Sizin səmimiyyətinizə avamlar inansa da, 11 yaşlı ağıllı uşaq belə, inanmaz!

 

Mən AMEA prezidenti, direktor və akademik İsa Həbibbəylinin milli qayğıkeşliyinin, canıyananlığının səmimi olmasına qətiyyən inanmıram. O, Mirzə Cəlilin öz dədə-babalarını saya-hesaba salmayan, tamamilə yadlaşmış, özgələşmiş, tamam başqa mentaliteti və mədəniyyəti mənimsəmiş, başları öz işlərinə qarışmış Martin adlı nəticəsini və Pşemislavı adlı kötücəsini diplomatik nümayəndəlikləri də cəlb etməklə böyük xərclər hesabına, demək olar ki, zorla bir-iki günlüyə Cəlilin 150 illik yubileyində iştirak etmək üçün Polşadan Azərbaycana gətizdirir və bunu camaata hadisə kimi sırıyır. Halbuki bu "millətçi", "azərbaycançı", "qayğıkeş" akademik gözünün qabağında ağır maddi vəziyyətə düçar edilmiş, ehtiyacla çarpışan alim həmkarını vecinə də almır, əksinə, onun iztirablarından sanki zövq alır. Niyə? Çünki o, ölkə üçün faydalı olan həqiqi alimə nifrət edir və xarakterində qətiyyən səmimiyyət yoxdur, əksinə, qısqanclıq var. İsa Həbibovun səmimiyyəti heç vaxt dövlət, millət marağı ola bilməz. Öz şəxsi marağı üçün stəkanda fırtına qoparar, ən mənasız işlərlə məşğul olar. Hanı o Pşemislavlar, hanı o Martinlər, İsa müəllim?! Onların Azərbaycana dəxli oldumu? Əlbəttə, yox. Bunu siz də bilirsiniz ki, onları Azərbaycan, hətta Mirzə Cəlil belə əsla maraqlandırmır. Sadəcə ekzotika, şəxsi maraq və nüfuzunuzu artırmaq naminə 2019-cu ildə xərclər çəkib gətirdiniz Bakıya. Bilirdiniz ki, xalqın saf kəsimi mahiyyətinə varmadan şoka düşəcək. Bu mənasız iş üçün bu qədər xərc, səs-küy, səfərbərlik, həngamə, vur-çatlasın Azərbaycanın nəyinə lazım idi? Heç nəyinə! Fəqət İsa Həbibbəyliyə lazım idi!
İsfahan lotusu Şeyx Nəsrullahın macəralarını XXI əsrdə də təkrar etmək, xalqı avam yerinə qoymaq kimə lazımdır?! Bir də ki, Mirzə Cəlil Allahdan vəhy olunmuş əfzəl peyğəmbər və ya məsum on iki imamdan biri deyil ki, düşəsən onun müqəddəs nəsil şəcərəsinin dalınca...
Məhsuldar bir alimin yetişməsi üçün Azərbaycan reallığında bəzən 40-50 il vaxt lazım olur, çünki sizlərin fəaliyyəti üzündən dövlət qayğısı ünvana gəlib çatmır. O da ya yetişə, ya da yarı yolda ölə, ölməyəni də İsa Həbibov və onun kimilər çərlədib öldürər.
İsa Həbibbəyli, Azərbaycan dövlətinin hesabına əldə etdiyiniz maddi imkanlarınız intəhasızdır. Dürüst və faydalı Azərbaycan alimini öldürüb mənasız Pşemislav axtarışına çıxmağı millilik və azərbaycançılıq saydınızsa, vay bizim halımıza!
Bu mənada sizin səmimiyyətinizə avamlar inansa da, 11 yaşlı ağıllı uşaq belə, inanmaz!

Professor İdris Abbasov 

0.14888596534729