İşğaldan azad olunan Laçın şəhərində 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb və burada 1 464 seçici qeydiyyata alınıb.
Bunu “Report”un Laçına ezam olunan əməkdaşına açıqlamasında məntəqənin sədri Şəbnəm Uğurlu deyib.
Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq seçki prosesinə çox həvəslə hazırlaşırlar: “Bunun da əsas səbəbi doğulduğumuz, lakin işğal səbəbindən böyüyə bilmədiyimiz ata yurdumuzda 32 ildən sonra ilk dəfə səsvermə hüququmuzdan istifadə etməyimizlə bağlıdır”.
Ş.Uğurlu bildirib ki, Mərkəzi Seçki Komissiyası məntəqəni bütün lazımi avadanlıqlarla təmin edib: “Prezident seçkiləri günü məntəqədə 1 464 nəfər seçicinin öz səsvermə hüququndan istifadə etməsi üçün bütün şərait yaradılıb. Onların tərkibində həm Laçın şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan vətəndaşlar var”.
Məntəqə sədri söyləyib ki, məntəqə ləvazimatlarla tam təchiz olunub və seçki gününü səbrsizliklə gözləyirlər: “Məntəqə üzrə ən yaşlı seçicimizin 96 yaşı var və bu yaşda olanlar iki nəfərdir. Fevralın 7-də səyyar seçki qutusu ilə onların evlərinə gedərək səsvermə hüquqlarını təmin edəcəyik”.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkiləri təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.