Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edən regiondur və burada sülh və sabitliyin olması Moskvanın maraqlarına cavab verir.
"Ölkə.az" xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik” radiosuna müsahibəsində deyib.
O qeyd edib ki, Moskvaya dost olmayan xarici qüvvələr Cənubi Qafqazda Rusiyanın maraqlarına qarşı işləyirlər:
“Məncə, onlar Cənubi Qafqazda baş verən dramatik hadisələri Rusiyaya qarşı işləmək üçün fürsət və imkan hesab edirlər. Təəssüf ki, təsiri də var və bu, nəzərə almalı olduğumuz narahatedici amildir. Amma ümid edirəm ki, bizi birləşdirən münasibətlərimiz fikir ayrılıqlarından, Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə və roluna xələl gətirmək cəhdlərindən daha güclü olacaq.
Rusiya Cənubi Qafqazda mühüm rol oynayıb, oynayır və oynamaqda davam edəcək, çünki onun sülh, sabitlik və inkişaf regionu olması bizim maraqlarımıza uyğundur”.
Diplomatın fikrincə, burada çaşqınlıq yaratmaq, regiondan kiminsə konyuktur geosiyasi məqsədləri üçün istifadə etmək cəhdinin qarşısı Rusiya tərəfindən qətiyyətlə alınacaq.(Axar.az)