Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 54% və ya 12 min 887 ton, dəyər ifadəsində isə 46.6% və ya 13 milyon 672 min ABŞ dolları artıb. 2023-cü ilin ilk 8 ayında Azərbaycana 29 milyon 323 min ABŞ dolları dəyərində 23 min 818 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib.
Bu təhlükəli yağın Azərbaycana idxalının artmasının səbəbi nədir, ondan harada istifadə edilir?
Demokratikmusavat.com xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu yağ sənaye və qida məqsədilə istifadə olunur:
"Qida məqsədilə olan yağ palmanın lətindən, yəni meyvəsindən əmələ gəlir. Sənaye üçün palmanın toxumlarından yağ hazırlanır. Bu yağdan parfümeriya və sabun istehsalında istifadə olunur. Palmanın meyvəsindən əmələ gələn yağ təhlükəsizdir. Qida üçün yararlıdır. Bu yağa bir çox qidaların tərkibində rast gələ bilərik".
Ekspert əlavə edib ki, palma yağına qarşı MDB ölkələri arasında böyük basqı var:
"Nədənsə Azərbaycanda, o cümlədən Rusiyada firmalar malların üzərində yağın mənşəyi haqqında məlumat yazmırlar. AQTA qarşısında məsələ qaldırmışıq ki, yağın mənşəyi yazılsın. Bütün hallarda yağın mənşəyi qeyd olunmalıdır ki, istehlakçılar bilsin. Palma yağı harada istifafə olunursa, tam leqqalaşdırılmalıdır. Sənaye üçün yararlı olan palma yağının qidada istifadə olunması arzuolunmazdır".
Xatırladaq ki, son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir. Eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Bu ilin 8 ayında Azərbaycanda 30 min 645 ton marqarin istehsal edilib ki, bununda 857 tonu ixrac edilib.