45-50 min ailə yeni dəyişiklikdən yararlanacaq, ədalətli deyil - Deputat

 

“Əmək pensiyasına edilən dəyişiklik normaldır. 5 uşaq və daha çox uşaq böyüdən valideyn 5 il daha tez pensiya hüququ əldə edəcək. 2019-cu il siyahıya alınmasına əsasə, Azərbaycanda 6 və daha çox uşağı olan 16 169 ailə mövcuddur. Hazırda 110 min ailədə 4 və daha çox uşaq var. Amma, 5 uşaqlı ailələrin sayını təəssüf ki, müəyyən edə bilmədim. Müəyyən etdim ki, hazırda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2600-dür. Bu çox kiçik rəqəmdir, bizə müraciət edən və kömək istəyən anaların say fonunda hətta gülünc rəqəmdir”.

Demokratikmusavat.com xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə “Əmək pensiyasıyaları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, sonuncu siyahıya almada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var. “Dəqiq məlumdur ki, 6 və daha çox uşağı olan 16 169 ailə bu dəyişiklikdən yararlanacaq. 5 uşaqlı ailələr isə təxmini 30 min ailə. Aşağı-yuxarı 45-50 min arası ailə yararlanacaq”, - o qeyd edib.

O əlavə edib ki, 1 milyon 347 min uşaqlı ailənin cəmi 45 mininin əhatə olunması ədalətli deyil: “Təklif edirəm ki, bu məsələ elə tənzimlənsin, heç olmasa 347 min uşaqlı ailə bu dəyişiklikdən yararlana bilsin. Yenə də bir milyon ailəni kənara qoymuş oluruq. 

Təklif budur ki, pensiya yaşı həm kişilər, həm də qadınlar üçün azaldılsın. Kişilər üçün 62, qadınlar üçün 60 yaş həddində müəyyənləşdirilsin. Təklifimizin səbəbi isə vətəndaşlarımıza tələb olunan səviyyədə tibbi və sosial təminat verə bilməməyimiz, son zamanlar isə vətəndaşların pensiya yaşına çatmadan vəfat etməsi hallarının çoxalmasıdır.

Digər məsələ isə pensiya yaşına çatmağa bir neçə ay, bir neçə il qalmış şəxslər vəfat edəndə onlara dəfn pulunun verlməməsidir. Bu məsələni bir dəfə burada qaldırmışdım və o zaman deyildi ki, məsələ həllini tapacaq. Təklif edirəm ki, pensiya yaşına çatmağa 5 il qalmış dünyasını dəyişən şəxslərə də dəfn pulu verilsin. Bununla bağlı daha çox müraciətlər daxil olur. Çünki son illər vətəndaşlar pensiya yaşına çatmadan dünyalarını dəyişirlər”.

Mürtəza
Ölkə.Az

 

0.26173496246338