Azərbaycan gərginliyi azaltmaq üçün sülh sazişini çərçivə sənədi formasında paraflaya bilərmi?
- Azərbaycan bunu etsə belə təzyiqlər azalmayacaq, bəlkə də artacaq. Görəcəklər ki, təzyiq etməklə istədiklərinə nail olurlar və bunun ardınca birtərəfli qaydada, Qərbi Azərbaycandan olan qaçqınların qayıdışı, Zəngəzur dəhlizi məsələsi kənara qoyulmaqla, beynəlxalq təminat altında ermənilərin Qarabağa qaytarılmasını tələb edəcəklər. Hesab edirəm ki, biz nəinki öz haqlı tələblərimizdən geri çəkilməməli, əksinə tələb etməliyik ki, Ermənistan 30 illik işğala və xalqımıza münasibətdə etdiyi vəhşiliklərə, Xocalı soyqırımına görə Azərbaycandan rəsmi üzr istəsin və təzminat ödəyəcəyini bəyan etsin. Azərbaycan Respublikasının Prezidenti son vaxtlar bu barədə bir neçə dəfə çıxış edib. Ermənistan və tərəfdarları sülh istəyirsə, Ermənistan Konstitusiyasını dəyişməli, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata uyğun olaraq Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratmalı və tezliklə anklavların azad edilməsi məsələsinin müzakirəsinə başlamalıdır.
- Sülh sazişi, dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması sülhə təminatdırmı?
- Əlbəttə ki, yox. Rusiya - Ukrayna savaşı gözümüz önündə baş verir. Sülhə təminat milli birlik, güclü iqtisadiyyat, güclü ordu, güclü müttəfiqlər, qonşularla dostluq siyasəti yürütmək qabiliyyətidir. Dostluq siyasəti qonşularla münasibətdə qarşılıqlı mənafelərin nəzərə alınmasıdır. Amma bu ölkənin milli maraqlarından imtinası hesabına olmamalıdır.