Bəri başdan deyim ki, özüm əslən Qərbi Azərbaycanlıyam. Babalarım keçən əsrin əvvəllərində - 1918-ci ildə İrəvan Quberniyasının Üçkilsə (Eçmiadzin, sonralar Talin rayonu) qəzasına daxil olan Ağcaqala kəndindən soyqırımına və deportasiyaya uğrayaraq gələnlərdəndir.
Xüsusi olaraq qeyd etməyi vacib bilirəm ki, qərbi azərbaycanlılar həmişə qorxmaz və mərd, yüksək milli-mənəvi dəyərlərə sahib, sözü üzə deyən, zəngin mədəniyyətə malik, təhsilə, sözə və sənətə qiymət verməyi yaxşı bacaran, elcanlı, qohumcanlı və vətənpərvər insanlar olublar. Zaman-zaman soyqırımına və deportasiyalara məruz qalsalar da, xalqın və ölkənin içtimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, ölkənin müdafiəsində çox böyük rol oynayıblar.
Yeniyetmə vaxtlarımda yaşlı nənə və babalarımın (soyqırım və deportasiya şahidlərinin) öz aralarında etdikləri söhbətlər yadıma düşür. Onlar Qərbi Azərbaycandakı kəndlərindən, oranın təbiətindən, sayılıb-seçilən şəxslərindən, adət-ənənələrindən, geyimlərindən (dingə, güləbatın küləcə, mintənə, kəlağayı, çəpkən, çəpgəni ətlaz və s.) süfrə mədəniyyəti və yeməklərindən (əriştə şorbası, əvəlikli çəkməcə, irəvan kətəsi, yay dolması, balıq çörəyi, yeznə şirnisi, növbənöv plovlar, sac və təndir yeməkləri, qovurma, daş küftəsi, çaşır turşusu və s.), Novruz bayramını qeyd etmələrindən elə şirin-şirin danışırdılar ki! Elə bilirdim ki, nağıllar aləmindəyəm.
Gətirdikləri həndəsi, nəbati naxışlı tək-tük tikmələrin, burada toxuduqları xalçaların üzərində rəngli saplarla portret, miniatür, qrafika, mənzərə və s. janrlarda işlənmiş süjetlər isə məni sehrli bir aləmə aparırdı. Hələ zaman ötdükcə həm xoreoqrafık gediş hərəkətləri, həm də musiqi məzmunu unudulmaqda olan İrəvan yallısını, toylarda şax bəzəməyi, saz-söz axşamlarını, uşaq vaxtı mənim və yaşıdlarımın da oynadıqlarımız milli oyunları və s. demirəm.
Başlarına gələn müsibətlərdən söz açanda gözlərindən axan yaşı tez əllərinin dalı ilə silirdilər ki, görən olmasın. Üzdən gülsələr də, ürəklərində böyük bir nisgil vardı: Vətən, torpaq nisgili. Mahiyyətini başa düşmədiyimə görə onların ağlamağına bir məna verə bilmirdim. Sonralar başa düşdüm ki, onlar paramparça olmuş Vətənin, soyqırımına məruz qalaraq həlak olan soydaşlarının, həm də özlərinin taleyinə ağlayırmışlar. Üstündən illər keçsə də, baş verənlərin, erməni vəhşiliklərinin, aldıqları mənəvi yaraların ağrısını-acısını yaşayır, məruz qaldıqları həmin dəhşətli hadisələrin təsirindən çıxa bilmirdilər.
Bu adamlarla təmasda olarkən həmişə onların ürəklərində o məşəqqətli illərin ağrısının qaldığını hiss edirdim. İki daşın arasında yaylıqlarının ucuna düyünləyib gətirdikləri bir ovuc vətən torpağını tutya kimi qoruyurdular. Ağcaqaladan gətirdikləri həmin torpağı qəbrlərinin üzərinə səpməyi bir-birinə vəsiyyət edirdilər.
Onlar XX əsrin 60-70-ci illərində Qərbi Azərbaycana gedib dədə-babalarının yurd yerlərini ziyarət edib qayıdan həmyerlilərini, oğullarını, nəvə-nəticələrini saatlarla söhbətə tuturdular. Doğma yurd yerlərinin qoxusunu ora gedib-qayıdanlardan almaqla təskinlik tapırdılar.
Söyləyirdilər ki, hələ o vaxtlar bağlı-bağatlı kəndlərin yerli sakinləri onlara “qaçqınlar" (qaşqınnar) deyərmişlər. İndi isə 35 ildən çoxdur ki, “yeraz” peyda olub. Bu gün qorxmaz və mərd, yüksək milli-mənəvi keyfiyyətlərə sahib, sözü üzə deyən, zəngin mədəniyyətə malik, təhsilə, sözə və sənətə qiymət verməyi yaxşı bacaran, elcanlı və vətənpərvər insanların “yeraz” adlandırılması qətiyyən xoş deyil, məncə.
“Yeraz” sözü heç xoşlamadığım 3-5 sözdən biridir. Lap düzü, bu sözü həm ciddi, həm də istehza ilə deyənlərdən ikrah edirəm. Təəssüf ki, həmin kəlməni bəzi Qərbi azərbaycanlılar özləri də işlədirlər. Vaxtilə mənfi çalarda işlədilən “yeraz” sözü indi fəxrlə bir imtiyaz kimi səsləndirilir. Bu azmış kimi hələ bir “Biz yerazıq, yerlibazıq” adlı mahnı da icad ediblər.
Zənnimcə, “yeraz” məna etibarı ilə “qruplaşma”, “yerliçilik”, “yerlibazlıq”, “tayfaçılıq” mənalarını ifadə edir. Bölücülüyə xidmət edir. Xalqımızın qruplara bölünməsindən, tayfaçılıqdan, yerlibazlıqdan, xanlıqlara bölünməsindən bəyəm az çəkmişikmi?
1501-ci ildən 1736-cı ilə qədər Azərbaycandan başlayaraq bugünkü İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş bütöv Azərbaycanın paramparça olaraq şimala, Cənuba, Qərbə bölünməsi, əldən getmiş torpaqlarımız bunların nəticəsi deyilmi?
Görəsən, dahi şairimiz M.Arazın dediyi kimi, “O zamanmı bitdi bizim dilimizin “sənin”, “mənim” qabarı da? O zamanmı bitdi bizim dilimizin “haralısan” damarı da?” Yersiz “yeraz” sözü ilə sanki yeni bir millət formalaşdırılıb.
Deyilənə görə, bu sözü termin kimi ilk dəfə Z.Bünyadov işlədib. Guya akademik ilk dəfə 1988-ci ildə bunu "Yerevan azərbaycanlıları" söz birləşməsinin qısaldılmış variantı kimi səsləndirib. Onun yarızarafat-yarıciddi işlətdiyi bu kəlmə sonradan ölkədə sürətlə populyarlaşmağa başlayıb. İnanmağım gəlmir, inanmıram da. O boyda kişi bəyəm mənim savadsız nənəm qədər də bilmirdi ki, bizim “Yerevan” adlı yurd yerimiz olmayıb, İrəvan olub. Nənəm həmişə hardan olduğunu soruşanlara deyərdi ki, “İrəvandanam”. Ölənə kimi də elə dedi. Onun üçün “İrəvan” Qərbi Azərbaycanın simvoluna çevrilmişdi.
Bir qrup insan isə bu sözü “yerli azərbaycanlılar” mənasında işlədir. Yaxşı, bir anlıq təsəvvür edək ki, elədir. Bəs onda ölkəmizdə olan başqa azərbaycanlıları (indiki Azərbaycan Respublikasındakı Azərbaycan türkləri və burada yaşayan qeyri xalqlar nəzərdə tutulur.) necə adlandıraq? Onlar yerli azərbaycanlılardırsa, onda bunlar da, bəlkə, gəlmə azərbaycanılılardır, hə ?! Mənasız ifadədir!
Digər bir qrup da həmin sözü “yerini azmışlar” (guya yurdlarından didərgin düşənlər) kimi mənalandırır ki, bu da diskriminasiya xarakterli yanaşmadır. Və tamamilə absurd fikirdir. Necə yəni “yerini azmışlar”, yox bir Yeravan Avtomobil zavodu?! İnsan yerini-yurdunu tərk edər, didərgin salınar, qovular, deportasiya olunar. Adam da doğma yerini-yurdunu azarmı, durduğu yerdə didərgin düşərmi? Bir də ki, “yerini azmışlar” gələcəkdə o torpaqlara qayıtsalar, bəs necə olacaq? Onda onlara “yerini tapmışlar” deyəcəyikmi?! Həqiqətən, absurddur!
Tanınmış ictimai xadim, sabiq deputat, əslən Qərbi Azərbaycandan olan Maksim Musayev Moderator.az-dakı 1988-1990-cı illərdə Azərbaycan SSR-in rəhbəri olmuş Əbdürrəhman Vəzirovun 2018-ci ildə Moskvada rus dilində nəşr etdirdiyi “Parterin ilk sıralarında” adlı kitabı ilə bağlı düşüncə və təhlillərindən ibarət geniş yazısında göstərir ki, “yeraz” kəlməsi “…1970-ci illərin sonlarından bəri SSRİ “KQB”-si tərəfindən Qərbi Azərbaycanda, İrəvan elində yaşayan və 1948-1952-ci illərdə vətənlərindən Azərbaycan SSR ərazisinə deportasiya olunmuş qaçqınlar üçün xüsusi olaraq düşünülmiş məfhumdur, çekist terminologiyasıdır.
1988-1989-cu ildə “Ermənistan” deyilən qədim torpaqlarımızdan soydaşlarımızın növbəti zorakı qovulma dalğası baş verəndə bu üzdəniraq kəlmə insanlarımızın məişət leksikonuna daxil oldu. O zamanlar belə söz-söhbətlər gəzirdi ki, guya həmin kəlmə rəhmətliklər Ziya Bünyadov, yaxud Bəxtiyar Vahabzadə tərəfindən ortalığa atılıb. Bunlar yalan idi və halbuki, “yeraz” kəlməsinin müəllifi konkret bir şəxs deyildir. Bu qondarma ad “KQB” tərəfindən hələ Ermənistanla münaqişə başlanandan 10 il öncə quraşdırılıb…” (https://aqreqator.az/az/siyaset/3433521)
Mənə görə, “yeraz” sözünün 1980-ci illərin sonlarında ortalığa atılması həmin vaxt yumruq kimi birləşən xalqın birliyinə zərbə vurmaq məqsədini güdürdü. Təsadüfi deyildir ki, M.Musayev də yuxarıda da bəhs etdiyimiz yazısının davamında qeyd edir ki, “…Xülasə, bir neçə il keçdi və artıq gördüm ki, bəzi yerlərdə bu xoşagəlməz “yeraz” sözünü işlədirlər. 1988-ci ildən, yəni Ermənistandan azərbaycanlıların zorla köçürülməsi başlayandan sonra isə öncə dediyim kimi, bu qondarma ad, təəssüf ki, artıq kütləvi şəkildə işlənməyə başlandı…Həmin adın qondarılmasında SSRİ “KQB”-si, yəqin ki, öz əməkdaşları və digər məxfi qurumlar aralarındakı danışıq və yazışmalarda “Ermənistan azərbaycanlıları” əvəzinə, qısa bir ad işlətmək məqsədi də güdüb. Amma hesab edirəm ki, əsas hədəf Azərbaycanı regionlara parçalamaq və regionlararası ziddiyyətlər yaratmaq olub…Və bu işdə Qorbaçovun dostu Vəzirovun da özünəməxsus rolu olub…”
Məncə, hələlik, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın özlərinə Dərələyəzdən, Zəngibasardan, Zəngəzurdan və ya Göyçədənəm deməsi ən düzgünü olardı. Onların hamısına birlikdə Qərbi azərbaycanlılar da demək olar.
Bu gün məcburi köçkün ifadəsi Ordumuzun sayəsində sıradan çıxıb. Ümid edək ki, Qərbi Azərbaycana qayıdışdan sonra “yeraz” sözü də tamamilə sıradan çıxar. “Azərbaycanlıyam” sözü öz hakim mövqeyinə qayıdar.
Yazımı Eldar İsmaylın “Mən “yeraz” deyiləm, türk oğlu türkəm” adlı şeirindən bir bənd ilə yekunlaşdırıram:
Mənə "Yeraz” deyib, alçaltmağın nə?
Ortada quyruğunu bulamağın nə?
Meydanı belə geniş sulamağın nə?
Sən yaxşı bilirsən haralı, kiməm…
Mən, qeyrətli türk oğlu, türkəm!
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.