Cənab İlham Əliyev var gücü ilə çalışır ki, Azərbaycanı, xüsusən paytaxt Bakını dünya səviyyəli şəhərə çevirsin, bunun üçün gecəli-gündüzlü çaıışır, Bakının meri Eldar Əzizovun isə işləmək əvəzinə yatmaqdan gözləri şişib.
Allah Azərbaycana bütün gözəllikləri, sərvəti verib, ən əlverişli coğrafi mövqe bəxş edib, amma müasir dövrdə xalqa və dövlətə yarayan, işguzar kadrlar verməyib. Azərbaycanda hər kəs vəzifə tutmaqdan ötrü ən ağır şərtlərə, hətta iynənin olduqca dar ulduzundan belə, keçməyə hazırdır, amma işləməyə, çalışmağa yox...
Belə kadrlardan biri də məhz Bakı meri Eldar Əzizovdur. Ha fikirləşirəm ki, görüm, xalq, dövlət üçün nə qədər əhəmiyyətli iş görüb ki, hörmətli cənab Prezident E. Əzizovu ard-arda vəzifədən vəzifəyə daşıyır. Sabail, Gəncə, Sumqayıt və Bakı İcra Hakimiyyətlərinə başçı təyin edib. Amma bu adam iki ayağını bir başmağa dirəyib işləmir ki, işləmir.
Eldar Əzizov Bakı meri vəzifəsinə gəldiyi gündən bu günə kimi yaxşı anlamda heç bir cəhətdən ilə fərqlənməyib. Sabiq Bakı meri Hacıbala Abutalıbov dağıdıcı olsa da, Eldar Əzizovla müqaisədə xeyli yaxşı işləyirdi. Şəhər təsərrüfatı indikindən qat-qat yaxşı idarə olunurdu. İndi isə Dənizkənarı Parkın ətrafından başqa, Bakı şəhərini zibil götürüb gedir, şəhərin içərilərinə girən, dar küçələrdən axan zibil sularının iy-qoxundan, üfunətindən adamın ürəyi bulanır, başı çatlayır.
Yağış yağanda Bakı şəhəri selə təslim olur. Bakı meri E. Əzizov isə deyir ki, deyəsən, bəzi nöqsanlar olub! Bu adamdan soruşan yoxdur ki, hər il dövlət büdcəsindən ayrılan külli miqdarda pullar hara sərf olunub?! Ki, şəhərin kanalizasiya sistemi işləmir, kağız üzərində hər şey yerindədir, amma Bakının kanalizasiya sistemi niyə təmir olunmayıb?!
Məgər icra hakimiyyəti hər şeyi - torpağı satmaq, rüşvət almaq, hər ay əməkhaqqı cədvəlinə qol çəkmək üçündür, yoxsa şəhərin, rayonun bütün işlərinə vaxtlı-vaxtında qulluq göstərmək üçündür?!
Çünki bu işləri Eldar Əzizovdan soruşan da yoxdur axı! Mütləq hər bir nöqsanı ölkə başçısı görməli, deməli və nəzarət etməlidir, amma digər vəzifə sahibləri, Eldar Əzizov kimi hazırı yeyib, üstünü örtüb rahat yatmalıdır?!..
Abbas