Həcc ziyarətində olan iki azərbaycanlı xəsarət alıb.
İyunun 14-də səhər Məkkədə hoteldə qalan iki zəvvar qadın liftin şaxtaya düşməsi nəticəsində yaralanıb.
Zəvvarların səhhəti barədə Oxu.Az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, xəsarət alanların sağlamlıq durumunda ciddi problem yoxdur:
"Zəvvarlar yüngül xəsarət alıblar, onlara ilkin tibbi yardım göstərilib və sağlamlıqları təhlükədə deyil".
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1 500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.