Fərid bayramda zəng etmişdi. Yeni ilimi təbrik etdi. Dedim ki, mənim bayramım sən gələndə olacaq. Xahiş etdi ki, bacısının xətri üçün bayramı keçirdim.
Bu sözləri Axar.az-a İranda həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.
D. Əsgərova bildirib ki, Fərid onunla türmədə görüşmək istəmir:
“İrana gedib, oğlumla görüşmək üçün SEPAH-dan icazə almaq lazımdır. Oğlum bunu istəmir. Vəziyyətinin yaxşı olduğunu deyir”.
Onun sözlərinə görə, oğlu istədiyi kitabla təmin edilmir:
“Yalnız fars dilində kitablar oxumaga icazə verirlər. Onları da yaxsı başa düşmür. İngilis, alman dilində kitablara isə qadağa qoyublar”.
Qeyd edək ki, F.Səfərli ötən il fevralın 20-də Yena Universitetində təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Sonradan bəlli olub ki, Fərid “casusluq” iddiası ilə saxlanılıb.
İran məhkəməsi daha sonra “casusluq” ittihamını “casusluğa cəhd” ilə əvəzləyib və ona 2 il həbs cəzası verilib.