Səyahət gündəliklərimdən - SÖHÜB QALASINDA

 

Azərbaycan mənzərələri silsiləsindən. Səyahət gündəliklərimdən.
SÖHÜB QALASINDA*1

Dibsiz uçrumlar, divar-qayalar,
Dikəlib göyə bürclü qalalar.
Sarı daşların qəlpəsi “bıçaq”,
Cağla*2 doludur səma, tin-bucaq.

Gah çil*3 pırlayır, gah kəklik uçur,
Gah tülkü, dovşan, gah siçan qaçır.
Baş əyib yerə zirinc kolları,
Çaytikanılar -- narıncı, sarı.

Kollar altında ağ şampinyonlar,
Umsuq*4 eləyir adamı onlar.
Gövdəsi qalın, börkü böyükdür,
Çaları bir az bənövşəyidir...

Qayalıqlardan bir ovçu çıxır,
Gah kolluqlara, gah dağa baxır.
Kəmərində bir kəklik asılıb,
Tulası qaçıb daşa qısılır.

Görünür nəsə görübdür tula,
Birdən şığıyıb təpilir kola.
Qalxır kəkliklər, tüfəng açılır,
Qırma dolutək, qumtək saçılır.
Bir kəklik o dəm yıxılır yerə,
Hey qığıldayır can verə-verə...

Mənsə qalxıram zirvəyə doğru,
Zirvə də gedir hey göyə doğru.
Qalxdıqca bitmir qayalı yoğuş,
Qayalar açmış qarşımda ağuş.

Axır ki, yetdim umduğum yerə,
Öndə göründü dibsiz bir dərə.
Çox-çox dərində bir çay çağlayır,
Adam qorxudan yer qucaqlayır.
Çayın o üzü Buduq kəndidir,
Öndəki çuxur nəhəng kəndidir*5.

Baxaraq bürcə çəkirəm onu,
Burda nə varsa, mənimçün yeni.
Bir qartal gəldi cövlan edərək,
Döndü çevrəmdə məni güdərək.

O yaxınlaşır hər dönüşündə,
Şübhələnirəm bu gərdişindən.
O məni vurub aşırda bilər,
Müdhiş uçruma düşürdə bilər.

Geri çəkildim bir-neçə addım,
Bir daş götürüb qartala atdım,
Kinlə qıy vurub şığımla baxdı.
Qanad çalaraq aşağı axdı.

İş pis çıxmadı, buna sevindim,
Molberti büküb aşağı endim.
Yol boyu yığdım xeyli göbələk,
Əsirdi sərin, ətirli külək...

1.Söhüb, Buduq – Qubanın dağ kəndləri. 2.cağ – qarğaya bənzər qarğadan bir az kiçik quş türü. 3.çil – kəkliyə bənzər əti yeməli quş türü. Qorxu çağında kəkliklər dağılışaraq çox yöndə, çillər isə tam bir yöndə uçurlar. 4.umsuq olmaq – tamsınmaq, ağzı sulanmaq, bir şeyin həsrətini çəkmək. 5.kəndi – taxıl saxlamaq üçün keçmişdə daşla hörülüb samanlı palçıqla suvanan təndirə bənzər ambar. Yeri, divarları tava daşlarla kip-kipə qoyularaq hörüldüyü üçün siçanlar içərisinə girə bilmirdilər.

Sentyabr -- 1982
SÖHÜBDƏ O ZAMAN ÇƏKDYİM GÖRÜNTÜLƏRDƏN.

Müəllif: Tələt Mərdi Həqq 

Demokratikmusavat.com 

0.697998046875