DİM taksi sürücüləri üçün test imtahanı keçirir

 

Avqustun 25-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

İmtahan vermək üçün 1 415 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda 10:00-da və 13:00-da olmaqla iki növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirmək lazımdır. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Test imtahanında sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edən 20 tapşırıq təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

0.28994607925415