Açıq şəkildə deyə bilərik, etməyəcəyik – Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı 

 

Ukraynaya silah vermirik, bunu açıq şəkildə deyə bilərik.

Ölkə.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Wilson Center / Chapel Hilldəki Şimali Karolina Universitetinin professoru Klaus Larresin Ukrayna müharibəsi və Kiyevə dəstəklə bağlı sualını cavablandırarkən deyib.

"Xeyr, biz (yəni Putinlə-red) yalnız ikitərəfli məsələlərimizi və Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağını bilmirəm. Əgər kimsə bilirsə, yəqin ki, Nobel Sülh Mükafatına namizəd olmalıdır. Düşünmürəm ki, indi bunun necə başa çatacağını heç kim bilmir", - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı əlavə edib ki, bu nə vaxtsa bitəcək, çünki müharibələr gec-tez dayanır: "Ancaq dayansa belə, təkrar olunmayacağına zəmanət yoxdur. Azərbaycan nə edə bilər? Heç nə. Tamamilə praktiki baxımdan heç nə. Biz Ukraynaya 30 milyon avrodan artıq humanitar və maliyyə yardımı etdik. Böyük Azərbaycan diasporunun olduğu və bir çox sosial infrastrukturun Azərbaycan tərəfindən bərpa edildiyi İrpen şəhərində yenidənqurma işləri aparırıq. Daha heç bir şey. Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik, bunu açıq şəkildə deyə bilərik, etməyəcəyik. Humanitar yardım - bəli, silah – yox, bu, mənim cavabımdır. Etnik, dini baxımdan bir-birinə çox yaxın olan iki xalq üçün bu, böyük faciədir. Müharibədən qaçmaq şansı var idimi? Məncə, var idi. Əvvəlki illərdə Ukrayna liderlərinin Rusiya ilə normal münasibətlər qurmaq şansı var idimi? Tam əminəm ki, var idi. Bəli, mən indicə Rusiya-Azərbaycan münasibətlərindən danışırdım. Biz qonşuyuq. Biz güclü tərəfdaşlıq əlaqələri qurmuşuq. Biz bir-birimizin suverenliyinə hörmət edirik. Biz bir-birimizin işinə qarışmırıq. Rusiya ilə Ukrayna arasında belə ola bilməzdimi? Əlbəttə, mümkün idi. Ruslar Ukraynaya çox yaxın insanlardır. Niyə baş vermədi? Kimdir günahkar? Mənim fikrim var, amma bunu paylaşmayım. Amma məncə, 2000-ci ilin əvvəllərində şans əldən verildi. Ukraynanın güclü dövlət qurmaq şansı əldən verildi. Bu, mənim təcrübəmə və biliyimə əsaslanan şəxsi fikrimdir. Mən ilk prezidentdən başqa bütün Ukrayna prezidentlərini tanıyırdım və onlarla işləmişəm. Mən 2003-cü ildən bu kürsüdəyəm. Mən bir şey deyəndə bilirəm və təcrübəm olduğu üçün deyirəm, kimsə mənə nəsə deməyib. Mən Rusiya-Ukrayna münasibətlərində bir çox məqamların şahidi olmuşam: gərginlik, dostluq, düşmənçilik, lakin heç vaxt bu gün gördüyümüz səviyyəyə qədər çatmamışdı. Təəssüf ki, bu, faciəli vəziyyətdir və hər gün insanlar ölür. Dayandırılmalıdır. Kim dayandıra bilər? Mən bilmirəm. Yaddaşımdan bəzi epizodları açıqlaya bildiyim üçün maksimum dərəcədə açıq olmağa çalışdım".

Mürtəza
Ölkə.Az

0.27663683891296