Deputat: Bələdiyyə seçkilərindən əvvəl bu sahədə ciddi islahatlara ehtiyac var

 

Bələdiyyə seçkilərindən əvvəl bu sahədə ciddi islahatlara ehtiyac var.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aqil Məmmədov deyib.

Deputat bildirib ki, bu il bələdiyyə institutunun yaradılmasından 25 il ötür: “Bütün ərazilərimizdə suverenliyimiz bərpa olunduğu dövrdə bu ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Buna görə də digər sahələrdə olduğu kimi bu sahədə də seçkidən əvvəl islahatlara ciddi ehtiyac var. Bələdiyyələrin birləşdirilməsi barədə təkliflər illərdir səsləndirilir. Bir sıra amillər bələdiyyələrin birləşdirilməsini şərtləndirir. Belə ki, hazırda fəaliyyət göstərən 1606 bələdiyyədən çoxu-xüsusilə kiçik bələdiyyələr özü-özlərini maliyyələşdirə bilmirlər. Digər tərəfdən həmin bələdiyyələrin gəlirlərinin əhəmiyyətli hissəsi dövlət büdcəsindən ayrılan dotasiyadan ibarətdir. Bu il də ötən ilə nisbətən dövlət büdcəsindən ayrılan dotasiya 8 milyon manata çatdırılsa da, yenə bu problem olduğu kimi qalmaqdadır.”.

Aqil Məmmədov diqqətə çatdırıb ki, bir çox bələdiyyələrin maliyyə-iqtisadi potensialının zəifliyi və fəaliyyətlərinin davam etdirilməsinin mümkünsüzlüyü ölkəmizdə növbəti dəfə bələdiyyələrin birləşdirilməsini şərtləndirir:

“Buna görə də qanunvericilikdə bir sıra dəyişikliklərin olması gözləniləndir. Bunlardan biri maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələr əsasən kiçik kənd bələdiyyələri olduğu üçün onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin birləşdirilməsidir. Bununla xırda bələdiyyələr ləğv ediləcək və bələdiyyələrin sayında biz ciddi azalmanın şahidi olacağıq. Bu beynəlxalq təcrübəyə əsaslanan dəyişiklik olacaq. Çünki hazırda maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələrin əhali sayının aşağı həddi əsas götürülərək birləşdirilməsi təcrübəsi Türkiyə, İtaliya, Fransa, Kanada, Estoniya, Gürcüstan və bir sıra digər ölkələrdə mövcuddur. Beynəlxalq təcrübədə əhali sayının aşağı həddi əsasən 2000-5000 aralığında müəyyən olunur. Qardaş ölkə-Türkiyə Respublikasında 2009-cu ildən etibarən bir neçə mərhələdə birləşdirilməklə, bələdiyyələrin sayı 2950 vahiddən 1391 vahidə endirilib”.

Aqil Məmmədov bu dəyişikliklərdən sonra gözlənilən nəticə barədə proqnozlarını da səsləndirib:

“Düşünürəm ki, bələdiyyələrin maliyyə-iqtisadi potensialının artması nəticəsində əhaliyə göstərilən xidmətlərin səviyyəsi yüksələcək. Eyni zamanda yerli əhəmiyyətli məsələlərin həlli – bələdiyyə ərazisinin abadlaşdırılması, bələdiyyə yollarının tikilməsi və saxlanılması, su təchizatı və kanalizasiya təsərrüfatının yaxşılaşdırılması, məişət tullantılarının idarə edilməsi, qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, eləcə də yerli infrastrukturun digər sahələrinin inkişafı sürətlənəcək. Xüsusilə bələdiyyə sahibkarlığının inkişafına diqqət artırılmalıdır. Bələdiyyə sahibkarlığının inkişafı həm də işsizliyin aradan qaldırılmasına səbəb olacaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Bununla bələdiyyələr həm də özləri üçün əlavə maliyyə mənbələri də yaratmış olacaq. Çünki bələdiyyələrin iqtisadi güclənməsi üçün əlavə maliyyə mənbələri də yaradılmalıdır. Bununla qanunvericiliklə bələdiyyələrin vəzifələrinə aid edilən yerli əhəmiyyətli sosial-iqtisadi, ekoloji proqramların qəbulu və icrası nəticəsində əhali arasında bələdiyyələrin nüfuzu artacaq. Beləliklə iqtisadi resurslardan daha səmərəli istifadə edilməsi nəticəsində yerli özünüidarəetmədə qeyri-effektiv xərclər aradan qalxacaq, bələdiyyələrin fəaliyyətinə nəzarət təkmilləşəcək”.

 

0.28146195411682