"ERMƏNİSTANIN SOYQIRIM YALANI İFLASA UĞRADI" - "İrəvandakı bu müzakirələr Türkiyənin əlini gücləndirdi"

 

Ermənilərin 109 illik soyqırım yalanı bu il ilk dəfə öz aralarında kəskin mübahisələrə və fikir ayrılıqlarına səbəb olub. Ermənistan parlamentinin və müdafiə komitəsinin sədri Andranik Köçəryanın sözləri müzakirə predmetinə çevrilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyənin “Türkiyə Gazetesi”ndə yayımlanan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, Köçəryanın “1,5 milyon erməninin soyqırıma məruz qalması şübhəlidir” açıqlamasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan da budəfəki çıxışında “soyqırım” kəliməsini işlətməyib. Türkiyə nəşri yazır ki, Ermənistan rəsmilərinin ard-arda verdiyi açıqlamalar soyqırım iddialarının iflasa uğramasına səbəb olub.

Nəşr xatırladır ki, Köçəryan “Azadlıq” radiosuna verdiyi müsahibədə ermənilərin soyqırıma məruz qalmasını bir növ şübhə altına alıb.

“1915-ci ildə öldürülənlərin heç bir siyahısına malik deyilik. Bu siyahının hələ də əlimizdə olmaması normaldır? Niyə yəhudilər Holokost faciəsində qətlə yetirilənlərin adlarını bir-bir yığa bildilər, amma biz edə bilmədik? 1,5 milyon erməninin soyqırıma məruz qalması şübhə doğurur”,-deyə o qeyd edib.

Köçərayan əlavə edib ki, Sərdarabaddakı soyqırım muzeyinə etibar yoxdur.

 

Bu barədə Erciyes Universitetinin müəllimi Qafar Mehdiyev bildirib ki, bu bəyanatlar Ermənistan dövləti və diasporası tərəfindən səsləndirilən “erməni soyqırımı” iddialarının iflasa uğradığını göstərir:“Türkiyənin beynəlxalq istintaq komissiyasının yaradılması və dövrün bütün təcrübələrinin ekspertlər və rəsmi sənədlər işığında ortaya çıxarılması ilə bağlı israrlı tələbi illərdir ermənilər tərəfindən əngəllənib. Çünki bilirlər ki, bu prosesin sonunda həm özləri, həm də onları təhrik edən imperiyal güclər ifşa olunacaq. Hər kəs çox gözəl bilir ki, tarixdə belə bir soyqırım olmayıb. Əslində, ermənilərin Osmanlı sultanına qarşı sui-qəsdlər və müxtəlif şəhərlərdə yüzlərlə kütləvi qətllər törətmələri ilə bağlı sənədlərin olması danılmaz faktdır. Bu səbəbdən həm öz millətlərinin, həm də siyasi səbəblərə və türk düşmənçiliyinə söykənərək bu yalana qarışan ölkələrin əməyinin hədər getməsindən qorxurlar. Bu faktı bir çox erməni tarixçiləri etiraf ediblər. Arxivlər açılsa və bu məsələni araşdırmaq üçün beynəlxalq komissiya yaradılsa, soyqırımı törədənlər türklər olmayacaq”.

Ermənistandakı müzakirələrin Türkiyənin əlini gücləndirdiyini qeyd edən politoloq Elxan Şahinoğlu isə Türkiyə nəşrinə bunları deyib: “109 ildir saxta adlar və şəkillərlə davam edən soyqırım iddiası çökdü. İrəvanda ciddi müzakirələr gedir. Ona görə də qondarma anım mərasimləri sönük keçir. Bu yalan həm erməniləri aldadır, həm də bütün siyasi və diplomatik manevr sahələrini məhv edir. Digər tərəfdən, radikal türk düşmənləri “soyqırım istismarında iştirak edən 30 dövləti də, özümüzü də düşünməliyik” deyir. Keçmiş xüsusi təyinatlı səfir Edmon Marukyan bu narahatlığı açıq şəkildə dilə gətirib və bəyan edib ki, Ermənistanda “soyqırım” müzakirələri genişlənərsə, bu, “erməni soyqırımı”nı tanıyan dövlətləri çətin vəziyyətə salacaq”.

Azərbaycanlı jurnalist Oqtay Hacımusalı isə məsələyə bu cür münasibət bildirib: “İrəvan bir tərəfdən 109 illik yalanı müzakirə edir, digər tərəfdən Fransa başda olmaqla Qərb dövlətlərinin kəşfiyyatı soyqırım yalanına Ələvi-Kürd-Assuri və Yezidiləri daxil etməyə çalışır. Artıq aylardır ki, Avropa və ABŞ-da lobbiçilik fəaliyyəti aparılır, yalan sübutlar verməyə cəhdlər edilir. Halbuki Anadoluda erməni qırğınlarında ən çox qurban verənlər kürdlər olub. Həmidiyyə Alayları xalqı ermənilərə qarşı müdafiə etdi. Eyni şey ələvilərə və yezidilərə də aiddir. İmperator dövlətlər aylardır bu dairələri ermənilərin tərəfinə çəkib, onların “biz də soyqırımın qurbanıyıq” deməsinə çalışırlar.

Bütün reallıq göz qabağında olduğu halda, “100 il də türkləri bu cəfəngiyyatlarla məşğul edəcəyik” deyə düşünürlər. Türkiyə vətəndaşları olan Ələvi, Yezidi və Süryanilər uzun müddətdir ki, bu xidmətlərin məngənəsindədirlər. Onlara, hətta yaşadıqları ölkələrdə Türkiyə rəsmiləri ilə görüşmək qadağan edilib. Bunun müqabilində vəzifə, pul, vətəndaşlıq kimi rüşvət verərək yalan ifadələr vermələri istənilir”.
0.56200194358826