Qərbi Azərbaycan Xronikası: Alban xaçları bərabərtərəflidir və qədim türklərin Tenqri rəmzidir - VİDEO

 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Demokratikmusavat.com ” xəbər verir ki, “Erməni etnik kimlik yox, dini mənsubiyyəti ifadə edir” adlı buraxılışda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov erməni Qriqoryan kilsəsinin etnik kimliyinin gizlədilməsindən söz açır.

Onun sözlərinə görə, erməni Qriqoryan kilsəsinin etnik mənşəyi məlum deyil: “Ərməniyyədə yaşayan müxtəlif xalqlara “erməni” deyilirdi. Bizans kilsəsi erməni kilsəsini batil elan edib. Erməni etnik kimlik yox, dini mənsubiyyəti ifadə edir. Kilsədəki dini kitablar erməni əlifbası ilə yazılmış Oğuz və Qıpçaq ləhcəsindədir. Eçmiədzin kilsəsi etnik kimlik sirrini çox ciddi gizlədir. Axtomar kilsəsindəki barelyefdəki atlının geyimi türklərə aiddir. Erməni tədqiqatçısı barelyefdəki türk təsvirini dəyişdirib, erməniləşdirdi. Ermənilər Axtomardakı məzarların başdaşlarını sındırıb, fərqli xaçlar qoyublar”.

O deyib ki, Alban xaçları bərabərtərəflidir və qədim türklərin Tenqri rəmzidir: “Qazaxıstanda Alban tayfasının damğası Qafqaz Alban abidələrindəki ilə eynidir. Göytürk yazılarındakı hərflər damğa işarələridir. Azərbaycan bayrağındakı ay-ulduz deyil, ay-günəş rəmzidir. 1847-ci il xəritəsində Qərbi Azərbaycan ərazisində ermənicə yer adı yoxdur. Ermənilər Alban məbədlərini dağıdır, orada mal-qara saxlayırlar”.

A.Qurbanov sonda Xudavəng monastırındakı xaçın knyazı Həsən Cəlalın əsl adının türkcə igid anlamı verən Esen olmasını izah edir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 26-da saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.

0.22887301445007