Azərbaycanda yeni idarəçilik modeli: İcra hakimiyyətlərinin ləğvi reallaşır 

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Emin Hüseynov Azərbaycan Respublikasının Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi təyin edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin olunub.

Yenisabah.az xatırladır ki, Prezidentin Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəliyi də fəaliyyət göstərir. Dövlət başçısı nümayəndəliyə rəhbərliyi Vahid Hacıyevə həvalə edib. 

Qeyd edək ki, xüsusi nümayəndəlik institutu ilk dəfə 44 günlük müharibə nəticəsində işğaldan azad olunmuş rayonlarda tətbiq edilib. Antiterror əməliyyatları nəticəsində Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam olaraq bərpa etməsindən sonra yeni idarəçilik modelinin tətbiq olunduğu coğrafi ərazi bir qədər də genişləndi. Hazırda vaxtilə Ermənistanın işğalında olmuş coğrafiyada fərqli idarəçilik modeli mövcuddur. Bu coğrafiyanın ölkə ərazisinin təxminən 18-20 faizini əhatə etdiyini nəzərə alanda ortaya maraqlı fakt çıxır. Demək olar ki, hazırda Azərbaycan ərazinin təxminən beşdə birində ənənəvi İcra hakimiyyətləri modeli işlək deyil. İndi həmin ərazilərdə İcra Hakimiyyətləri əsasən, kargüzarlıq işini həyata keçirməklə məşğuldur. Hətta bəzi siyasi analitiklər irəli gedərək, həmin rayonların icra hakimiyyətlərinin faktiki olaraq “JEK” funksiyasını yerinə yetirdiyini iddia edirlər.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, yeni idarəçilik modelinin ölkənin bütün ərazisində tətbiq edilməsinə çox az vaxt qalıb. Son qərarlar ənənəvi icra hakimiyyəti institutunun ömrünü başa vurmaq ərəfəsində olduğunu göstərir.

Məlumatlara görə, 2024-cü ilin sonuna kimi ölkədə icra hakimiyyətləri tamamilə ləğv edilərək, coğrafi ərazilərə uyğun olaraq xüsusi nümayəndəlik institutu yaradılacaq.

Qarabağda tətbiq edilən modelə uyğun olaraq yeni yaradılacaq xüsusi nümayəndəliklərin hər birində 3 rayonun birləşdirilməsi nəzərdə tutulub.

0.32427096366882