Brüssel “sxodkası”nda ŞOK detal – İrəvan Qərblə təhlükəli “bal ayı”nda

 

Gözlənilən idi. Brüsseldəki 5 aprel üçtərəfli (ABŞ-Ermənistan-AB) görüşündən sonra Ermənistan rəhbərliyinin ritorikası sərtləşib. İrəvan Bakı ilə sülh anlaşmasını daha əlçatmaz edəcək olduqca təhlükəli və tam destruktiv bir mövqeyə yuvarlanmadadır.

Erməni rəsmilərinin post-Brüssel açıqlamaları buna şəkk-şübhə saxlamır. Aydın olur ki, həmin üçlü görüşdə bəyan olunduğu kimi, söhbət yalnızca “Ermənistana iqtisadi dəstək”dən getməyib. Pərdəarxasında faktiki ABŞ və AB (Avropa Birliyi) tərəfindən İrəvana onu revanşişt xülyalara kökləyəcək nələrsə vəd olunub. “Qorxma, səninləyik” ürək-dirəyi verilib.

Baş nazir Nikol Paşinyan daxil, Ermənistan rəsmilərinin son təxribatçı açıqlamaları, Qazaxın 4 kəndi məsələsində İrəvanın faktiki barışmaz mövqeyə qayıdaraq Bakıya qarşı hətta şərt irəli sürməsi, ardınca parlamentin spikeri Alen Simonyanın “ümumiyyətlə sülh sənədi imzalanmaya bilər” bəyanatı, nəhayət, bütün bunların fonunda dünən Zəngilan tərəfdə bir sərhədçimizin yaralanması həm də Qərbin “vicdanına” yazılmalı, İrəvana verilən vədə bağlanmalıdır...

Bu nə vəddir, artıq yavaş-yavaş “konturları” görünür. Hərgah, Brüssel danışıqlarından sonra ABŞ Dövlət Departamenti bəyan edib ki, guya Vaşinqton Bakı və İrəvanın tezliklə sülh müqaviləsi imzalamasında maraqlıdır.

Elədirsə, onda nədən “qərbçi” Nikola bu yöndə təsir-təzyiq göstərmək, Bakının sırf beynəlxalq hüquqdan qaynaqlanan 5 məlum baza prinsipi əsasında sülh müqaviləsini tezləşdirmək əvəzinə, Qərb Ermənistanı revanşist planlar qurmağa həvəsləndirir?

Birləşmiş Ştatlar başda olmaqla, Qərbin bölgədə daimi və ədalətli sülhdə maraqlı olduğuna o vaxt inanırıq ki, Vaşinqton və Brüssel Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə bağlı İrəvanı düz yola yönəltsin, Zəngəzur dəhlizinin açılmasını əngəlləməsin. Qısası, sözdən işə keçilsin...

Söz düşmüşkən, yenə məhz Brüssel “sxodka”sından sonra ABŞ-ın Ermənistana hərbi məsləhətçi və hərbi texnika göndərməyə hazırlaşdığı bəlli olub. Bu mövzuda Azadlıq” radiosunun erməni xidmətinə danışan səfir Kristina Quinn hazırda tərəflər arasında hərbi sahə üzrə aktiv müzakirələr aparıldığını etiraf edib. “Biz İrəvana hərbi müşavir də göndərəcəyik. O, Ermənistan Müdafiə Nazirliyində əyləşəcək və hərbi potensialın artırılmasına kömək edəcək”, - Quinn vurğulayıb.

Səfir eyni zamanda, kapitulyant ölkəyə hərbi texnikanın çatdırılmasının müzakirə predmeti olduğunu söyləyib: “Ermənistanın hərbi sahədə nəyə ehtiyacı ola biləcəyi ilə bağlı davamlı müzakirələr aparırıq. Artıq bir neçə məsələdə razılığa gəlmişik”.

Diplomat ölkəsinin Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasına qoşula biləcəyini də istisna etməyib...

Bundan əlavə, məlum olub ki, hərbi məsələlərdə de-fakto ABŞ-ın buyruqları ilə oturub-duran Hindistan da ilk dəfə olaraq, Ermənistana hərbi attaşe göndərmək qərarına gəlib. Xeyir ola? Nə həşirdir görəsən?

Və sonda. 13 gün sonra ermənilərin növbəti ağlaşma günü – saxta soyqırımı iddiasının 109-cu ildönümü olacaq. Biz də yaxşı-yaxşı hazırlaşaq. Hər mənada. Budəfəki ağlaşmanın fəsadları bir qədər fərqli ola bilər. Çünki “qədim millət”in Qərblə “bal ayı” artıq başlayıb. Ehtiyatı əldən verməyək...

 

0.97596788406372