"Hamıya aydın olmalıdır ki, Azərbaycanla sülh və qarşılıqlı tanınma məsələsi üzrə danışıqların sadəcə olaraq alternativi yoxdur. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sonunda sülh müqaviləsinin imzalanması məsələsi açıq şəkildə ortaya çıxacaq. Burada hər şey aydın görünürdü. Reallıqda isə Ermənistan əhalisinin əksəriyyəti növbəti müharibənin olmasını istəmir. 2020-ci ildən sonra bunu hamı başa düşür. Ermənistan ordusu heç bir ciddi müharibəyə hazır deyil. Nə vaxt hazır olacağı bəlli deyil".
Demokratikmusavat.com xəbər verir ki, bunu erməni politoloq Aram Safaryan Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı referendum məsələsinə toxunarkən deyib.
Politoloq bildirib ki, Ermənistan hakimiyyəti bir sıra məlum xarici və daxili səbəblərə görə Azərbaycanla sülh müqaviləsi imzalamaq fikrindən dönməyəcək: "Bu müqavilənin imzalanması ilə bağlı bütün məsuliyyət Nikol Paşinyan və onun hökumətinin üzərinə düşür. Hakimiyyət görür ki, Ermənistan əhalisinin əksəriyyəti sərhədlərin delimitasiyası prosesindən sonra ölkədə başlayan etirazlara qoşulmayıb və bu həm də səssiz əksəriyyətin hakimiyyətin addımlarını dəstəkləməsi anlamına gələ bilər.
Məhz bu fundamental şəraitdə hakimiyyət birmənalı, aydın görünən prosesdə, yəni Ermənistan-Azərbaycan, sonra isə Ermənistan-Türkiyə danışıqlarında birmənalı, aydın ictimai dəstək almaq istərdi. Əgər hakimiyyət bu məsələ ilə bağlı referendumun keçirilməsi məsələsini cəmiyyətdə müzakirəyə çıxarırsa, aydın olmalıdır ki, onlar artıq yalnız ictimai rəy sorğularının nəticələrinə güvənmək istəmirlər və ya bacarmırlar", - o qeyd edib.
Əlavə edib ki, referendum istənilən qarşılıqlı məqbul şərtlər əsasında sülh prosesini irəli aparmaq üçün hakimiyyətə geniş manevr imkanları yaradır: "Aydındır ki, bu imzadan sonra Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması məsələsi çox sürətlə ortaya çıxacaq. Ola bilsin ki, referendum özlərinə uyğun formada təşkil etsələr və uğurla başa vursalar, hakimiyyət bir neçə il təhlükəsizlik yastığı əldə edəcək".
Mürtəza
Demokratikmusavat.com