ABŞ və Qərb Gürcüstanda zorakılığa bağlı dövlət çevrilişi planlarını ön plana çıxartmaq məcburiyyətində qalıb... Ona görə də, yaxın vaxtlarda Gürcüstanın dəhşətli daxili kataklizmlər yaşaya biləcəyi qətiyyən istisna deyil...
ABŞ və Qərb Cənubi Qafqazda qarşısına qoyduğu strateji hədəflərinə çatmaqda çətinlik çəkir. Belə ki, Qərbin bu regiona sürətlə yerləşmək planı iflasa uğramaq təhlükəsi ilə üzləşib. Hər halda, Qərb siyasi dairələri indiki situasiyada Cənubi Qafqazı ABŞ və Avropa Birliyinin geopolitik nəzarət məkanına çevirmək hədəfindən kifayət qədər uzaq qalıblar. Və bu, Qərbdə olduqca ciddi narahatlıq doğurmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ, Avropa Birliyi və Fransanın siyasi nəzarət mexanizmlərini qurmağa nail olduğu yeganə region ölkəsi məhz Ermənistan hesab edilir. Belə ki, Ermənistanda Qərbə itaət edən siyasi qüvvələrin hakimiyyətə gətirilməsi və onun mövqelərinin möhkəmləndirilməsi təmin edilib. Paşinyan hakimiyyəti hazırda birmənalı şəkildə Qərbdən gələn bütün təlimatların dərhal icra olunması ilə məşğuldur. Və bu baxımdan, hətta Paşinyan hakimiyyəti Ermənistanın müstəqilliyindən belə, imtina etdiyi açıq-aşkar müşahidə olunur.
Digər tərəfdən, Avropa Birliyi Ermənistanda "müşahidə missiyası çətiri" altında Qərb kəşfiyyatçılarını yerləşdirməyə nail olub. Bu kəşfiyyat missiyası Avropa Birliyinə Cənubi Qafqazda geopolitik proseslərə müdaxilə mexanizmləri vəd edir. Hələlik bu, Avropa Birliyinin regionda yeganə nisbi uğuru hesab oluna biləcək faktordur. Və bundan artığına nail olmaq imkanları isə olduqca məhduddur.
Eyni zamanda, Avropa Birliyinə paralel olaraq, ABŞ da Cənubi Qafqaza yerləşmək üçün müəyyən addımlar atmağa çalışır. Üstəlik, bu addımlar yalnız Ermənistan üzərindən atılır. Ona görə də, ABŞ-ın da Cənubi Qafqaza yerləşmək hədəflərinin əhatə dairəsi məhz Ermənistan ərazisi ilə məhdudlaşmış kimi görünür. Halbuki, Ağ Ev Ermənistanda ABŞ-ın qeyri-leqal hərbi bazasının yaradılması ilə Avropa Birliyindən daha ön plana çıxmağa nail olub. Və bütün bunlara rəğmən ABŞ-ın Ermənistana tam nəzarət etdiyini iddia etmək də çətindir.
Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransa indiki situasiyada Ermənistana yalnız siyasi nəzarətdən uzağa getmək imkanına qətiyyən malik deyillər. Əsas problem ondan ibarətdir ki, Ermənistan iqtisadi-ticari və hərbi faktorlar üzrə məhz Rusiyadan tamamilə asılı vəziyyətdədir. Üstəlik, Ermənistanı yaxın gələcəkdə Rusiyanın bu asılılığından çıxartmaq demək olar ki, mümkün deyil.
Buna nail olmaq üçün onilliklərlə zaman və onmilyardlarla maliyyə vəsaiti lazımdır. Halbuki, Qərb siyasi dairələrinin həm gözləmək üçün zamanı, həm də Ermənistanı Rusiya asılılığından çıxarılmasına maliyyə vəsaiti xərcləməyə demək olar ki, həvəsi yoxdur. Və bu, Qərbə problemlər yaratmaqla yanaşı, həm də Ermənistanın gələcək taleyini böyük risk altına sala bilər.
Azərbaycana gəldikdə isə rəsmi Bakı müstəqil xarici siyasət yürüdür. Cənubi Qafqazda geopolitik iradə sahibi kimi, bu regiona kənar müdaxilələrə sərt şəkildə müqavimət göstərir. Qərb siyasi dairələrinin Azərbaycana təzyiq mexanizmlərinin mövcud olmaması rəsmi Bakını sərbəst geopolitik qərarlar qəbul etməsini daha da asanlaşdırır. Xüsusilə də, rəsmi Bakı Azərbaycanın milli maraqlarına təhlükə törədən regiondan kənar müdaxilə cəhdlərini dərhal bloklamaq potensialını daim hazır tutur. Və bu baxımdan, Azərbaycan Qərb siyasi dairələrinin təsir dairəsindən tamamilə kənarda qalmağı artıq təmin etmiş kimi görünür.
Nəhayət, ABŞ və Qərbin Cənubi Qafqaz planlarında Gürcüstana nəzarət olunması da mövcuddur. Halbuki, Qərb siyasi dairələrinin bu istiqamətdə də böyük irəliləyişlər əldə etdiklərini iddia etmək olduqca çətindir. Hər halda, rəsmi Tiflis hələlik Gürcüstanın ABŞ və Qərbə təslim olunmasından israrla imtina edir. Üstəlik, Gürcüstan hakimiyyəti ölkə daxilində Qərbin təsir mexanizmlərini də sıradan çıxartmağa can atır. Hər halda, rəsmi Tiflisin "xarici agentlər" barədə qanunun qəbulunu sona çatdırması bu baxımdan, kifayət qədər önəmli addım sayıla bilər.
Təbii ki, Gürcüstanda hakimiyyətdə olan "Gürcüs arzusu" Partiyasının belə prinsipial mövqeyi Qərb siyasi dairələrində birmənalı şəkildə ciddi qıcıq yaradıb. Çünki indi Qərbin Gürcüstanda uzun illər maliyyə dəstəyi ilə bəslədiyi "qrant agenturası" artıq rəsmi Tiflisin tam nəzarəti altına düşmək üzrədir. ABŞ və Avropa Birliyinin rəsmi Tiflisi sərt sanksiyalar ilə təhdid etməsi isə hələlik bu istiqamətdə elə bir ciddi nəticə vermir. Və hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasının prezident Salome Zurabişvilini Gürcüstana xəyanətdə ittiham etməsi isə Qərbin bu ölkədəki mövqelərinə sonuncu sarsıdıcı zərbə hesab oluna bilər.
Maraqlıdır ki, ABŞ və Qərbin Gürcüstanda siyasi revanşa hazırlaşması barədə məlumatlar indi daha tez-tez gündəmə gətirilir. Bəzi iddialara görə, Qərb siyasi dairələri Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərini rəsmi Tiflis üzərində siyasi revanş üçün önəmli faktor olaraq, dəyərləndirirlər. Yəni, ABŞ və Qərb məhz növbəti parlament seçkilərində Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaqla, bu ölkənin tam nəzarətə alınmasını təmin etmək niyyətinə düşüb. Və bu istiqamətdə planların qurularaq, icrasına başlandığı da iddia olunur.
Onu da qeyd etmək lazımdır ki, Qərb mətbuatında Gürcüstan müxalifətinə olan ümidlərin son vaxtlar ciddi şəkildə zəifləməyə başladığı da bildirilir. Bəzi məlumatlara görə, ABŞ və Avropa Birliyinin tam dəstəyinə baxmayaraq, Gürcüstan müxalifətin hakimiyyəti ələ keçirə biləcək qədər güclü deyil. Üstəlik, gürcü müxalifətinin seçkilər yaxınlaşdıqca Gürcüstan cəmiyyətində mövqelərini daha da itirməkdə olduğu vurğulanır. Və bu, Qərb siyasi dairələri üçün hazırda kifayət qədər ciddi geopolitik problemlərdən biri hesab olunur.
Ona görə də, Qərbdə bəzi dairələrin Gürcüstanı nəzarətə almaq üçün daha radikal variantların işə salınmasına hazırlaşdıqları barədə məlumatlar mövcuddur. Rəsmi Tiflis bu barədə müəyyən informasiyaya malik olduğu qətiyyən gizlətmir. Əksinə, açıq mətnlə ABŞ və Avropa Birliyini Gürcüstanda dövlət çevrilişi planları qurmaqda suçlayır. Rəsmi Tiflis Qərbin Gürcüstana qarşı davranışlarının beynəlxalq hüquq normalarına zidd olduğunu da vurğulayır. Və Qərbi belə "qaranlıq planlar"dan imtina edərək, Gürcüstan ilə normal münasibətlərə çağırır.
Bir qədər qəribə də olsa, Qərbin Gürcüstana qarşı kobud müdaxilə cəhdlərinə münasibətdə Rusiya da rəsmi Tiflisə dəstək verməyə çalışır. Belə ki, Rusiya xarici kəşfiyyat xidməti rəsmi Tiflisi ABŞ-ın Gürcüstanda "rəngli inqilab" hazırladığı barədə məlumatlandırıb. Rusiya kəşfiyyatının məlumatına görə, ABŞ "Gürcü arzusu"nun seçki qələbəsinə əngəl törətmək üçün Gürcüstan müxalifətini kütləvi iğtişaşlara sövq etmək niyyətindədir.
Rusiya kəşfiyyatı iddia edir ki, Ağ Evdə Gürcüstanda mövcud olan situasiyadan ciddi şəkildə narazı və narahatdırlar. Ona görə də, ABŞ seçkilərin nəticələrinin tanınmamasına, "saxtalaşdırma" ittihamları ilə gürcü müxalifətinin kütləvi etiraz dalğasına bağlı planlar qurmağa başlayıb. Ağ Evin bütün cəhdlərini Gürcüstanda hakimiyyət və müxalifət düşərgələri arasında birbaşa toqquşmalara nail olunmasına yönəltdiyi bildirilir.
Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Gürcüstanda "məxməri inqilab" və yaxud zorakılığa bağlı dövlət çevrilişi planlarını ön plana çıxartmağa məcbur qalıb. Ona görə də, yaxın vaxtlarda Gürcüstanın daxili kataklizmlər yaşaya biləcəyi qətiyyən istisna deyil. Hər halda, belə anlaşılır ki, ABŞ və Qərbin "Gürcü arzusu"na olan ümidləri tamamilə tükənib. Bu səbəbdən də, Qərbdə problemi məhz amerikasayağı "qaranlıq ssenarilər" ilə həll etmək niyyətinə düşüblər.
Elçin XALİDBƏYLİ,