“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda səliqə-sahman yaratması ilə bağlıdır”.
Demokratikmusavat.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov verilən qərarı şərh edərkən bildirib.
O əlavə edib ki, sülhməramlıların bölgədən çıxarılması qərarı Rusiya və Azərbaycan hakimiyyətləri arasında mövcud olan etimadın göstəricisidir:
“Sülhməramlılar öz öhdəliklərini yetərincə icra ediblər. Bu müddət ərzində sülhməramlı kontingentimiz təhlükəsizliyi təmin edib, ərazilərin minalardan təmizlənməsində köməklik göstərməklə özünü doğruldub. Bundan sonra bizim orada qalmağımızın heç bir mənası yoxdur. Ona görə də belə bir qərar qəbul edilib. Ermənistan tərəfinin sülhməramlılar haqqında dedikləri isə həqiqəti əks etdirmir. Bütün uğursuzluqlarında kimlərisə günahlandıran İrəvanın ümid bəslədiyi Fransadan yardım alacağı da şübhə altındadır. Ona görə ki, son baş verənlər heç də Emmanuel Makronun ürəyincə olmadı. Rusiya hərbçilərinin Qarabağdan çıxması Ermənistan, Fransa və onlara yaxın olan digər ölkələrin bütün planlarını alt-üst etdi. Çünki son zamanlar ermənilərin və fransızların ritorikası ondan ibarət idi ki, Rusiya sülhməramlılarını Fransa və ya NATO hərbçiləri ilə əvəz etmək lazımdır. İndi isə Rusiya tamamilə Qarabağdan çıxır, Azərbaycan öz ərazilərində tam nəzarəti üzərinə götürür. Ermənistan hakimiyyəti və onun havadarları isə bundan razı deyil. Hər bir halda rəsmi Bakı sülhməramlıların fəaliyyətindən razı idi”.
Yevgeni Mixaylov onu da vurğulayıb ki, Rusiya hər bir halda regiondakı mövcudluğunu qoruyur. Gümrüdə Moskvanın hərbi bazası var və əgər hər hansı qarşıdurma yaşanarsa, təhlükəsizliyin təmin edilməsi üçün konkret addımlar atmaq mümkün olacaq.
Ətraflı Baku TV-nin süjetində: