi, təkəbbürü və yekə-yekə danışığı cəmiyyətdə ikrahla qarşılanırdı. 15 may 1992-ci ildə Daşkənddə imzalanan müqaviləyə görə müttəfiq respublikaların ərazisində olan silah-sursat bölünməsinə start verilmişdi. Daha doğrusu, mütəffiq respublikalarla silah-sursat “bazarlığı” başlanmışdı və bu işin başında da Rusiyanın müdafiə naziri dayanırdı. Müdafiə nazirimiz silah “bazarlığında” diribaş idi və Rusiyalı həmkarı ilə anlaşa bildiyi üçün hesab edirdi ki, onun vasitəsi ilə torpaqların işğaldan azad etmək mümkün olacaq. Bu bazarlıq sayəsində Azərbaycan Ağdərədə və Ağcakənddə müəyyən hərbi uğurlar əldə edə bildi. Cəbhədə digər qələbələrin də ticarət yolu ilə əldə ediləcəyini düşünən bu adam az sonra “hansı yuvanın quşu olduğunu” ortaya qoydu. Rusiya təkcə müdafiə naziri ilə bazarlıq etmirdi. Gəncədə ərsəyə gətirdiyi korpus komandiri də bazarlığa cəlb edilmişdi. Daha bir bazarlıq subyekti isə Moskvaya sığınan Ayaz Mütəllibov idi. Müdafiə naziri də, Gəncədəki korpus komandiri də çox gözəl bilirdi ki, Rusiyanın əsas məqsədi Müstəqil Dövlətlər Birliyinə üzv olmaqdan imtina edən və rus əsgərlərinin Azərbaycan ərazisində qalmasına qəti etiraz edən Ə. Elçibəyi cəzalandırmaq idi. Və Kremlin bu istəyi onların hər ikisinin ürəyindən xəbər verirdi. Odur ki, Azərbaycan ordusu Xankəndinin astanasında dayandığı məqamda Kremldən “geri çəkil!” əmri gəldi və əmrin icrası ilə Dövlətə xəyanət açıq-aşkar ortaya qoyuldu. Kremlin geriçəkilmə əmrindən sonra bazarlıq sayəsində Gəncdəki korpus komandirinin əlində cəmlənmiş silah Azərbaycanın suverenliyinə və dövlətçiliyinə tərəf tuşlandı.
Prezident Ə. Elçibəyin problemi təkcə bu iki nazirlə və korpus komandiri ilə bitmirdi. Komanda üzvləri arasında bir neçə vəzifə sahibi sadə dillə desək, Ə. Elçibəyi prezident kimi qəbul etmirdi. Siayasi partiya və ictimai birlik adı altında müxtəlif qruplaşmalar meydan çıxmışdı. Məhz o qruplaşmalar Ə. Elçibəy barəsində bəzi şaiyələr yaymaqla onu nüfuzdan salan dedi-qoduların yaranmasına şərait yaradırdı.
Yeri gəlmişlən, Ə. Elçibəy iqtidardan getdikdən sonra onun komanda üzvlərinin bir qismi ilə yaxın-uzaq münasibətim oldu. O adamların bəzilərinin iç üzünə bələd olduqdan sonra bir daha o qənaətə gəldim ki, prezident Ə. Elçibəyin iqtidardan getməsi üçün onlar “əlindən gələni” edib.
İqtidar daxilində cərəyan edən bu anormal proseslər təbii ki, Kremlin, Vaşinqtonun, Tehranın və Yerevanın diqqət mərkəzində idi. O dövlətlər və onların təhlükəsizlik orqanları Azərbaycan daxilində gərginlik yaranmasın xüsusi maraq göstərirdi. Kremlin nəyin bahasına olursa-olsun, Bakını əldən verməyəcəyi açıqca görünürdü. Kreml məqsədinə çatmaq üçün Azərbaycanda qalmaqda olan silah-sursatını səxavətlə öz adamlarına təhvil verir, Azərbaycanın şimalında yeni bir gərginlik ocağı- millətçi ləzgilərin “Sadval” cəmiyyətini fəallaşdırırdı. Tehran Kremldən nümunə götürərək Azərbaycanın cənubunda süni talış problemi yaratmaq üçün separat addımlar atırdı. Vaşinqtonu demokratiya yolunu bəyan etmiş, müstəqilliyinin ikinci yaşını yaşamaqda olan Azərbaycanın ərazilərinin və suverenliyinin itirilməsi deyil, Bakı nefti maraqlandırırdı. Yerevan isə Azərbaycanın daxildə düçar olduğu gərgin vəziyyətindən istifadə edərək yeni torpaqlar işğal etməklə “Böyük Ermənistan” yaratmaq hayındaydı.
Belə bir faciəvi durumdan Dövləti xilas etməyin tək yolu Milli Birliyə nail olmaqdan keçirdi. Daxili didişmələr, patoloji qruplaşmalar, xəyanətlər və hakimiyyət hərisliyi Milli Birlik yaradılmasına imkan vermədi. Ə. Elçibəy iqtidarının ən böyük xətası məhz bu idi. Onun prezidentliyində bir sıra siyasi-iqtisadi, hətta hərbi uğurlar əldə edildi. Ancaq bu uğurlar AXC-nin süqutunun qarşısını almaq üçün yetərli olmadı. Ömrünü milli şüurun formalaşmasına həsr etmiş, birillik iqtidarı dövründə dövlətin müstəqilliyi, demokratik dəyərlərin oturuşması üçün mücadilə etmiş Ə. Elçibəy düşmən qüvvələr tərəfindən uçuruma doğru sürüklənirdi. Başqa sözlə, Ə. Elçibəy Kreml-Tehran-Yerevan üçlüyünün təcavüzünə, erməni lobbisi tərəfindən “neytral” mövqedə dayanmış Vaşinqtonun biganəliyinə və yaratdığı komanda üzvlərinin səriştəsizliyinə, bacarıqsızlığına, didişməsinə rəğmən məğlub oldu. Rusiyanın, İranın, Ermənistanın və ABŞ-nin Ə. Elçibəyə düşmən kəsilməsində qeyri-adi nəsnələr axtarmağa gərək yoxdur. O dövlətlərin hər biri maraqları naminə Ə. Elçibəyin vəzifədən getməsin istəyirdi. Ə. Elçibəy üçün ən ağır zərbə komandasının bəzi üzvləri tərəfindən vurulan zərbə idi. Onlar sadə dillə desək, Ə. Elçibəyə xəyanət etdi.
Dövlət və dövlətçilik böyük bir təhlükə ilə başbaşa qalmışdı. Ölkə vətəndaşları ağır depressiya yaşayırdı. Təkrar-təkrar yazmaqda fayda var, o günlərdə ağır iqtisadi durumda yaşamağa məhkum olmuş xalq bir dəfə də olsun çörək davası etmədi. Xalqı ruh düşkünlüyünə sövq edən Dövlətin və Vətənin dağılma təhlükəsiydi. Bir vaxtlar Xalq Cəbhəsi sayəsində populyar olmuş Üzeyir Hacıbəyovun “Cəngi”si artıq o coşqunu yarada bilmirdi. Ağdərənin və Ağcakəndin erməni işğalçılarından təmizlənməsindən sonra təzahür edən ruh yüksəkliyi Kəlbəcərin işğalından sonra tamamən yox oldu. Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı artıq Azərbaycanın bu savaşda kürəyinin yerə vurulması anlamına gəlirdi. Və bu işğalın ağır nəticələrini yaşamaq zorundydı Azərbaycan. Coğrafi və hərbi aspektdən Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən Kəlbəcərin işğalından sonra Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarını ələ keçirmək ermənilər üçün çox asan olacaqdı. Proseslərin bu məcrada davamı Azərbaycan torpaqlarının böyük bir qisminin işğalı ilə nəticələnə bilərdi. Bu kritik vəziyyətdə prezident Ə. Elçibəyin Dövlət və Dövlətçilik naminə cəsarətli addım atmağına ehtiyac vardı. Kremlin Ə. Elçibəyi devirəcəyi gün məsələsi idi. Ə. Elçibəy Rusiya ilə “isti dostluq” münasibətlərinə görə müdafiə nazirini vəzifədən kənarlaşdırmışdı. Onun bu addımından sonra Kreml qüvvələrin Gəncədəki korpus komandirinin ətrafında toplanmasına təlimat vermişdi. Beləliklə: Gəncədə qiyam başlanacaq, ordu Bakıya doğru hərəkət edəcək və Ayaz Mütəllibov prezident sarayına dönmək üçün startda dayanacaq. Kreml çox hiyləgər bir ssenari hazırlamışdı. Bu ssenarinin gerçəkləşməsi zamanı Azərbaycanda vətəndaş müharibəsinin qaçılmaz olduğunu planlaşdırmışdı. Elə bir qarşıdurma ki, 20 Yanvar və Xocalı faciələrini kölgədə qoymalı idi. Kremlin bu planından xəbərdar olan Ə. Elçibəy əvvəlcə Gəncədəki korpus komandirini neytrallaşdırmaq qərarına gəldi. O, bu neytrallaşmanın danışıqlar yolu ilə həll olacağına ümid bəsləyirdi. Lakin yanılırdı. Çünki vətənə və dövlətə dəyər verməyənlər və ən başlıcası Kremlin əmrini müzakirəsiz icra edənlər karyera və sərvət naminə bütün dəyərləri tapdalamağa hazır idi. Odur ki, Gəncədəki korrpus komandiri Ə. Elçibəy iqtidarı ilə yalnız bir dildə-ultimatum dilində danışırdı...
Ə. Elçibəy 1992-ci ilin oktyabr ayının 11-12-də Moskvada rəsmi səfərdə oldu və Rusiya prezidenti Boris Yeltsinlə birgə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqaviləni imzaladı. Prezidentlərin ikili görüşündə B. Yeltsin rus qoşunlarının, konkret olaraq, Gəncədəki 104-cü diviziyanın Azərbaycanın ərazisində qalmasını təklif edir. Ə. Elçibəy Azərbaycanın ərazisində digər bir dövlətin ordusunun qalmasını müstəqil dövlət prinsiplərinin ziddinə olduğunu bəyan edərək, bu təklifi rədd etdi. Məhz bu görüşdən sonra Rusiya Azərbaycanda hakimyyət dəyişikliyi üçün hərəkətə keçdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən uzaq durması və rus qoşunlarının ərazisindən çıxarmaq barədə qəti qərarı Kremli məmnun etmirdi. Ona Bakıda göstərişlərini fikirləşmədən “baş üstə” deyən prezident lazım idi.
Ə. Elçibəyə Boris Yeltsinlə söhbətdən sonra Kremlin atacağı addımlar qeyri-adi görünmürdü. Kəlbəcərin işğalı ona bir xəbərdarlıq oldu. İndi əsas məsələ Kremlin ssenarisinin gerçəkləşməsinə əngəl olmaq idi. Hakimiyyət hərisi olmayan Ə. Elçibəy heç bir vaxt Azərbaycanda vətəndaş müharibəsinin baş verməsinə razı olmazdı. O, əslində şüurlu həyatı boyu xəyal etdiklərini gerçəkləşdirmişdi. Azərbaycanı kritik durumdan çıxarmaq üçün son gedişlərini etməli idi Ə. Elçibəy. Vətəndaş qarşıdurmasını əngəlləmək üçün xalqı prezident sarayının qarşısına çağıran zaman 10 minlərin toplanacağına ümid edən Ə. Elçibəy az sayda insanın gəldiyini gördükdən sonra xalqın bir il əvvəl göstərdiyi etimadının itdiyini anladı. Bu etimadın itməsində onun özünün də payı vardı. Amma ən çox pay komanda üzvlərinin çiynindəydi. Hakimiyyət daxilindəki didişmələr, yüksək dövlət vəzifəsini etibar etdiyi bəzi komanda üzvlərinin dönüklüyü, xalqdan üz çevirməsi, rüşvətə qurşanması etimada böyük zərbə vurmuşdu. Ə. Elçibəy zor şərtlər altında Azərbaycanda dövlət quruculuğu üçün bir sıra işlər görməyə müvəffəq oldu. O, siyasi və iqtisadi islahatlara start verdi, dövlətin bünövrəsinin yaranması üçün qurumlar yaratdı, fərman və sərəncamlar imzaladı. Ancaq getdiyi çətin yol üçün sadiq komanda üzvləri seçə bilmədi. O komanda üzvlərinin bəziləri onunla birlikdə prezident sarayında otururdu və onların dövlətə ən böyük xidməti prezidentin “ayağının altını qazmaq” idi. Sivil dünyanın heç bir ölkəsində misli görünməmiş bir siyasi eybəcərlik təzahür etdi Ə. Elçibəyin Xalq Cəbhəsinin üzvlərindən ibarət olan komandasında. O komandanın ən azı 4-5 nəfər üzvü Ə. Elçibəyin ayağının altını qazmaq üçün biri-biri ilə yarışırdı. Bu, onların Dövlət anlayışının mahiyyətini dərk etmədiklərindən irəli gəlirdi. Onlar üçün müqəddəs sayılan Dövlət yox, yalnız və yalnız prezident kürsüsü idi. Onlar xəyanət yolunu tutdular.
Azərbaycan Xalq Cəbhəsinin sədrliyindən istefa verməməsi Ə. Elçibəyin ən böyük səhvi idi. Əgər Ə. Elçibəy Xalq Cəbhəsinə sədrlikdən istefa etsəydi, “kütbeyinlər, populistlər, bacarıqsızlar və səriştəsizlər” kütləvi şəkildə dövlət vəzifələrini “işğal” edə bilməzdi. Ümumxalq səsverməsində seçicilərin yüzdə altmışının səsini toplayan Ə. Elçibəy Xalq Cəbhəsi ilə vidalaşmalı, bütün Azərbaycan xalqının prezidenti olduğunu ortaya qoymalı idi. Bunun üçün dərhal növbədənkənar parlament seçkiləri keçirmək lazım gəlirdi. Ə. Elçibəy bunu da etmədi.
O, dövlətin xəzinəsindən bir qəpik belə oğurlamadı. Xalq Cəbhəsinin vəzifəli üzvlərinin bir qismi isə oğurlayırdı. Ə. Elçibəyin “tankın qarşısında dayananlar, pulun qarşısında dayana bilmədi” deyimi təsadüfdən doğmadı. Xalqın aclıqla, səfalətlə baş-başa qaldığı durumda bəzi vəzifə sahibləri dövləti dağıdırdı. Sadəcə, bir misal çəkmək fikrindəyəm. İcra hakimiyyətinin başçısı rayon ərazisindəki transfarmatorları sökdürüb İranda satılmağa göndərmişdi. Diqqət edin, söhbət qoyun-quzudan, mal-heyvandan deyil, evləri işıqlandırmaq üçün istifadə olunan transfarmatordan gedir.
Xalq Cəbhəsi hakimiyyəti süquta məhkum idi. Meydanda gur səslə bağıran neçə-neçə “cəbhəçi” yüksək vəzifələrə təyin olundu. Elələri vardı ki, vəzifəyə təyinat alanda qohum-qardaşı belə təəccüb edirdi. Cənubda yaşayıb-yaratmış şairimiz Məmmədhüseyn Şəhriyarın şerindəki bir misranı xatırlatma yerinə düşər: “Bizdən öndə gedir avropalılar, işi iş bilənə tapşırır onlar.” Xalq Cəbhəsi isə adətən işi işbilməzlərə həvalə etdi...
Tam məsuliyyəti ilə yazıram, əgər 1993-cü ildə Kəlbəcərin işğalına qədər Azərbaycanda prezident seçkiləri keçirilsəydi, Xalq Cəbhəsinin namizədi xalqın 10 faizinin belə səsini toplaya bilməzdi.
Ə. Elçibəy hakimiyyətdən ikiəlli yapışmadı. O, taleyi ilə barışmışdı. Azərbaycan müstəqil idi, ərazisində başqa bir dövlətin əsgəri qalmamışdı, milli valyuta tədavülə buraxılmışdı, demokratiyanın yolu bağlı deyildi, türkçülük və millətçilik toxumu səpilmişdi... qalan tək problem hakimiyyətin Kremlin nəzarətinə keçməməsi idi. O, qərar verməli idi. Ya, Kremlin adamları hakimiyyətə gələcəkdi, ya da, dövləti düçar olduğu siyasi-iqtisadi-hərbi böhrandan çıxarmaq üçün Naxçıvana- Muxtar Respublika Ali Məclisinin sədri H. Əliyevə üz tutulmalıydı. Ə. Elçibəy H. Əliyevə müraciət edib onu Bakıya dəvət etdi. Bu, dövlətin yenidən Kremlin müstəmləkəsinə çevrilməməsi üçün verilmiş ən düzgün qərar idi...

"TƏŞƏBBÜS" VƏTƏNDAŞ PLATFORMASI

0.17697191238403