Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva da artıq Londonda Naytsbricdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubunun müsadirə olunmasına razılıq verib.
“AzPolitika “Daily Mail”ə istinadən xəbər verir ki, bu qərar Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) daşınmaz əmlakın alınmasında apardığı 6 illik araşdırmanın nəticələrinə əsasən qəbul edilib.
***
Azərbaycanda həbsdə olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının Britaniyadakı əmlakı müsadirə olunub.
"AzPolitika" bu məlumatı "Azadlıq Radiosu"nun saytına əsasən yayır.
Zamirə Hacıyevanın Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) 6 il çəkən təhqiqatından sonra bu müsadirəyə razılıq verdiyi bildirilir. Söhbət Londonun Naytsbirc məhəlləsində 14 milyon funt-sterlinq (30 milyon 336 min manat)dəyərində evdən və Askotda qolf klubundan gedir.
NCA-nın yaydığı məlumatda deyilir ki, agentlik bu aktivlərin irimiqyaslı saxtakarlıq və mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma vasitəsilə əldə olunduğuna inanır.
NCA 2018-ci ildə Britaniyadakı bu iki mülklə əlaqədar izah edilməmiş sərvət orderi (UWOs), həmçinin əmlakın satılmasını, başqasına verilməsini, yaxud israf edilməsini önləmək üçün aralıq dondurma orderləri çıxarıb.
Zamirə Hacıyeva 2006-2016-cı illərdə Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt-sterlinqdən (21.3 milyon dollar) çox pul xərcləməsilə gündəmə gəlmişdi.
2018-ci ilin fevralında məhkəmə çəkişməsi başlananda bütün bu əmlakın 22 milyon funt-sterlinqdən çox (29.2 milyon dollar) dəyəri olduğu bildirilirdi.
Ancaq onun vəkilləri iddia qaldıraraq deyirdilər ki, NCA onu qanunsuz olaraq hədəfə alıb. Hansısa pozuntuya yol vermədiyini deyən Hacıyeva daha öncəki məhkəmə instansiyalarının orderi ləğv etməsinə nail olmamışdı.
Cahangir Hacıyev
Onun əri Cahangir Hacıyev 2015-ci ilin martınadək Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri olub. Bir il sonra o, mənimsəmə, vəzifə saxtakarlığı, vergidən yayınmada təqsirli bilinib. 2019-cu ildə isə ABB-nin Moskva filialından mənimsəmədə təqsirləndirilib. Hazırda 16 illik cəza çəkir.
Beləliklə, Hacıyevin Azərbaycan dövlətinə məxsus pulları talayaraq aldığı əmlaklar indi İngiltərə dövləti tərəfindən müsadirə olunur. Avropa dövlətləri korrupsiyaya qurşanaraq öz ölkəsinin sərvətini talayan məmurlara və onların övladlarına da məhz buna görə "qucaq" açırlar. Bir gün bu ölkələrdə aldıqları əmlakları, banklara yerləşdirdikləri pullara asanlıqla "əl qoyacaqlarını" bilirlər. Bizim talançı məmurlar isə bundan dərs almaq, almaq istəmirlər...