Paşinyan Putinin həbsini gündəmə gətirdi: İrəvan Rusiya ilə müttəfiqlik sazişini qüvvədən salır

 

Baş nazir Nikol Paşinyan Qərbdən çəkindiyi üçün Rusiya prezidenti Vladimir Putinin Ermənistanda həbs edilməyəcəyini dilə gətirə bilmir... Erməni baş nazir Rusiyadan qorxduğu üçün isə BCM-nin Kreml sahibi barədə çıxartdığı qərarın icra olunacağına hətta dolayısı eyhama belə, cəsarəti çatmır...
Ermənistan ABŞ və Qərbin səhnəarxası təzyiqləri altındadır. Üstəlik, bu təzyiqlər artan xətt üzrə inkişaf edir. Rəsmi İrəvan demək olar ki, ABŞ və Qərbin təzyiqləri altında əzilməkdədir. Paşinyan hakimiyyətinin mövcud duruma dəyişiklik etmək, Ermənistanı daha müstəqil xarici siyasət yürüdən dövlətə çevirmək şansı isə ümumiyyətlə, yoxdur. Və bu baxımdan rəsmi İrəvan istər-istəməz Qərbdən gələn bütün təlumatları icra etmək məcburiyyətindədir.

Məsələ ondadır ki, ABŞ və Qərb rəsmi İrəvandan Ermənistana verilən beynəlxalq siyasi dəstəyin qarşılığını tələb edir. Əslində, bu, qətiyyən təəccüblü deyil. Çünki ABŞ və Qərbin dostları yoxdur, strateji maraqları var. Həmin maraqlara alət ola biləcək istənilən dövləti “dəstəkləyir”. Verilən “dəstəyin” qarşılığını isə mütləq tələb edilən məzmun və keyfiyyətdə ödəmək lazımdır. Əks halda, ABŞ və Qərb öz “geopolitik alət”ini də cəzalandıra bilər.

İndi nə qədər qəribə də olas, Ermənistan məhz analoji situasiya ilə üzləşib. Rəsmi İrəvanın xarici siyasəti ABŞ və Qərb tərəfindən müəyyən edilir. Ona gprə də, Ermənistan ABŞ və Qərbin verdiyi “dəstəyin” girovuna çevrilib. Paşinyan hakimiyyəti istəsə belə, Ermənistanın maraqları çərçivəsində müstəqil siyasi qərarlar qəbul etmək hüququna sahib deyil. Və bu, Ermənistan adlı dövlətin formal xarakter daşıdığını göstərir.

ABŞ və Qərbin Ermənistandan tələbləri və təlimatları isə prinsipial və konkretdir. Həmin təlimatlara görə, rəsmi İrəvan Ermənistanın Rusiyanın patronajlığı altında olan bütün qurumlardan – KTMT, Avrasiya İqtisadi İttifaqı və MDB-dən çıxmasını təmin etməlidir. Eyni zamanda, rəsmi İrəvan Rusiya ilə hərbi müttəfiqliyi də mütləq pozmalıdır. Və bu təlimatların icrası Ermənistan üçün ciddi geopolitik kataklizmlər vəd edir.

Məsələ ondadır ki, ABŞ və Qərbin istədiklərini yerinə yetirərsə, Ermənistan Rusiyanı formal müttəfiqdən rəsmən real düşmənə çevirmiş olacaq. Qərb istehsalı olan hərbi texnikaya əli çatmayan Ermənistan Rusiyadan da silah-sursat ala bilməyəcək. Rəsmi İrəvan Rusiya enerji resurslarına çıxışı da itirə və yaxud da ən azından, onların Ermənistana idxalında dünya bazarlarındakı yüksək qiymətlərin tətbiqi ilə də üzləşə bilər. Avrasiya İqtisadi İttifaqının tərk edilməsi isə Ermənistanı üzv dövlətlər üçün nəzərdə tutulan önəmli güzəştlərdən məhrum edəcək. KTMT və Rusiya hərbi müttəfiqliyin pozulması Kremlin Ermənistanla bağlı radiukal addımlar atmasına səbəb olacaq.

Göründüyü kimi, ABŞ və Qərb rəsmi İrəvandan əslində, Ermənistanın öhdəsindən gələ bilməyəcəyi bir ağır yükün altına girməyi tələb edir. Ermənistanın bu siyasi yükün bumeranq effektinə tab gətirmək üçün heç bir potensialı yoxdur. Hətta Paşinyan hakimiyyəti Qərbdən gələn təlimatları eynilə icra edərsə, bu, Ermənistan tədricən intihar edən dövlətə çevrilmiş olacaq. Və bütün bunlar Cənubi Qafqazdan kənar beynəlxalq siyasi iradə mərkəzlərinin maraqlarına girov düşməyin real təhlükə ehtimallarıdır.

Ancaq bütün bunlara baxmayaraq, baş nazir Nikol Paşinyan “Daily Telegraph” nəşrinə açıqlamasında deyib ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalıb-qalmamaq barədə düşünür. Yəni, erməni baş nazir Ermənistanın KTMT-nı tərk etmək ehtimalının aktual olduğuna eyham vurur. Çünki əgər, rəsmi İrəvan artıq bu barədə düşünürsə, deməli, Ermənistanın KTMT-dan çıxması ilə bağlı məsələ gündəmdədir. Və bu, Kremli birmənalı şəkildə qıcıqlandıra biləcək ehtimaldır.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan Kremlin qəzərbini bir qədər yumşaltmaq ehtiyacını da nəzərə almalı olub. Belə ki, o, Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyi pozmağa hazırlaşmır. Ancaq rəsmi İrəvan Ermənistanın hərbi təhlükəsizlik maraqlarını təmin etmək üçün digər uyğun ölkələrlə də əməkdaşlıq etmək niyyətindədir. Və bu da dolayısı ilə Ermənistanın Rusiya hərbi müttəfiqliyi pozmasa belə, onu ikinci plana keçirtmək üçün alternativlərin axtarıldığının etirafıdır.  

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Qərbə xoş görünmək üçün Rusiya-Ermənistan müttəfiqliyinin işlək olmadığını da qabartmağa çalışıb. Yəni, erməni baş nazir açıq mətnlə bildirib ki, Ermənistan Ukrayna savaşı ətrafında yaranmış vəziyyətə münasibətdə Rusiyanın müttəfiqi deyil. Halbuki, bu, tamamilə absurd yanaşmadır. Çünki hərbi müttəfiqlik konkret sazişlə müəyyən olunan məsələdir. Oradasa, hər hansı məsələ ilə bağlı Rusiya-Ermənistan müttəfiqliyinin keçərli olmadığı barədə xüsusi qeydlər mövcud deyil. Və bu baxımdan, Ermənistanın dolayısı ilə Rusiya-Ermənistan hərbi müttəfiqliyi barədə sazişi qüvvədən salmaqda olduğunu da düşünmək mümkündür.

Nəhayət, baş nazir Nikol Paşinyanın açıqlamasında daha bir erməni siyasi məntiqsizliyi də mövcuddur. Belə ki, erməni baş nazir Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasının Rusiya ilə münasibətlərə təsirini olduqca dolaşıq şəkildə izah edib. O, Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər edəcəyi təqdirdə, həbs olunub-olunmayacağı barədə mövzudan israrla yayınmağa çalışıb: “Ermənistanda belə qərarları mən qəbul etmirəm”.

Təbii ki, bu, bir erməni hiyləgərliyidir. Ancaq bu hiyləgərliklə heç kimi aldatmaq mümkün deyil. Çünki prezident Vladimir Putin Ermənistana səfər edərsə, o, nəhəng bir ölkənin rəsmi təmsilçisi statusu daşılacaq. Belə bir qonağın həbsinə Ermənistanın hüquq-mühafizə orqanları rəsmi İrəvanın siyasi qərarı olmadan cəsarət edə bilməz. Deməli, istənilən halda, Kreml sahibinin həbsi ilə bağlı qərarın məhz baş nazir Nikol Paşinyan tərəfindən verilməsi qaçılmaz olacaq.

Ancaq belə anlaşılır ki, erməni baş nazir Qərbdən çəkindiyi üçün prezident Vladimir Putinin Ermənistanda həbs edilməyəcəyini dilə gətirə bilmir. Rusiyadan qorxduğu üçün də BCM-nin Kreml sahibi barədə çıxartdığı qərarın icra ediləcəyini söyləmir. Çünki hər kəsə aydındır ki, bütün Ermənistan bir yerə yığışsa belə, nəinki prezident Vladimir Putini, Rusiyanın heç ən aşağı səviyyəli məmurunu da həbs edə bilməz. Əksinə, Rusiya Paşinyan hakimiyyəti qarışıq bütövlükdə Ermənistanı həbs edər. Və erməni baş nazirin dolayısı cavabının belə, Kremli Ermənistana münasibətdə radikallaşdıra biləcəyi qətiyyən istisna deyil. (Yeni Müsavat)

 

 

0.22302103042603