Yeni dünya düzəni: Ankaranın sülh diplomatiyası və gözləntilər

 

Beynəlxalq aləmdə, xüsusən də Avrasiya coğrafiyasında yeni dünya düzəni uğrunda gedən çox ciddi geosiyasi qarşıdurmalar fonunda Türkiyə problemləri olduğu qonşuları ilə münasibətlərini normallaşdırmaq istiqamətində aktiv diplomatik siyasət yürütməkdədir. Bu diplomatik səylər öz müsbət nəticəsini verməkdədir.  Türkiyənin də qonşuları da nəhayətində dərk etməkdədirlər ki, Ankaradan onların təhlükəsizlik sisteminə, suverenliyinə və ərazi bütövlüyünə hər hansı təhdid yoxdur. Əksinə, qonşu ölkələr Türkiyənin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin, inkişafın və sıx əməkdaşlıq formatının yaranması naminə qonşularının ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə olan təhdidlərin aradan qalxması Ankaranın xarici siyasətinin ana xəttini təşkil etdiyini başa düşməkdədirlər. Ona görə də bölgədəki böhranların, təhdidlərin aradan qalxması üçün Ankara ilə əməkdaşlığa can atmaqdadırlar. 
Uzun illər boyu Bağdadla Ankara arasındakı bütün anlaşılmazlıqlar aradan qalxıb və hazırda münasibətlər tamamilə yeni bir müstəviyə qədəm qoyub. Son bir ildə dinamik şəkildə inkişaf edən əlaqələr nəticəsində Ankara ilə Bağdad bölgədə iqtisadi və təhlükəsizlik sahəsində yeni bir geosiyasi reallıq yaratmaqdadırlar. Bunun nəticəsi olaraq bölgənin sürətli inkişafı, sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması üçün birgə Beynəlxalq İnkişaf Yolu regional iri logistik və iqtisadi layihələrin icrası istiqamətində konkret addımlar atmaqdadırlar. Bu layihənin reallaşmasına, bölgədə sabitliyin təmin olunmasına, eyni zamanda onilliklər boyu Türkiyə və İraqın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə cidd təhdid mənbəyi olan PKK terror təşkilaıtnın fəaliyyətinə son verilməsi istiqamətində birgə fəaliyyət göstərib əməliyyatlar keçirməkdədirlər. Bu məqsədlə Türkiyə sərbəst qaydada İraq ərazisində antiterror əməliyyatları həyata keçirmək və təhlükəsizlik bufer ərazi yaratmaq hüququ əldə edib. Bundan əlavə olaraq İraqın təhlükəsizliyinin təmin olunması üçün bu ölkənin ərazisində tədricən Türkiyənin hərbi bazaları formalaşdırılır. Bağdadla Ankara arasındakı siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə inkişaf etməkdədir. İki ölkə arasındakı münasibətlərin inkişafı digər ölkələrə də öz müsbət təsirini göstərməkdədir. 
Ankaranın aktiv siyasəti nəticəsində on ildən artıq müddətdə münasiblətlərində ciddi problem yaşanan Suriya ilə də əlaqələr yeni mərhələyə qədəm qoymaqdadır. Suriya rəhbərliyi də Ankaranın bölgədəki təhlükəsizliyin təmin olunması istiqamətindəki mesajlarına müsbət reaksiya verməkdədir. Artıq mövcud Bəşər Əsəd rejimi də görür ki, Türkiyə Suriyanın parçalanmasında yox, ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında maraqlıdır. Düzdür, Dəməşqlə Ankara arasında hələ ki Bağdadla Ankara arasında olduğu kimi olmasa da, amma münasibətlərin qurulması istiqamətində ilkin müsbət niyyətlərin olduğu ortadadır. İki gün öncə Bəşər Əsəd Dəməşqdə parlamentdə çıxışı zamanı Dəməşqin Ankara ilə münasibətlərin normallaşmasında maraqlı olduğunu və bunun üçün hər hansı ilkin şərtin olmadığını da dilə gətirib.    
Təbii ki, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması bir az zaman alan məsələ olsa da, bu istiqamətdə beynəlxalq aləmə müsbət mesajların verilməsi çox müsbət hadisədir. Birinci mərhələdə iki ölkə arasındakı dialoq təhlükəsizlik qüvvələri arasında, daha sonra isə diplomatların dövriyyəyə girərək prosesi irəliyə aparması ilə davam edəcək. Dialoqun uğurlu alınması isə həm tərəflərin masada irəli sürdüyü şərtlərdən, həm də bölgədəki geosiyasi proseslərin gedişindən asılı olacaq. İlkin mərhələdə danışıqlar Moskva və Tehranın vasitəçiliyi və birgə iştirakı ilə davam etdirilə bilər. Lakin sonrakı mərhələdə tərəflər arasında etimad mühiti formalaşarsa, o zaman vasitəçilərsiz danışıqları davam etdirmək mümkün olar. 
Bu danışıqların müsbət nəticə ilə yekunlaşması təbii ki, kompromissiz mümkün olmayacaq. Lakin Ankaranın təşəbbüsü ilə Yaxın Şərqdə başladılan normallaşma prosesi müsbət sonluqla nəticələnərsə, bundan təkcə Türkiyə, İraq, Suriya deyil, bütövlükdə bölgə və Avrasiya, Afrika coğrafiyasındakı ölkələr də qazanacaq. Çünki Yaxın Şərqdəki mövcud böhran ümumilikdə beynəlxalq təhlükəsizlik sisteminə, beynəlxalq münasibətlər sisteminə, əməkdaşlıq əlaqələrinə ciddi şəkildə mənfi təsir göstərir. Əgər Bəşər Əsəd ortaya siyasi iradə qoyub Ankara ilə tez bir zamanda münasibətlərin nomallaşmasına nail olsa, o, Suriyanı dünyanın siyasi xəritəsindən silinmə təhlükəsindən xilas edərək yenidən suverenliyini bərpa  etməklə yanaşı,  bölgənin və dünyanın təhlükəsizlik sisteminə olan təhdidləri aradan qalxmasına böyük töhfə vermiş olacaq. Əminəm ki, Ankaranın başlatdığı sülh və birgə əməkdaşlıq diplomatiyası nəticə etibarilə beynəlxalq münasibətlər sistemində qlobal sabitliyin, sülhün və birgə əməkdaşlığın yenidən təmin olunması ilə nəticələnəcək. Bu eyni zamanda Türkiyənin yeni dünya düzənindəki nüfuzunun artmasına və mövqeyinin möhkəmlənərək ciddi aktor rolunda çıxış etməsinə gətirib çıxaracaq. Təbii ki, bu yolda əngəllər olacaq, ancaq tükiyə bu əngəlləri də aşacaq.
Ankaranın regional sülh və əməkdaşlıq diplomatiyası Cənubi Qafqaz və Mərkəzi Asiyada da öz müsbət bəhrəsini vermiş olacaq.

 

 

0.25210905075073