Valideynlərə XƏBƏRDARLIQ: Övladlarınızda kriminala meyillilik bu səbəbdən yaranır

 
“Qloballaşmanın milli – mənəvi dəyərlərdən uzaqlaşma kimi fəsadlarına qarşı mübarizə təkcə məktəbin işi deyil, bütövlükdə cəmiyyətin işidir".
 
Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Moderator.az- a açıqlamasında Təhsil eksperti Nadir İsrafilov bildirib.
"Son zamanlar məktəblərdə və məktəbdən kənarda baş verməsindən asılı olmayaraq, şagird özbaşınalığı, şagirdlərin dava-dalaş, aqressivlik, fiziki zorakılıq və digər bu kim qeyri-etik hərəkətləri və davranış pozuntularına bıcaqlanma kimi kriminal aləmə meyillilik elementləri də əlavə olunub. Baxmayaraq ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görüləcəyi, məsələ ilə bağlı araşdırmalar aparılacağı, araşdırmaların nəticələri barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə məlumat veriləcəyi barədə vədlər verilir, bununla belə, bu kimi vədlər təsəllidən və bu kimi halların baş verməsinə nəhayət ki, son qoyulacağına ümid etməkdən o yana getmir. Artıq, bu neçənci bıçaqlanma hadisəsidir, özü də dalbadal qısa zaman kəsiyində!?
Açıq etiraf edək ki, zəmanəmizdə tərbiyə işi, təlimlə müqayisədə bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilməklə, təhsildə gedən pozitiv dəyişikliklər fonunda o qədər də ürəkaçan görünmür. İstəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini nəzərəçarpacaq dərəcədə arxa plana keçirib, Bu gün gənclər arasında sosial şəbəkələrə və blogerliyə maraq geniş vüsət alıb. Hətta universitetlərdə tələbələr öz kanalları üçün müxtəlif üslubda videolar çəkirlər. Bu hal gənclərin təhsilinə maneə olub-olmaması sualını ortaya çıxarır.
 
Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı. Bu kimi halların baş verməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Getdikcə sürət götürən qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların inkişafı və insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə 
elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Bu gün “TikTok”, “messenger”, “instaqram”, “teleqram” və s. bu kimi sosial şəbəkələr yeniyetmə və gənclərə daha  çox təsir güçünə malikdirlər nəinki, məktəb mühiti, müəllim və valideyn öyüd-nəsihəti.
Son zamanlar Qərbdən bizə transfer olunan “Nəsillər nəzəriyyəsi”nə bizdə də maraq göstərənlərin, nəsillərin “alfa”, “beta”, “Z (zet)” kimi bölgüsünü aparanların, nəsilləri illərə, xarakter və xüsusyətlərinə görə bölənlərin, bunlardan hansınasa üstünlük verib, bəraət qazandıranların sayının artımı kimi bir təhlükəli tendensiya müşahidə olunmaqdadır. Unutmayaq ki, nəslin “alfa”, “beta”, “Z (zet)”ası olmur, nəslin əsli-nəcabəti olur. Nəsli-nəcabəti olmayandan nəslin davamçısı ola bilməz.  Yeniyetmə.və gənclərin virtual aləmə ifrat dərəcədə meyl etməsi, günün böyük hissəsini sosial şəbəkələrdə keçirməsi, sosial platformalardakı yazışmaları və telekanallarda yayımlanan zorakılıq xarakterli proqramların əks təsiri bu kimi 
fəsadlara yol açır. 
Yeniyetmə və gənclərin bir qisminin milli musiqiyə biganəliyi, universitet tələbələrimiz və ardınca da orta məktəb şagirdlərimizin bayağı musiqilərə qulaq asması, kim və kimlərin təsirinə düşərək kriminal avtoritetə həsr olunmuş mahnını oxuyaraq oynamaları cəmiyyət tərəfindən böyük qınağa səbəb olmuş, sosial şəbəkələrdə bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa bilməz kimi dəyərləndirilmişdi. Hətta, bunu “Z nəslindən ZEK nəslinə keçid” kimi qiymətləndirənlər də oldu. Halbuki, kim təminat verə bilərdi ki, mənəvi dəyərlərimizin aşılanmasına yol aça biləcək bu kimi təhlükəli tendensiyalar sabah və ya birisi gün də baş verməyəcək!? Nəticə də ona gətirib çıxarır ki, müəllim "Məsti Xumar" mahnısı ilə oynayır, tələbələr də bu bayağı musiqiylə əylənirlər.
Göründüyü kimi, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli hadisənin səbəblərini daha dərində axtarmalıyıq və nəzərə almalıyıq ki, hələ bizim eradan əvvəl antik dünyanın ilk filosofları belə hesab edirdilər ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Bir də ki, arxasınca qaçdığımız ali təhsildən savayı, heç olmasa, orta düşüncə və ibtidai mədəniyyət olmalıdır. Yəni təlimi tərbiyə işi olmadan təsəvvür etmək mümkün deyildir.
Hazırda “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” hazırlanıb və 300-ə qədər məktəbdə pilot layihə kimi sınaqdan keçirilib.  Bu sənəd təhsilalanların hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir və  fiziki təhlükəsizlik, psixoloji sağlamlıq, məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti kimi məsələləri özündə ehtiva edir. Yeni qaydaların nə dərəcədə effektiv olub olmayacağı zamana bağlıdır.
Deməyim odur ki, təhsil kommunikasiyası yenidən qurulmayacaqsa, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, məktəb-ailə münasibətlərinin optimal variantı tapılmayacaqsa, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə, habelə məktəblərdə baş verən bəzi xoşagəlməz hadisələrin qarşısını almaqda problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Daha konkret desək, situasiyanı biz idarə etməliyik, yoxsa situasiya bizi idarə edəcək...".
0.21991205215454