Azərbaycan Könüllüləri şəhidlərimizin əziz xatirəsini yad ediblər.

 

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan könüllülərinin iştirakı ilə 27 sentyabr – Anım Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib.
 
Anım Günü ilə əlaqədar olaraq  ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən Azərbaycan Könüllüləri II Şəhidlər Xiyabanını ziyarət ediblər. 300-dən  çox Azərbaycan Könüllüsü, könüllü təşkilatlarının rəhbər və nümayəndələri ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə tər gül dəstələri qoyublar.
 
Daha sonra Azərbaycan Könüllüləri, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, “Gənc Könüllülər” İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsində iştirak etmiş döyüşçü qazilərlə görüşüb. Qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər.
 
Eyni zamanda Azərbaycan Könüllüləri, Zəfər parkını ziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
 
Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırır. Bu baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirərək, suverən, bütövləşmiş Azərbaycan torpaqlarında şanlı bayrağımızı ucaltdı.

0.17549991607666