Ağızlıqsız it gəzdirənləri hansı cəza gözləyir?

 

Tez-tez parklarda, küçələrdə, bir sözlə ictimai yerlərdə itlərini gəzdirən vətəndaşları görürük. Bunların arasında iri cins itlər də olur və vətəndaşların bir çoxu onları ağızlıq olmadan gəzdirirlər. Ancaq bu, qayda pozuntusudur. Çünki qanunvericiliyə əsasən, itləri kiçik cilovda, iri itləri isə cilovda və ağızlıqda gəzdirmək lazımdır. Ancaq hər kəs buna riayət etmir və bu sadəcə insanlar üçün yox, digər heyvanlar üçün də təhlükə yaradır.

Demokratikmusavat.com bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan baytar Süliddin Ələkbərov bildirib ki, itlər gəzdirilən zaman ağızlığın taxılmağı vacibdir:

"Bu, həm də heyvanların dalaşıb bir-birilərinə, həmçinin, insanlara da xəsarət yetirməsinin qarşısını alır".

İri cins itləri ağızlıqsız gəzdirənləri hansı cəzalar gözləyir?

Hüquqşünas Aytac Qurbanova isə məsələnin hüquqi tərəfindən danışıb. O, qeyd edib ki, qanunvericiliyə görə, bu qaydalara əməl etməyən şəxslərə qarşı ciddi cəzalar tətbiq edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, belə hallarda 200 manat cərimə tətbiq olunur. Eyni pozuntu təkrar baş verərsə, cərimə 300 manata qədər artırılır.

Ağızlıqsız gəzən it kiməsə xəsarət yetirərsə, bu zaman hansı hüquqi tədbirlər görülür?

Aytac Qurbanova bildirib ki, əgər qayda pozuntusu nəticəsində bir şəxs zərər çəkərsə, it sahibi 1000 manat məbləğində cərimə ilə cəzalandırılır:

"Qanunvericilik bu cəzanı tətbiq etməklə it sahiblərinin məsuliyyətini artırmağı və ictimai asayişin qorunmasını hədəfləyir. İt sahiblərinin bu qaydalara riayət etməməsi ciddi məsuliyyətə səbəb olur və cərimələr tətbiq edilir. Qaydalara əməl etməyin əsas məqsədi yalnız qanunauyğun hərəkət etmək deyil, həm də ətraf mühitdəki insanların təhlükəsizliyini təmin etməkdir".

0.18328809738159