Bakıda pivə içdikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, dayısının başını kəsəcəyini deyən şəxs həbs edilib.
Demokratikmusavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, 1980-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş E.Namazov dayısı ilə aralarında yaranan mübahisəyə görə Səbail Rayon Polis İdarəsinə şikayət verib.
O, daha sonra bir neçə bakal pivə içərək dayısı ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və onun barədə etdiyi müraciətə baxılmadığı təqdirdə başını kəsəcəyini bildirib.
Hadisədən dərhal sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək, E.Namazovu saxlayıblar.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 gün müddətə inzibati həbs edilib. O, məhkəmədə əməlindən peşiman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyini deyib.