Konqo Demokratik Respublikasının (Konqo DR) şərqindəki Cənubi Kivu əyalətinin inzibati mərkəzi olan Bukavu şəhərində BMT-nin sülhməramlı missiya mərkəzinin bağlanışı ilə əlaqədar təntənəli mərasim keçirilib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, bağlanış mərasimi BMT sülhməramlılarının Konqo DR-dən tam çıxarılması çərçivəsində həyata keçirilib.
“Bundan sonra sülhün təmin edilməsi və mülki əhalinin müdafiəsi tamamilə Konqo hakimiyyətinin əlindədir, onlar bu məsuliyyəti yerli icmalar və liderlərlə sıx koordinasiyada, eləcə də fəaliyyətini davam etdirən BMT agentlikləri, fondları və proqramlarının dəstəyi ilə öz üzərinə götürür”, - BMT Baş Katibinin Konqo DR-dəki xüsusi nümayəndəsi və BMT-nin Konqo DR-dəki Sabitləşdirmə Missiyasının (MONUSCO) rəhbəri Bintu Keyta bildirib.
Məlumata görə, bağlanış mərasimində Konqo DR-in Baş naziri Cudit Suminva Tuluka iştirak edib. Eyni zamanda, MONUSCO Konqo hökumətinə 10 milyon ABŞ dolları dəyərində maşın və digər avadanlıqlar, həmçinin yeni tikilmiş helikopter meydançası verib.
Xatırladaq ki, son 20 ildə Bukavu Cənubi Kivu əyalətində MONUSCO-nun qərargahı olub. Burada BMT sülhməramlılarının Konqonun DR-in bu hissəsində mülki insanları qorumaq üçün əməliyyatları planlaşdırılıb və idarə olunub.
BMT sülhməramlılarının Konqo DR-dən çıxarılması yanvar ayından başlayıb. MONUSCO-nun bütün kontingentləri 2024-cü ilin sonuna qədər ölkəni tərk etməlidir.