Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində 7 fevral növbədənkənar Prezident seçkiləri ilə əlaqədar yaradılmış “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun təşkilatçılığı ilə Avstriyada yaşayan soydaşlarımızın toplantısı keçirilib.
"Ölkə.az" xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq əməkdaşı, dünya şöhrətli azərbaycanlı alim, “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun Avstriya üzrə nümayəndəsi Bəxtiyar Siracov açaraq, bu il müstəqillik əldə olunandan bəri ilk dəfə işğaldan azad olunmuş ərazilərdə də seçki məntəqələrinin fəaliyyət göstərəcəyini bildirib və səsvermə hüququ olan Azərbaycan vətəndaşlarını prezident seçkilərində fəal iştiraka dəvət edib. O qeyd edib ki, vətənimiz hazırda öz tarixinin ən önəmli dövrlərindən birini yaşayır, dövlətimiz Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və Azərbaycan xalqının əzmi ilə öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Buna görə xalqımız və ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız öz dövləti ilə qürur duyur.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycan xalqının bu gün öz dövlət müstəqilliyini və suverenliyini tam bərqərar edərək, uğurlu gələcəyə doğru inamla irəlilədiyini ifadə edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında xarici ölkələrdəki Azərbaycan diasporu ilə görüşlərin mütəmadi xarakter daşıdığını, beynəlxalq konfrans çərçivəsində Vyanaya səfəri zamanı həmkarları ilə bu görüşə qatılmaqdan məmnunluğunu bildirib. Azərbaycan dövlətinin daim xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərdiyini, problemlərinin həllinə çalışdığını diqqətə çatdırılıb. Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin proqram xarakterli çıxışının və tövsiyələrinin diaspor quruculuğu fəaliyyətində yeni mərhələ açdığı, hazırda Komitə tərəfindən dünyanın 16 ölkəsində 27 Azərbaycan Evinin yaradıldığı və Azərbaycan dili həftəsonu məktəblərinin açıldığı, diaspor təşkilatlarının nəzdindəki kurslarla birlikdə bu məktəblərin sayının yüzə yaxın olduğu vurğulanıb.
Sonra “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun üzvləri “Culture Meeting Point” təşkilatının musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, müsiqişünas Fərəh Tahirova, Avstriyanın Anton Brukner adına Konservatoriyasının IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli, Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş, eləcə də Vyanada yaşayan tanınmış pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadə çıxış edərək, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda baş verən prosesləri diqqətlə izlədiklərini bildiriblər. Ölkə daxilində siyasi stabitliyin hökm sürdüyünü, iqtisadiyyatımızın dayanıqlı şəkildə inkişaf etdiyini, vətənimizin dünya dövlətləri arasında layıqlı yerini tutduğunu vurğulayan diaspor fəalları bildiriblər ki, bütün bunlara görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərdiyi fədakarlığa borcluyuq:
“Onun yürütdüyü müstəqil siyasət, daim nümayiş etdirdiyi əzm, dövlətimizə qarşı edilən haqsız təzyiqlərə qarşı göstərdiyi sərt duruş Prezidentimizə bütün dünya azərbaycanlılarının etimadını, məhəbbətini, güvənini qazandırıb”.
Təşəbbüs qrupunun üzvləri soydaşlarımızı qarşıdan gələn növbədənkənar Prezident seçkilərində fəal iştirak etməyə, dövlətimizin yanında olduqlarını, onun gələcəyinə biganə qalmadıqlarını ifadə etməyə, daim dəstək verdiklərini nümayiş etdirməyə dəvət edib.
Tədbirin bədii hissəsində Avstriyada yaşayan musiqiçilər Abuzər Manafzadə (fortepiano) və Ruhulla Əzizin (kamança) ifasında klassik əsərlərdən ibarət proqram təqdim edilib.