Bağlantı xidmətində inhisarçılıq pik həddinə çatıb

 

Savaş qazilərinə qayğı göstərən  operator hansıdır?

Bağlantı-rabitə xidmətlərinin səviyyəsi(zliyi)ndən danışmaq yersizdir. Nədən hamıya bəllidir. Xidmət özbaşınalığına baxın, “Aztelekom” , “Baktelekom” zorakı xidmətlə qiyməti qaldırır, imtina edənləri cərimə edir!(?) Bəs İqtisadiyyat Nazirliyinin yanından Prezidentin yanına “yüksələn” Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi niyə bu zorakı xidmət inhisarçılığına, özbaşınalığa qiymət vermir? Axı “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”  19.09.1995 tarixli Azərbaycan Respublikası Qanunu dövlət qurumunun boynuna məhkəmə qaydasında da (!) özbaşınalığa qiymət verməyi qoyub ! Sözügedən qanunun 14.2 maddəsində yazılıb :” İSTEHLAKÇINI keyfiyyətsiz və ya  ona LAZIM OLMAYAN çeşidli mal almağa və XİDMƏT GÖSTƏRİLMƏSİNƏ məcbur etmək QADAĞAN EDİLİR”. Bəs niyə “Aztelekom”, “Baktelekom” müştərilərini, xidmətindən yararlananları qadağan edilən MƏCBURİ XİDMƏTƏ qoşur və imtina edənləri cərimələyir? Antiinhisar xidməti çox hallarda bu zorakılığı müqavilə şərtlərinin dəyişməsi ilə müdafiə edir. Daha düzü, bu yekəlikdə dövlət agentliyi müqavilə şərtlərini birtərəfli qaydada diqtə etməyi xidmət qurumunun hüququ kimi sırıyır. Bəs qanun nə deyir? “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 16-cı maddəsi qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını MƏHDUDLAŞDIRAN müqavilə şərtlərini ETİBARSIZ sayır. Belə çıxır, istehlakçıların hüquqlarını qorumalı olan dövlət qurumu inhisarçılığı, zorakı xidməti qoruyur?!

Yaxşı ki, mobil operatorlar hökumətin rabitə qurumlarının “qara xidməti”nin “üzünü ağ edir”. Yoxsa sosial müdafiəyə ehtiyacı olan tələbələr, əlillər, veteranlar, ..., lap elə bütün istehlakçılar bağlantı xidmətinin keyfiyyətsizliyindən necə qurtulardılar? Di gəl, son illərdə mobil operatorlar da özbaşınana müqavilə şərtləri , zorakı xidmətdə bir-biri ilə yarışa, rəqabətə giriblər. Özbaşınalığa baxın, bir operator balans bildirişinə görə abonentin balansından onun  razılığı olmadan hər ay 0.67 manat tutur, o biri hansısa tarif paketindən imtina etməyə qadağa qoyur. Belə xidmətlə tələbə, əlil necə bağlantı qursun, sosial müdafiə olunsun? Tələbə, əlil 1 manatı güclə ödəyir , amma anında 67 qəpiyi çıxılır. Hansı xidmətdən danışmaq olar belədə? Antiinhisar xidməti isə bu xidmətsizliyi, zorakılığı xidmət qurumunun müstəsna hüququ sayır. “Xidmət”ə baxın, əvvəllər 2 manat ödəməklə nömrə  bir ay aktiv qalırdı, sonra elədilər 25 gün, daha sonra 20 gün, bu ilin mayından isə ... 10 gün!  (?) Bir ay aktiv olan 3 manatlıq balans indi 20 günə endirilib, 45 gün aktiv olan 5 manatlıq ödənişlə isə 30 gün “aktiv qalmaq” olur . Belə sürətli endirimlə haracan getmək olar? Hələ internet paketlərini demirik, əvvəl 3 manata 500 mb paket almaq olurdu, indi ən azı 6 manat ödəməlisən ki, paketdən yararlana biləsən. Daimi “ 3 manatlıq” müştərilərə isə xidmət 4 manata qaldırılıb. O da keflərinə düşəndə qoşurlar, düşməyəndə yox.

Bəs sosial müdafiəyə ehtiyacı olanlara güzəşt tətbiq edilməli deyil? “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun bu kateqoriyadan olan şəxsləri də unutmayıb. Qanunun 14.1 maddəsində yazılıb: “ Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa , istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayisı ilə MƏHDUDLAŞDIRILMASINA YOL VERİLMİR. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər XİDMƏT növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər” Bəs niyə verilmir, əksinə, hüquqlar məhdudlaşdırılır? Baxın, xidmət qurumu 1-ci dərəcəli Qarabağ əlilinin bütün dörd nömrəsinin balansını eyni gündə silib, mənimsəyib. Antiinhisar xidməti isə müqavilə şərtlərini diqtə etməyi mobil operatorun müstəsna hüququ sayır. (?) Burda hansı müqavilə şərtindən, sosial müdafiədən söhbət gedə bilər?

Xidmətdən başımıza gələnlərdən deyə bilərik ki, bircə “ Azərcell” sosial müdafiəyə ehtiyacı olanlara , müharibə veteranlarına qısamüddətli güzəştlər edir. 8 noyabr ZƏFƏR BAYRAMI günündə operator savaş qazilərinə 24 saatlıq limitsiz danışmaq şansı verdi. Güzəçt qısa olsa da, mənəvi yöndən yüksək qiymətləndirilir. “Veteran kampaniyası”  da cəmi 7 gün qüvvədə olsa da, savaş veteranlarına diqqətdən qaynaqlanır. Onu da deyək ki, əvvəl bu müddət bir ay idi. Bunun dördqat azalması diqqətin də azalması deyilmi? Hər halda, operator bu haqda fikirləşsə, daha diqqətli və qayğıkeş olar. Yeri gəlmişkən,  güzəştli internet paketi kampaniyalarından sosial müdafiəyə ehtiyacı olanlara daha aşağ güzəştlər təklif edilməsinə də operatorlar baxa bilər. Daha düzü baxmalıdırlar.

Diqtə ilə, zorakılıqla xidmətin sonu  müştəriləri  itirmək təhlükəsi yaradır. Di gəl, alternativ seçim də yoxdur. Bəlkə dış operatorların xidmətindən yararlansın ölkə vətəndaşı? Bu da təhlükədir, “casus” damğası qazanmaq risqi böyükdür. Nə etməli? Uyğun dövlət qurumu boynuna qoyulan görəvə uyğun da cavabdehlik daşıyır...

Məğrur Bədəlsoy

0.20766592025757