Bakıda Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri (XİN) arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Azərbaycan XİN-dən "Ölkə.az"a bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Qazaxıstan nümayəndə heyətinə isə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Akatayev Bauırjan rəhbərlik edib.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın və Dövlət Miqrasiya Xidmətinin, Qazaxıstan tərəfindən isə Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya Komitəsinin və Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsi rəsmiləri iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Qazaxıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə müzakirələr aparılıb.
Məsləhətləşmələr çərçivəsində tərəflər həmçinin Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsini vurğulayıblar.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.